Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1144/2021 24.11.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1981-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının İstisu qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində baş mühasib vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, ünvan 1 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Şəxs 23 noyabr 2021-ci il tarixdə saat 17:10 radələrində Xaçmaz rayonu Hacıxələf Fərzəliyev küçəsində yerləşən “Zeytun Çörək” mağazasının yaxınlığında ictimai qaydanın pozulması ilə müşayiət olunan hərəkətlər etdiyindən həmin ərazidə xidmətdə olan polis əməkdaşları tərəfindən saxlanılaraq nizam-intizama dəvət edilmiş, lakin o, hərəkətlərini davam etdirərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili X2 göstərdi ki, Şəxs 23 noyabr 2021-ci il tarixdə saat 17:10 radələrində Xaçmaz rayonu Hacıxələf Fərzəliyev küçəsində yerləşən “Zeytun Çörək” mağazasının yaxınlığında mobil telefonla danışaraq ucadan ünvansız nalayiq ifadələr işlətməklə ictimai qaydanın pozulması ilə müşayiət olunan hərəkətlər etdiyindən həmin ərazidə xidmət aparan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq nizam-intizama dəvət edilmiş, lakin o, hərəkətlərini davam etdirərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, 23 noyabr 2021-ci il tarixdə saat 17:10 radələrində Xaçmaz rayonu Hacıxələf Fərzəliyev küçəsində yerləşən “Zeytun Çörək” mağazasının yaxınlığında tanışı ilə istifadəsində olan mobil telefon vasitəsi ilə danışarkən əsəbləşərək ucadan ünvansız nalayiq ifadələr işlətmiş, həmin vaxt mülki geyimdə olan əməkdaşlar yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək onu nizam intizama dəvət etmiş, lakin o, həmin vaxt əsəbi olduğundan hərəkətlərini davam etdirib əməkdaşların qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 23 noyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi xətanı etiraf etməsini məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs səlahiyyətli şəxslərin hüquqazidd hərəkətlərini dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətlərini davam etdirməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Odur ki, məhkəmə hesab edir ki, Şəxs daha ciddi xətaya görə müəyyən edilmiş Azərbaycan Respublikasının 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh təyin edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş 23 noyabr 2021-ci il tarixli, protokoldan görünür ki, inzibati xəta törətmiş şəxs Şəxs 23 noyabr 2021-ci il tarixdə saat 20:35 radələrində inzibati qaydada tutulmuşdur. Odur ki, inzibati xəta törətmiş şəxs Şəxs həbsinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni 23 noyabr 2021-ci il tarixdən saat 20:35-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək ona 30 (otuz) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsin əvvəli 23 noyabr 2021-ci il tarixdə saat 20:35-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №3(067)-1144/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1144/2021
24.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver