Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1075/2025 14.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.2000-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Xaçmaz rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-180/2025 saylı qərardadına əsasən cavabdehlər X2, X3 və Şəxs iddiaçı Zərərçəkmiş şəxs olan 20000 manat borcu fors-major hallar istisna olmaqla, şərtlərlə bağlı müəyyən məhdudiyyətlərin tətbiq edilə biləcəyi və sazişi imzalayanların səhhəti ilə bağlı (ailə üzvlərinin) ildə maksimum 2 dəfə gecikməyə yol verilə biləcəyi şərtləri ilə 30 aprel 2025-ci il tarixədək hər ay 300 manatdan ödəyəcəkləri barədə aralarında bağladıqları 07 yanvar 2025-ci il tarixli barışıq sazişi təsdiq edilmişdir. Məhkəmə qərardadı icraya yönəldilmişdir. Lakin borclu Şəxs icra sənədində göstərilən tələbi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzürsüz səbəbdən icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 göstərdi ki, Xaçmaz rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2(067)-180/2025 saylı icra sənədinə əsasən borclular X2, X3 və Şəxs 20000 manat borc məbləğinin barışıq sazişinin təsdiq edilməsi barədə Xaçmaz rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-180/2025 saylı qərardadında göstərilən şərtlər daxilində və müddətdə alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi təmin edilməlidir. Qeyd olunan icra sənədi 29 may 2025-ci il tarixdə Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və qanunamüvafiq qaydada borclulara tələbin könüllü icrası barədə bildirişlər təqdim edilmişdir. Məhkəmə qərardadı üzrə verilmiş icra sənədinin icrası ilə bağlı borclu Şəxs icra şöbəsinə dəvət edilərək ona qanunun tələbləri dəfələrlə izah edilməsinə baxmayaraq keçən müddət ərzində ödəniş etməməklə icra sənədi üzrə tələbi üzürsüz səbəbdən icra etmədiyindən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi xətanı etiraf etməklə göstərdi ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən ondan və digər 2 nəfər borcludan 20000 manat pulun alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. Lakin maddi imkansızlığından məhkəmə qərarı ilə müəyyən olunmuş məbləği tələbkara ödəyə bilməmişdir. Borcun hər ay 300 manat hesabı ilə ödənilməsi ilə bağlı tələbkar tərəflə bu ilin aprel ayında razılıq əldə etsələr də maddi çətinlikləri ilə bağlı ödəniş edə bilməmişlər. Hal-hazırda tələbkara borcdan 400 manat ödəməyə imkanı çatır, qalan aylıq ödəyəcəyi pulu da 5-10 günə 400- 500 manat hesabı ilə ödəyəcəyinə söz verir. Məhkəmə iclasında izahat verən Zərərçəkmiş şəxs göstərdi ki, Xaçmaz rayon məhkəməsinin 07 yanvar 2025-ci il tarixli qərardadına əsasən borclular X2, X3 və Şəxs 20000 manat pulun alınaraq ona verilməsi qərara alınmışdır. Lakin borclular keçən müddət ərzində mütəmadi olaraq müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmış, dəfələrlə yalan vədlər vermiş və hazırki günədək borcdan heç bir məbləğ də ödəməmişlər. O, hazırda artıq borclu Şəxs və dəgər borcluların növbəti yalan vədlərinə inanmır, hazırda Şəxs barəsində şikayətçi olmaqla iş üzrə qanuni qərar qəbul olunmasını məhkəmədən xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 14 iyul 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin aşağı həddinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 08 (səkkiz) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsin əvvəli 14 iyul 2025-ci il tarixdən saat 13:30-dan hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə və Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №3(067)-1075/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1075/2025
14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver