Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-114/2024 12.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X4 X5 inzibati təcrübə üzrə baş inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Xaçmaz rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonunun Qaraqurtlu kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏNETDİ: Şəxs 08 yanvar 2024-cü il tarixdə saat 09-18 radələrində idarə etdiyi «Mersedes Benz C240» markalı, 99KD709 dövlət nömrə nişanlı avtomaşını ilə Xaçmaz rayonunun Qaraqurtlu kəndi ərazisində hərəkətdə olarkən yol nişanlarının tələblərini pozduğuna görə ərazidə xidməti vəzifəsini icra edən Xaçmaz rayon X4 X5 yol-patrul xidməti inspektoru tərəfindən saxlanılmış və yoxlama zamanı onun nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmişdir. Məhkəmə iclasında Xaçmaz rayon X4 X5 inzibati təcrübə üzrə baş inspektoru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Şəxs 08 yanvar 2024-cü il tarixdə saat 09-18 radələrində idarə etdiyi «Mersedes Benz C240» markalı, 99KD709 dövlət nömrə nişanlı avtomaşını ilə Xaçmaz rayonunun Qaraqurtlu kəndi ərazisində hərəkətdə olarkən yol nişanlarının tələblərini pozduğuna görə ərazidə xidməti vəzifəsini icra edən Xaçmaz rayon X4 X5 yol-patrul xidməti inspektoru tərəfindən saxlanılmış, alkotestr müayinəsi zamanı onda 0,306 promil- yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilərək barəsində müvafiq sənədləşmə işləri aparılmışdır. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Dövlət X5 yol-patrul xidməti inspektoru tərəfindən saxlanılmazdan 2 gün əvvəl 1 litr pivə içmişdir. 08 yanvar 2024-cü il tarixdə saat 09 radələrində idarə etdiyi «Mersedes Benz C240» markalı, 99KD709 dövlət nömrə nişanlı avtomaşını ilə Xaçmaz rayonunun Qaraqurtlu kəndi ərazisində hərəkətdə olarkən ərazidə xidmətdə olan Xaçmaz rayon X4 X5 yol-patrul xidməti inspektoru tərəfindən saxlanılmış, alkotestr müayinə cihazı ilə tibbi yoxlama zamanı onda guya alkoqol sərxoşluğu müəyyən edilmişdir. O, alkotestr cihazının cavabdından razı olmadığından həmin gün Quba rayon Mərkəzi Xəstəxanasında tibbi müayinədən keçmiş və onda alkoqol sərxoşluğu müəyyən ediməmişdir. Yol-patrul xidməti inspektorları əsassız olaraq onun barəsində sənədləşmə aparmışlar. Ona görə də iş üzrə qanuni qərar çıxarılmasını xahiş edir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 08 yanvar 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol, inzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X4 X5 əməkdaşının izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İnzibati xəta törətmiş şəxs Şəxs 08 yanvar 2024-cü il tarixdə nəqliyyat vasitəsini idarə edərkən sərxoş olmaması, yol-patrul xidməti inspektorlarının qərəzli olaraq onun barəsində sənədləşmə aparmaları və izahatında irəli sürdüyü bu kimi digər dəllilər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, onun bu barədə irəli sürdüyü dəlillər yalnız özünü müdafiə və məsuliyyətdən yaxa qurtarmaq xarakteri daşıyır. Belə ki, inzibati xəta haqqında protokola əlavə edilmiş 08 yanvar 2024-cü il tarixli, 00692 saylı sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə edilməsi haqqında alkotesterin nəticəsindən (protokollaşdırmadan) görünür ki, sürücü Şəxs həmin tarixdə 09:18 radələrində sərxoşluq yoxlamasından keçirilmiş, qəbul etdiyi alkoqolun miqdarı (alkoqolun konsentrasiyası) 0.306 promil olmuşdur. Həmin alkotestrin nəticəsinə dair sənədin üzərində olan qeyddən görünür ki, İnzibati xəta törətmiş şəxs Şəxs protokollaşdırmanın nəticəsinə etiraz etməməsi barədə qeydini yazmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli 209 saylı qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə alkoqolun konsentrasiyasının 0,3 promil və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin 8-ci bəndinin tələbinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında nəqliyyat vasitəsini idarə etməməlidir. Göründüyü kimi, Şəxs “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin 8-ci bəndi ilə üzərinə vəzifə olaraq qoyulmuş hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqoldan istifadə edərək nəqliyyat vasitəsini idarə etməməli olduğu halda bunu etmiş və bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli, hüquqa zidd əməl törətmişdir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 333.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 (altı) ay müddətində məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №3(067)-114/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-114/2024
12.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver