Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1121/2024 30.09.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, qərarından şikayət verilmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X5 İdarəsinin nümayəndəsi X3, şikayət vermiş şəxs X7 iştirakları ilə, X4 tərəfindən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X5 İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X5 İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs şikayət ərizəsini onunla əsaslandırmışdır ki, qərarından şikayət olunmuş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X5 İdarəsinin əməkdaşları tərəfindən ona rəsmi formada hər hansı xəbərdarlıq olunmamışdır. O, nəqliyyat vasitəsilə qəzaya uğradığı üçün iyul və avqust aylarında 40 müddətində nəqliyyat vasitəsini istifadə etməmişdir. Lakin 16 avqust 2024-cü il tarixdə o, taksi fəaliyyəti ilə məşğul olmuşdur. Bununla əlaqədar PŞ-dən arayışı da vardır. Məhkəmə iclasında qərarından şikayət verilmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X5 İdarəsinin nümayəndəsi izahat verərək bildirmişdir ki, şəxs bilinən taksi fəaliyyəti ilə məşğuldur. Şikayət vermiş şəxs şikayətində bildirmişdir ki, onunla kimlərsə zarafat edərək nəqliyyat vasitəsinin üzərinə taksi işarəsini qoymuşlar. Şikayət vermiş şəxslə zarafat etmiş şəxslər məhkəmə prosesində iştirak edərək zarafat etdiklərini bildirərdilər. Nəinki şikayət vermiş şəxsə, taksi fəaliyyəti ilə məşğul olan digər şəxslərə də bildirilmişdir ki, 19 fevral 2024-cü il tarixli fərmana əsasən taksi fəaliyyəti ilə məşğul olmaya dair müəyyən qaydalar təyin olunmuşdur. Həmin qaydalara riayət etməyən sürücülər barəsində cərimə inzibati tənbeh nəzərdə tutulmuşdur. Şikayət vermiş şəxslə əvvəldən tanışlıqları olduğu üçün şifahi xəbərdarlıq olunmuşdur. Kütləvi informasiya vasitələri ilə qeyd olunan fərman barəsində vətəndaşlar yetərincə məlumatlıdırlar. Keçirilmiş reydə əsasən şikayət vermiş şəxs barəsində cərimə inzibati tənbeh təyin olunmuşdur. Məhkəmə iclas zalında əlavə olaraq qərarından şikayət verilmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X5 İdarəsinin nümayəndəsi tərəfindən qanunsuz taksi fəaliyyəti ilə məşğul olmaya dair video görüntünün izlənməsi üçün mobil telefonundakı videogörüntüləri məhkəməyə və şikayət vermiş şəxsə təqdim etmişdir. Həmin videogörüntülərdə xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə şikayət vermiş şəxsin qanunsuz olaraq taksi fəaliyyəti ilə məşğul olması müşahidə olunmuşdur. Məhkəmə ərizəçinin, qərarından şikayət verilmiş orqanın nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, ünvan 1 ünvanında yaşayan xx.xx.1993-cü il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixdə. Saat 11:15-də Xaçmaz şəhəri, N.Nərimanov küçəsində idarə etdiyi VAZ 21723 minik markalı, **-KC-*** dövlət nömrə nişanlı avtomobillə buraxılış kartı olmadan fəaliyyəti göstərdiyi aşkar olunaraq Azərbaycan Respublikası İXM-nin 324.2-ci maddəsinə əsasən 50 (əlli) manat məbləğində inzibati cərimə olunmuşdur. - Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X5 İdarəsi (AYNA) tərəfindən X2 təqdim edilməsi üçün xx.xx.2024-cü il tarixli, 510 nömrəli bildiriş tərtib olunmuşdur. - Məhkəmə iclas zalında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X5 İdarəsinin nümayəndəsi tərəfindən təqdim edilmiş fotoşəkillərin surətlərindən görünür ki, “VAZ 21723” minik markalı, **-KC-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin üzərində taksi nişanı vardır. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. 134.1 və 134.1.4-cü maddələrinə əsasən, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3-cü maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4-cü maddəsinə əsasən, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. 324.2-cü maddəsinə əsasən buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə əlli manat məbləğində cərimə edilir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa əsasən taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısına aid edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.4.1-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində fərdi nəqliyyat vasitəsi ilə taksi fəaliyyəti göstərən şəxslər sadələşdirilmiş vergi ödəyiciləridir. Məcəllənin tələblərinə əsasən həmin şəxslər fəaliyyət göstərdikləri hər ay üçün müvafiq qaydada fərqlənmə nişanı almalı, əldə etdikləri gəlir məbləğindən asılı olmayaraq, dövlət büdcəsinə sabit məbləğdə aylıq ödəniş etməlidirlər. Göründüyü kimi, Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 324.2-ci maddəsinin dispozisiyasında qeyd olunmuş buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşınması inzibati məsuliyyət yaradır. Yuxarıda qeyd olunanları, məhkəməyə təqdim olunmuş qayda pozunutusunu əks etdirən fotoşəkilləri, videogörüntünü və şikayət vermiş şəxsin müxtəlif vaxtlarda taksi fəaliyyəti ilə məşğul olmasını etiraf etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar əsaslı və qanunidir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunub-olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Beləliklə məhkəmə hesab edir ki, şikayət təmin edilməməli və X7 barəsində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X5 İdarəsi (AYNA) tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərar ləğv edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət vermiş şəxs X1 Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X5 İdarəsinin (AYNA) xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-1121/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1121/2024
30.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver