Məhkəmə qərarları › İş №3(067)-1107/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1107/2024

12.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1107/2024 12.09.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1987-ci ildə Xaçmaz rayonunun Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu, Xudat şəhəri, T.İsmayılov küçəsi, 17 ünavnında qeydiyyatda olan, Xudat şəhəri, K.Zavod qəsəbəsi, yataqxana 2, mənzil 12 ünvanında yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs Qusar Rayon Məhkəməsinin 2(029)-406/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə 1740 manat aliment borcunu ödəməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Qusar Rayon Məhkəməsinin 2(029)-406/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər bir uşağa görə 200 manat olmaqla ümumilikdə 400 manat aliment pulunu tələbkar X2 verməlidir. Aliment 14 mart 2024-cü il tarixdən hesablanmışdır. Qeyd olunan icra sənədi üzrə bu günə qədər borclu tərəfindən tələbkarın xeyrinə 260 manat ödəniş olunmuşdur. Hazırkı icra vərəqəsi üzrə isə 1740 manat aliment borcu vardır. Əlavə olaraq məhkəmə iclasında protokolu tərtib etmiş şəxs bildirmişdir ki, borclunun adında torpaq sahəsindən başqa hər hansı əmlakı və ya gəlirini müəyyən etmək mümkün olmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, keçmiş hərbiçidir, müharibə iştirakçısıdır. Hazırda onun rəsmi iş yeri yoxdur. İyul ayına qədər tələbkarla eyni evdə yaşamışlar və tələbkar iyul ayında evdən çıxıb getmişdir. Hazırkı günə qədər nikahları pozulmamışdır. Tələbkara bu günə kimi 260 manat aliment ödəmiş və avtomobilini satıb onun pulunu da tələbkara vermişdir. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2024-cü il tarixli icra vərəqəsindən müəyyən edilir ki, Qusar Rayon Məhkəməsinin 2(029)-406/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Şəxs X1 xeyrinə xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 200 manat olmaqla cəmi 400 manat aliment tutulmalıdır. -xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan və həmin tarixli tələbin könüllü icrası haqqında bildirişdən müəyyən olunur ki, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 tərəfindən icraata başlamaq haqqında qərar qəbul olunmuş və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş tərtib olunaraq borcluya göndərilmişdir. -Borclunun izahatından və ona göndərilmiş xx.xx.2024 və xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktublarından müəyyən olunur ki, Xaçmaz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclunun yaranmış borcunu ödəməsi üçün lazımi tədbirlər görülmüş, lakin borclu yaranmış aliment borcunu tam şəkildə ödəyə bilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, yaşını, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, aliment borcunun məbləğini, aliment borcundan mütəmadi olaraq müəyyən ödənişlər etməsini, həmçinin onun cəmiyyətdən təcrid edilməməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx xxxxxx 1987-ci ildə Xaçmaz rayonu, Xudat şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar