Məhkəmə qərarları › İş №3(067)-1113/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1113/2021

11.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1113/2021 11.11.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X10 iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 oğlunun iştirakları ilə 30 aprel 1984-cü ildə Xaçmaz rayonunun Dədəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonunun Nərəcan kəndində yaşayan X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ : X4 02 noyabr 2021-ci il tarixdə axşam saatlarında idarə etdiyi “Vaz-2106” markalı avtomobillə Gəndob-Yalama yolunun 30-cu km-də Xaçmaz istiqamətində hərəkətdə olarkən nəqliyyat vasitəsinin arxa işıqları yanmadığından və hərəkətdə olarkən əks hərəkət zolağına çıxaraq manevrlər edərək hərəkət iştirakçılarına təhlükə yaratdığından ərazidə xidmətdə olan Yol-Patrul Xidməti Alayının yol patrul xidməti inspektorları tərəfindən saxlanılaraq əməkdaşlar tərəfindən ona qanunun tələblərini pozması izah olunmaqla nəqliyyat vasitəsinin sənədlərini təqdim etməsi təklif edildikdə o, sərxoş vəziyyətdə yol patrul xidməti inspektorlarının və polisin ünvanına nalayiq ifadələr işlətmiş, dəfələrlə tərəflərindən nizam-intizama dəvət edilməsinə baxmayaraq hərəkətlərini davam etdirərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs X4 özünü təqsirli bilərək göstərdi ki, 02 noyabr 2021-ci il tarixdə axşam saatlarında idarə etdiyi özünə məxsus “Vaz- 2106” markalı avtomobillə həmkənliləri ilə birlikdə Gəndob-Yalama yolunun 30-cu km-də Xaçmaz istiqamətində hərəkətdə olarkən nəqliyyat vasitəsini arxa işıqları yanmadan idarə etdiyindən və əks hərəkət zolağına çıxaraq manevrlər etdiyindən ərazidə xidmətdə olan və arxa istiqamətdən gələn yol patrul xidməti inspektorları tərəfindən saxlanılmış, inspektorlar ona nəqliyyat vasitəsini nasaz vəziyyətdə və əks hərəkət zolağına çıxaraq manevrlər edərək idarə etməklə qaydaları pozmasını izah edib nəqliyyat vasitəsinin sənədlərini təqdim etməsini təklif etdikdə üzərində heç bir sənədinin olmadığını bildirmiş, həmin vaxt sərxoş olduğundan əməkdaşlarla mübahisə edib nalayiq ifadələr işlətmiş və tələblərinə məhəl qoymamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yol patrul xidməti inspektoru X11 göstərdi ki, 02 noyabr 2021-ci il tarixdə axşam saatlarında patrul avtomobilləri ilə xidməti ərazilərində xidmət aparakən Gəndob-Yalama yolunun 30-cu km-də Xaçmaz istiqamətində arxa işıqları yanmayan “Vaz-2106” markalı avtomobilin hərəkət zamanı əks hərəkət zolağına çıxaraq manevrlər edərək hərəkət iştirakçılarına təhlükə yaratdığını müşahidə etdiklərindən siqnal vasitəsilə həmin nəqliyyat vasitəsinin sürücüsünə saxlama işarəsi vermişlər, lakin həmin nəqliyyat vasitəsinin sürücüsü, sonradan şəxsiyyəti onlara məlum olan X4 avtomobili saxlamayaraq hərəkətini davat etdirdiyindən onu uzaqdan müşayiət etmişlər. Bir qədər nəqliyyat vasitəsi hərəkət etdikdən sonra nasazlıq yarandığından sürücü avtomobili saxladıqda onlar xidməti avtomobillərini saxlayıb sürücü Ehtiram Rəhimova yaxınlaşaraq ona qanunun tələblərini pozmasını izah etməklə nəqliyyat vasitəsinin sənədlərini təqdim etməsini təklif edildikdə o, sərxoş vəziyyətdə olmaqla onların və polisin ünvanına nalayiq ifadələr işlətmiş, dəfələrlə tərəflərindən nizam-intizama dəvət edilməsinə baxmayaraq hərəkətlərini davam etdirərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan sonra tərəflərindən əraziyə Xaçmaz rayon X15-Patrul Xidməti Bölməsinin əməkdaşları dəvət edilmiş və həmin şəxslər Xaçmaz rayon Polis Şöbəsinə aparılmışlar. Bütün bu proseslərin görüntüləri hadisə yerində olan xidməti patrul avomobillərindəki videoqeydiyyat cihazı vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Xaçmaz rayon X12 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X7 iş üzrə şahid qismində dindirilən yol patrul xidməti inspektoru X6 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə işdə inzibati xəta törətmiş şəxsin izahatını, şahidlərin ifadələrini dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 03 noyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, inzibati xəta törətmiş şəxsin izahatı, şahid ifadələri, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarında olan 03 noyabr 2021-ci il tarixli tibbi müayinə sənədindən müəyyən olunur ki, X4 03 noyabr 2021-ci il tarixdə 02:20 radələrində həkim tərəfindən tibbi müayinədən keçirilərkən onda yüngül dərəcəli sərxoşluq müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən X5 ilk dəfə inzibati xəta törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə həmin Məcəllənin 33-cü maddəsinə əsasən X2 xətaya sərxoş vəziyyətdə yol verməsini və səlahiyyətli şəxslərin hüquqazidd hərəkətlərini dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətlərini davam etdirməsini məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alır. Odur ki, məhkəmə X2 barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş materiallarında olan 03 noyabr 2021-ci il tarixli, 317 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, X4 03 noyabr 2021-ci il tarixdə saat 01:40 radələrində tutulmuşdur. Odur ki, X5 həbsinin əvvəli 03 noyabr 2021-ci il tarixdən saat 01:40 radələrindən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsin əvvəli 03 noyabr 2021-ci il tarixdən saat 01:40-dan hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar