Məhkəmə qərarları › İş №3(067)-1162/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1162/2025

18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1162/2025 18.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə, X5 tərəfindən Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ_29738602 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X7 barəsində Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ_29738602 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2025-ci il tarixdə barəsində Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsinə əsasən EQ_29738602 saylı qərar qəbul edilmiş, həmin qərara əsasən 50 (əlli) manat və 2 bal cərimə edilmişdir. O, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ_29738602 saylı qərarla razılaşmır. Belə ki, qəbul edilmiş qərarda onun tərəfindən idarə edilən 99KE909 dövlət qeydiyyat nişanlı, Range Rover minik markalı nəqliyyat vasitəsinin yolda müəyyən edilmiş hərəkət sürətini 21 km/saat həddində aşmışdır. Odur ki, xx.xx.2025-ci il tarixli, EQ_29738602 saylı qərarın və həmin qərara əsasən hesablanmış 50 (əlli) manat və 2 bal cərimənin ləğv edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında şikayət vermiş şəxs izahat verərək bildirmişdir ki, Xaçmaz rayonu, Müqtədir qəsəbəsindən Xudat şəhəri istiqamətinə olan yolda yaşayış sahələri olmadığına görə sürət həddi saatda 90 km-dir. Həmin ərazidə yol nişanı yoxdur, eyni zamanda həmin ərazi yaşayış məntəqəsi deyil. Lakin o, avtomobili saatda 80 km-ə yaxın sürətlə idarə etmişdir. Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən minik avtomobilləri avtomagistrallarda-saat 110 kilometrdən çox olmayan sürətlə, yaşayış məntəqələri olmayan başqa yollarda saatda 90 kilometrdən çox olmayan sürətlə hərəkət edə bilər. Həmçinin avtomobil onun adınadır, qardaşı oğluna etibarnamə vermişdir. Buna görə də, cərimə qardaşı oğlu Fəridin adına təyin olunmuş, cəriməni bilmədən ödəmişdir. Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası DİN BDYPİ-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli, EQ_29738602 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X7 “Range Rover” minik markalı, ** KE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 21 km/saat həddində aşmaqla İXM-nin 328.2-ci maddəsinə əsasən 50 manat məbləğində inzibati cərimə olunmuşdur. - Şikayətə əlavə edilmiş fotoşəkillərin surətlərindən görünür ki, şikayət vermiş şəxs inzibati xətanın törədildiyi yolu göstərərək inzibati xətanı törətmədiyini qeyd etmişdir. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. 134.1 və 134.1.4-cü maddələrinə əsasən, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3-cü maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4-cü maddəsinə əsasən, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. 328.2-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə əlli manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun: 50-ci maddə: Hərəkət sürəti və nəqliyyat vasitələri arasında ara məsafəsi; İ. Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. İİ. Nəqliyyat vasitələri: 1) yaşayış məntəqələri daxilində —saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə (kiçik elektrik nəqliyyat vasitələrinə münasibətdə bu Qanunun 38-1-ci maddəsinin birinci hissəsinin 3-cü bəndi nəzərə alınmaqla); 2) minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri yaşayış məntəqələrindən kənarda: avtomagistrallarda — saatda 110 kilometrdən çox olmayan sürətlə; başqa yollarda — saatda 90 kilometrdən çox olmayan sürətlə; 3) şəhərlərarası və xüsusilə kiçik avtobuslar və motosikletlər yaşayış məntəqələrindən kənarda bütün yollarda saatda 90 kilometrdən çox olmayan sürətlə; 4) digər avtobuslar, yedəyində qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri yaşayış məntəqələrindən kənarda: avtomagistrallarda — saatda 90 kilometrdən çox olmayan sürətlə; başqa yollarda — saatda 70 kilometrdən çox olmayan sürətlə; 5) banında adamlar daşıyan yük avtomobilləri — saatda 50 kilometrdən çox olmayan sürətlə; 6) yedəyində mexaniki nəqliyyat vasitələri aparan nəqliyyat vasitələri — saatda 50 kilometrdən çox olmayan sürətlə; 7) təhlükəli, ağır çəkili və iri qabaritli yüklər daşıyan nəqliyyat vasitələri — daşıma şərtləri razılaşdırılarkən müəyyən edilmiş həddən çox olmayan sürətlə hərəkət etməlidirlər. İİİ. Sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. İV. Yaşayış məntəqələrindən kənarda ötməni asanlaşdırmaq məqsədilə, asta gedən, ağır yüklü və ya uzun nəqliyyat vasitələrinin sürücüləri eyni zolaqda özlərindən qabaqda gedən nəqliyyat vasitəsi ilə kifayət qədər ara məsafəsi saxlamalıdırlar ki, onları ötən nəqliyyat vasitələri ötməni tam təhlükəsiz şəraitdə başa çatdırsınlar. Əgər sürücü ötmə əməliyyatına başlamışdırsa və ötürsə, bu tələbə əməl olunmur. V. Üstün hərəkət rejimli nəqliyyat vasitələri zərurətdən irəli gələn sürətlə hərəkət edə bilərlər. Göstərilən nəqliyyat vasitələrinin sürücüləri yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün hər cür tədbir görməlidirlər. Vİ. Sürücülərə: 1) nəqliyyat vasitəsini onun texniki xarakteristikası üzrə müəyyən edilmiş maksimum sürətdən artıq sürmək; 2) lüzumsuz olaraq həddindən az sürətlə hərəkət etməklə başqa nəqliyyat vasitələri üçün maneə yaratmaq; 3) yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün lazım olan hallar istisna edilməklə, nəqliyyat vasitəsini sərt tormozlamaq qadağandır. Vİİ. Yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 “İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan ***-**** metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır. Göründüyü kimi, Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 328.2-ci maddəsinin dispozisiyasında qeyd olunmuş yolda müəyyən edilmiş hərəkət sürətinin tələblərinə riayət edilməməsi inzibati məsuliyyət yaradır. Lakin inzibati tənbeh vermə haqqında qərardan və ərizəçinin izahatından müəyyən edilir ki, şikayət inzibati xətanın bilavasitə subyekti olmuş X7 tərəfindən deyil, X6 tərəfindən verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə qərardan şikayət vermək hüququ olmayan şəxs tərəfindən verildiyindən təmin edilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, şikayət təmin edilməməli və X4 barəsində Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ_29738602 nömrəli qərar ləğv edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət vermiş şəxs X3 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ_29738602 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar