Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-110/2025 13.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxx 1981-ci ildə Xaçmaz rayonu, Gəncəli kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, Xaçmaz rayonu, Gəncəli kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Xaçmaz rayon İcra və Probasiya şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə tərəfindən tərtib edilmiş 13 yanvar 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Xaçmaz rayon məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 2(067)-1860/2023 saylı icra sənədinə əsasən 21 oktyabr 2005-ci il təvəllüdlü X4, 12 aprel 2007-ci il təvəllüdlü X7 və 15 avqust 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 26 may 2023-cü il tarixdən başlayaraq hər uşaq üçün 150 manat olmaqla cəmi 450 manat məbləğində alimenti tutularaq X5 verilməlidir. Şəxs göstərilən icra sənədlərinin icrasından qəsdən yayınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru Nümayəndə izahatında bildirdi ki, qeyd olunan icra sənədi Şöbənin icraatına 2023-cü ilin avqust ayında daxil olmuşdur. İcra sənədi üzrə Şəxs hər ay üç uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ümumilikdə 450 manat məbləğində aliment tutularaq X3 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə borclu tərəflərindən icraata başlama haqqında qərar və bildiriş təqdim olunmuş, həmçinin borclu qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün barəsində tərəflərindən borclunun axtarılması haqqında qərar qəbul edilərək icra edilməsi üçün Xaçmaz rayon Polis Şöbəsinə göndərilmişdir. Polis Şöbəsinin əməkdaşları tərəfindən borclu Şəxs bu gün Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə təhvil verilmiş və İcra Şöbəsində borclunun izahatı alınmışdır və izahatında borclu hazırda 4350 manat aliment borcunun olduğu və hazırda heç bir ödəniş edə bilmədiyini üçün barəsində 528.1-ci maddə ilə protokol tərtib olunaraq baxılması üçün Xaçmaz rayon Məhkəməsinə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, hər ay gücü çatdığı qədər ödəniş etmiş, yanvar ayında isə ödəniş edə bilməmişdir. Həmin yaranmış borc isə məhkəmə proseslərinin gedişaatında yaranmış borcdur. Həmin yaranmış aliment borcunun ödənilməsi üçün özünə məxsus 1 hektar 20 sota yaxın torpaq sahəsini satışa çıxardığını, həmin torpağın satış qiymətini 6000 manat desə də o, yaxınların və kən camaatına onu 5000 manata sata bilməcəyini demişdir. Hzırda həmin torpaq sahəsinə 3000 manat vermək istəyən olmuş, lakin həmin məbləğ onun satışa çıxardığı məbləğdən çox az bir məbləğ olduğundan o, həmin torpaq sahəsini satmamışdır. O, özü fərdi işlərdə işləməklə qazanc əldə edir. Əvvəllər Xaçmaz rayonunda işləsə də hazırda o, Bakı şəhərində usta yanında fəhlə işləməklə dolanır. Məhkəmə iclasında şahid qisimində ifadə vermiş tələbkar X6 göstərdi ki, dəfələrlə məhkəmə iclaslarında olduğunu, lakin bunun heç bir əhəmiyyətinin olmadığını, borclunun heç bir sözünə inanmadığını bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 13 yanvar 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin aşağı həddinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 10 (on) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsin əvvəli 13 yanvar 2025-ci il tarixdən saat 17:10-dan hesablansın. Qərarın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə və Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №3(067)-110/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-110/2025
13.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver