Məhkəmə qərarları › İş №3(067)-111/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-111/2024

24.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-111/2024 24.01.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Xaçmaz rayon icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs iştirakı ilə xx xxxxxx 1984-cü ildə Xaçmaz rayonunun Qaracik-Zeyid kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məğul olan, Xaçmaz rayonunun Qaracik-Zeyid kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcravə Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Xaçmaz Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokola əsasən məlum olur ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1552/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu Şəxs 2850 manat aliment borcunu ödəməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında çıxış edən icra məmuru bildirdi ki, qeyd olunan icra sənədi icraata xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Həmin icra sənədi üzrə borclu Şəxs hər ay hər uşağın yetkinlik yaşına çatanadək 200 manat olmaqla cəmi 400 manat sabir pul məbləğində tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə borcluya İcra şöbəsi tərəfindən qərar və bildiriş göndərilmişdir. Buna baxmayaraq, icra sənədində alimentin ödənilməsi aprel ayından nəzərdə tutulduğundan ümumilikdə 3600 manat məbləğində borc pul yaranmış, borclu tərəfindən həmin borc puldan ümumilikdə 650 manat ödənilmişdir. Hazırda 2800 manat aliment borcu var. Həmçinin 300 manat 22 yanvar 2024-cü il tarixdə, 350 manatı isə köhnə icra vərəqəsi üzrə yaranmış aliment borcuna çıxılmışdır. Hər iki aliment borcu 20 aprel tarixindən hesablandığı üçün birinin icraatına xitam verilmiş, hazırki icra vərəqəsi icraata xx.xx.2024-cü ildə daxil olmuşdur. Protokol tərtib edilərkən borclu ödəniş etməmişdir, lakin məhkəməyə gələrkən 800 manat ödəniş etmişdir. Tələbkar xx.xx.2024-cü il tarixdə 300 manat ödənişi poçt vasitəsilə almış, lakin bunu inkar etmişdir. Borclu tərəfindən şəxsən birbaşa olaraq xeyli ödənişlər verilsə də, tələbkar tərəfindən bu ödənişlər inkar edilmişdir. Tələbkar icra şöbəsinə və məhkəməyə gəlmir, lakin o özünün şikayətinin olmamasını bildirsə də, qardaşları şikayət edirlər. Müraciət Ombudsmandan daxil olmuşdur. Borclunun mülkiyyətində torpağı 0.38 hektar göstərilmiş, həmin sahə 1 hektardan az olduğu üçün və hazırda satıldığından üzərinə həbs qoyulması üçün məhkəməyə müraciət edilməsi mümkün deyildir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs verdiyi izahatda bildirdi ki, təxminən bir ildir ki, nikahlarının pozulması ilə bağlı məhkəmə işi getmişdir. Lakin məhkəmə prosesinin bitməsindən bir neçə gün əvvəl məlumatı olub. Birgə nikahdan olan oğlu Nihat onunla birlikdə yaşayıb. Buna baxmayaraq o, məhkəmə prosesi bitənədək hər ay hər uşaq üçün 150 manat aliment ödəmişdir. O, nikahlarının pozulmasına razı deyildir. xx.xx.2024-cü il tarixdə 300 manat aliment ödəmişdir. Bundan başqa tələbkara 400 manat məbləğində pul və 900 manat dəyərində mobil telefon alıb vermişdir. Qalan borcunu yay fəslində tam ödəməyi öhdəsinə götürmüşdür. Oğlu Nihatın bank kartına 150 manat olmaqla bir neçə dəfə pul köçürmüşdür. Aliment borcunun olmasını Xaçmaz rayon icra və probasiya şöbəsinə gəldikdə öyrənmişdir. O, hər ay imkan olduqca ödənişlər edəcəyini, lakin yay fəslində yaranmış borcunu tam olaraq ödəyəcəyini bildirmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 2(067)-1552/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, tərəflərin birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Şəxs hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul şəklində aliment alınaraq X2 verilməlidir. İş materiallarında olan borclunun xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o, alimenti vaxtı vaxtında ödəmişdir və hazırda 2850 manat borcu vardır. Aliment borcunu ödəməkdən boyun qaçırmır. Yaranmış aliment borcunun 2023-cü ilin aprel ayından hesablandığından məlumatsız olduğu üçün borc yığılmışdır. Lakin aliment borcundan xx.xx.2024-cü il tarixində 500 manat ödəniş edəcəkdir. İş materiallarında olan poçt qəbzinin surətindən müəyyən olunur ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xx.xx.2024-cü il tarixdə aliment borcundan 800 manat məbləğində ödəniş etmişdir. Məhkəmə qeyd edir ki, icra məmurunun istinad etdiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin yaranması üçün aşağıdakı hallar müəyyən olunmalıdır: 1) məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; 2) borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; 3) borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; 4) borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; 5) borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Göründüyü kimi “borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi” məhkəmə aktının qərəzli icra edilməməsinin mütləq əlamətidir (bütün əlamətlərin mövcudluğunu da təbii ki, borclu deyil, onu ittiham edən sübut etməlidir). Yəni, borclunun aliment borcunun olması barədə məlumatının olmaması, yalnız icra şöbəsinə dəvət olunduqda bu barədə məlumat alması və bir dəfə xəbərdarlıq edilərək izahatı alındıqdan dərhal sora borcdan müəyyən hissəni ödəməsi həmçinin, qətnamənin 1 ay əvvəl qanuni qüvvəyə minməsi göstərir ki, burada hər hansı qərəzdən və məsuliyyətdən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu“ Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il 18 dekabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiq edici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbi qedilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Qeyd olunan hallara istinad edərək, bir daha bu nətəcəyə gəlinir ki, Şəxs əməlində inzibati xətanın tərkibi mövcud deyildir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirdərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Beləliklə məhkəməyə daxil olmuş protokol və əlavə edilmiş materiallardan, icra işi materiallarından, tərəflərin izahatlarından borclunun maddi imkanının olması, gəlirinin olması, tələbi ödəmək iqtidarında olması, tələbin ödənilməməsinin Şəxs hər hansı konkret təqsirli hərəkət və ya hərəkətsizliyinin nəticəsi olması, tələbin ödənilməməsinin konkret üzürsüzlük səbəbləri, yəni borclunun tələbi ödəmək iqtidarının olması lakin konkret üzrsüz səbəbdən ödəməməsi, bununla da qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik), yəni inzibati xətanın törədilməsi müəyyən edilmir. Qeyd olunan əsasa görə Şəxs barəsində olan hazırkı iş üzrə icraata xitam verilməlidir. Həmin əsas inzibati məsuliyyəti istisna edir. Həmçinin borclunun məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun hər hansı konkret qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra edilməməsinin hər hansı üzürsüz səbəblərdən olması məhkəmədə müəyyən edilmədi. Bununla da barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi və onun təqsiri icra işinin materialları ilə kifayət qədər sübuta yetirilmir. Onun təqsirli bilinməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamışdır. İcra sənədinin icra olunmamasında Şəxs qərəzli vəya üzrsüz səbəblər barədə icra məmuru ümumiyyətlə hər hansı bir sübut təqdim etməmişdir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan(qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl(hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Belə olduğu təqdirdə şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmur. Yəni barəsində protokol tərtib edilmiş hazırkı şəxs İXM-nin 528.1-ci maddəsindəki inzibati xətanı törədən subyekt deyildir. İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-nin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı(qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: xx xxxxxx 1984-cü ildə Xaçmaz rayonunun Qaracik-Zeyid kəndində anadan olmuş Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi olmadığından onun barəsində olan inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Xaçmaz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar