Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1137/2025 31.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, zərərçəkmiş şəxs X6, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Xaçmaz rayon İcra və X5 Dilşad Rüfətovna barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 31 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Xaçmaz rayon Məhkəməsinə göndərmişdir. 31 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Xaçmaz rayon Məhkəməsinin 21 may 2025-ci il tarixli, 2(067)-599/2025 saylı icra vərəqəsinə əsasən iddiaçı X7 cavabdeh Şəxs Rüfətovana ilə birgə nikahdan olan övladı 24 avqust 2018-ci il təvəllüdlü X8, 24 avqust 2018-ci il təvəllüdlü X9 və 17 oktyabr 2022-ci il təvəllüdlü X10 ilə hər həftənin bazar günü saat 10:00-dan 18:00-dək ünsiyyətdə olması üçün görüş vaxtı müəyyən edilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi icraya yönəldilmişdir. Lakin borclu Şəxs icra sənədi üzrə tələbi təmin etməyərək, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 protokolun dəlillərinə uyğun izahat verərək, göstərmişdir ki, Xaçmaz rayon Məhkəməsinin 2(067)-599/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən tərəflərin birgə nikahlarından olan xx.xx.2019cu il təvəllüdlü Sakit Sadıqov və Sadiq Sadıqov və xx.xx.2022-ci il təvəllüdlü Səid Sadıqov ilə həftənin bazar günləri saat 10-dan 18-dək Samir Sadıqovla ünsiyyətdə olmaları qət edilmişdir. Lakin, borclu Şəxs uşaqların ataları Samir Sadıqovla ünsiyyətdə olmalarına maneə törədir. Belə ki, tərəflər əvvəlcə öz aralarında razılaşmışlar ki, İcra Şöbəsində görüşsünlər. Sonradan Samir etiraz edirərək, uşaqaları evinə aparmaq istəmişdir. İcra Hakimiyyətindən nümayəndə dəvət edərək, İcra Şöbəsində uşaqlar ataları ilə 10-15dəqiqə görüşmüşlər. Sadəcə bir müddət lazımdır ki, onların arasında münasibət yaransın. Uşaqlar sıxılır, çəkinirlər. Bir il müddətdir ki, ataları ilə ünsiyyətdə olmamışlar. Arada soyuqluq yaranması təbii haldır. Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Zərərçəkmiş şəxs şikayət etdiyinə görə də barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. Bu ailə problemli ailədir. Qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində izahat verən X14 izahatında göstərmişdir ki, uşaqlarla ünsiyyətdə olmaq barəsində qətnamədə hakim yol məsafəsinə görə 1 saat da görüş vaxtına əlavə etmiş, lakin, qətnamədə aparıb-gətirmək vaxtı qeyd olunmamışdlr. Sadəcə hakim onun dediklərini nəzərə alaraq bunu etmişdir. Üç uşağı var və üçü də oğlandır. O, evə getmiş, lakin, uşaqları qapıya da olsa gətirməmişlər. Sonrakı dəfə də evdə olmamışlar və nənəsi uşaqların yatdığını demiş, o, da çıxıb getmişdir. Məhkəmədən borclunun barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında izahat verən inzibati xəta törətmiş şəxs Şəxs törədilmiş xətada özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, o, uşaqların atası ilə görüşmələrinə etiraz etmir. Harada istəyir, görüşə bilərlər. Sadəcə evinə aparmasını istəmir. Uşaqlar da atalarının evinə getmək istəmir. Bir dəfə icra şöbəsində görüş olmuşdur. Bir il olar ki, valideynlərinin evindədir və bir dəfə də olsa ataları uşaqaları görməyə gəlməmişdir. Belə olan halda, uşaqlar atalarından necə soyumasınlar?. İcra Şöbəsindən ona zəng etmişlər və o, da uşaqları anası ilə ora göndərmişdir. Bundan sonra o, anası ilə işdə olan zaman uşaqların atası evinə gəlmişdir. Nənəsi isə ona “uşaqlar yatıb, oyadım, gətirim qapıda gör, ama bu gün evinə aparma. Anası gəlsin, ona deyim sabah apararsan” deyə cavab vermişdir. O, isə qapını vurub çıxıb gedərək, İcra Şöbəsinə şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, qızı artıq 1 ildir ki, çıxıb ata evinə gəlmişdir. Onlar uşaqların ataları ilə görüşmələrinə etiraz etmirlər. Bu bir il ərzində iki dəfə ataları uşaqalarını görməyə evlərinə gəlmişdir. Bir dəfə dava-dalaş salıb çıxıb getmiş, bir dəfə də onlar evdə olmamışlar. Yaşlı anası evdə olmuşdur. Ona atalarının uşaqlarını görməyə gəlməsi barədə heç kim zəng edib məlumat verməmişdir. Bu barədə məlumatı olsaydı işə getməz, evdə olardılar. O, qızı ilə şirkətdə fəhlə işləyir, meyvə yığırlar. Uşaqları İcra Şöbəsinə ataları ilə görüşməyə özü aparmışdır. Uşaqalar ataları ilə getmək istəmir və onları buna məcbur edə bilməzlər. Kiçik oğlunun 3 yaşı olmayıb. Onları necə məcbur etmək olar?. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək belə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan(qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl(hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 04 sentyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə qeyd edir ki, icra məmurunun istinad etdiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin yaranması üçün aşağıdakı hallar müəyyən olunmalıdır: -məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; -borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; -borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi. Qeyd olunan hallara istinad edərək, bir daha bu nəticəyə gəlinir ki, X2 əməlində inzibati xətanın tərkibi mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönələn və subyektiv tərəfin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. İşdəki sübutlardan isə görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə birgə nikahdan olan uşaqlarının ataları ilə görüşməsinə etiraz etməmiş, yayınmamışdır, icra məmurunun qanuni tələblərinə əməl etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatları və şahd ifadəsi ilə müəyyən edilir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs icra məmurunun tələbi ilə birgə nikahdan olan uşaqlarının ataları ilə görüşməsi üçün onları İcra Şöbəsinə aparmış və icra məmurunun, habelə icra hakimiyyətinin nümayəndəsinin iştirakı ilə uşaqlar ataları ilə görüşmüşlər. Həmçinin izahatlardan məhkəməyə məlum olmuşdur ki, uşaqlar ilə ataları aralarında soyuq münasibət vardır. Belə ki, zərərçəkmiş şəxs uşaqları özü ilə aparmaq istəsə də uşaqlar ataları ilə getmək istəməmiş və soyuq münasibət göstərmişlər. Bununla da belə qənaətə gəlmək olur ki, Şəxs öz məsuliyyətini dərk edərək, icra məmurunun qanunu tələblərinə əməl etmişdir. Habelə məhkəmə iclasında uşaqlarının ataları ilə görüşməsinə etirazı olmadığını və buna maneə törətmədiyini bildirmişdir. Şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktı olmalıdır ki, tərtib olunmuş inzibati protokolda inzibati xətanın nədən ibarət olması, icra sənədinin üzrsüz yerinə yetirilməməsi, inzibati xəta törədən şəxsin hərkətlərinin qərəzliliyinin nədən ibarət olması öz əksini tapmamışdır. Bununla da işdəki sübutlardan və işin araşdırılan hallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə qəsdən yayınma halları təsdiq olunmur. Beləliklə məhkəmə hesab edir ki, protokolu tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsi inzibati xətanın olmasını və inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün iş üzrə sübutları məhkəməyə təqdim etmədiyindən, inzibati qanunvericiliyinin təqsirsizlik prezumpsiyası prinsipinə riayət edilməklə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, Azərbaycan Respublikasının İXM-nin 528.1ci ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığına görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs barəsində başlanmış icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №3(067)-1137/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1137/2025
31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver