Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1133/2023 02.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X5, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X3, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, X3 Ekologiya və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023 tarixli, MN-1440117 saylı qərarının ləğv edilməsi barədə verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : X6 məhkəməyə müraciət edərək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii İdarəsinin xx.xx.2023 tarixli, MN-1440117 saylı qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş edir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 12 sentyabr 2023-cü il tarixdə Xaçmaz rayon 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X7 tərəfindən onun barəsində Azərbaycan Respublikasının İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətdiyinə görə Xaçmaz rayon Köhnə-Xudat bələdiyyəsinin sədri kimi 2000 manat məbləğində cərimə edilmişdir. Bu barədə MN-1440117 nömrəli xx.xx.2023-cü il inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. 01 sentyabr 2023-cü il tarixdə Xaçmaz rayon 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Xaçmaz rayon Köhnə-Xudat bələdiyyəsinin ərazisində bir neçə yerdə məşiət tullantıları ətraf mühütün mühafizə tələblərinə əməl olunmadan yerləşdirilməsi (qalaqlanır). Həmçinin Bələdiyyə tərəfindən tullantıların yandırılması və daşınması ilə bağlı tədbirlər görülmədiyini qeyd edərək Xaçmaz rayon Köhnə-Xudat bələdiyyəsinin sədri olaraq onun barəsində vəzifəli şəxs kimi inzibati xəta haqqında MN ******* saylı protokol tərtib etdilər. O, səlahiyyətlərinə aid olmasa da bələdiyyə sədri olaraq ictimai rifah, ərazinin təmizliyi və torpaqlarının tullantılarla çirklənmədən qorunması məqsədilə dəfələrlə bələdiyyə ərazisini məşiət və.s tullantılardan təmizlətmişdir. Həmçinin bəzi kənd sakinləri məşiət tullantılarını heç kimin xəbəri olmadan bir neçə gün əvvəl həmin ərazilərə aparıb atıblar və onun bundan xəbəri olmayıb. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X6 şikayəti müdafiə edərək, şikayət ərizəsində yazılanlara uyğun izahat vermiş və bildirmişdir ki, ərazi sıx ərazidir, hər gün səhər və axşam təmizlik işləri aparılır. Nəzarət yoxlama da onlara 13- 14 radələrində gəlmişdir. Dost xidmətindən də onlara yardım edirlər. Vətəndaşlarla da təmizlik işləri barədə profilaktik söhbətlər aparırlar. Dost xidmətindən onlara 11 nəfər işçi ayrılıb, onlara əmək haqqı da təyin olunub. Nazirlər Kabinetinin 102-ci maddəsində qeyd olunur ki, ərazidə təmizlik işlərinin aparılması İƏV-nin səlahiyyətlərinə aiddir. Şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 şikayəti qəbul etməyərək bildirmişdir ki, protokol tərtib edilib lakin əsaslandırılan sübutlar əlavə edilməyib. Şikayətin təmin edilib edilməməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə tərəflərin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin olunmalı, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii İdarəsinin xx.xx.2023 tarixli, MN-1440117 nömrəli qərarından görünür ki, X6 2000 manat cərimə olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İXM-nin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Azərbaycan Respublikasının İXM-nin 134.1 və 134.1.4-cü maddələrinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: Azərbaycan Respublikasının İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; Azərbaycan Respublikasının İXM-nin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; Azərbaycan Respublikasının İXM-nin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikasının İXM-nin 135.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs), barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2005-ci il tarixli, 74 nömrəli qərarı ilə təsdiq olunmuş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi,məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Qaydalara əsasən “Yaşayış və İstirahət yerlərinin Təmizliyinə görə Cavabdehlik” aydın göstərilmişdir. Həmin Qərarın 10-cu maddəsində Şəhər (rayon) icra hakimiyyətləri, aidiyyatı qurumlar və bələdiyyələrin cavabdeh daşıdığı bu sahədəki səlahiyyətlər dəqiq göstərilmişdir.Bu qaydalarda aidiyyatı qurumlar dedikdə “Tullantıların idarə edilməsi sahəsində əlavə tədbirlər və “Məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 16 avqust tarixli 2983 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 02 iyul tarixli 1735 nömrəli fərmanı ilə müəyyən edilən inzibati ərazi vahidlərində həmin Fərman ilə müəyyən edilmiş səlahiyyətlərinə uyğun olaraq "xxxx" ASC, digər hallarda isə yerli icra hakimiyyəti orqanlarının kommunaltəsərrüfat qurumları nəzərdə tutulur. Beləliklə, məhkəmə hesab edir ki, X3 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə inzibati xətanın törədilməsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla lazımi qaydada araşdırma aparılmadan cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii İdarəsi X6 barəsində inzibati məsuliyyətə cəlb edərkən, həmin səlahiyyətlərin onların iş prinsipinə aid olub-olmamasını araşdırmamışdır ki, bu da bu Qanunun ədalətlilik prinsipi ilə uzlaşmır. Məhkəmə, iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, şikayət təmin edilməli, X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii İdarəsinin xx.xx.2023 tarixli, MN-1440117 nömrəli qərarı ləğv edilməli və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : Şikayət təmin edilsin. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii İdarəsinin xx.xx.2023 tarixli, MN-1440117 nömrəli qərarı ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərardan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(067)-1133/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1133/2023
02.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver