Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1163/2025 07.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1972-ci ildə Xaçmaz rayonu, Dədəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu, Dədəli kəndində qeydiyyatda olan. Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Xaçmaz RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokola əsasən məlum olur ki, Şəxs xx.xx.2025-ci il tarixdə Xaçmaz rayonu, Dədəli kəndi ərazisində polisin qanuni tələbinə tabesizlik göstərmişdir. Məhkəmədə iclas zalında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Xaçmaz rayonu, Dədəli kənd sakini Şəxs dəfələrlə sərxoş vəziyyətdə ailəsində mübahisələr yaratmışdır. Vəfadar Yusifonun anasının müraciəti əsasında xx.xx.2025-ci il tarixdə əməliyyat qrupu yaradılaraq yaşadığı ünvana gedib Xaçmaz RPŞ-yə aparmışlar. Anası dəfələrlə Şəxs içkili vəziyyətdə intizamsızlıq yaradaraq ailəsində mübahisələr yaratması barədə müraciətləri daxil olmuşdur. Anasının müraciəti əsasında barəsində tabesizliklə əlaqədar protokol tərtib olunaraq islah olunması üçün inzibati tənbeh təyin edilməsi məqsədilə məhkəməyə təqdim edilmişdir. O, qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclas zalında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, evə sərxoş vəziyyətdə gedib yatmış və növbəti gün günortadan sonra polis əməkdaşları yaxınlaşaraq onu məcbur xidməti avtomobilə əyləşdirib Xaçmaz RPŞ-yə aparmışlar. O, heç kimlə mübahisə etməmiş, nalayiq ifadələr işlətməmişdir. Lakin anası onu sərxoş gördüyü üçün polisə məlumat vermişdir. O, əməlindən peşman olduğunu və bir daha belə əmələ yol verməyəcəyini bildirərək barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş polis sahə rəisinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmır, bununla yanaşı onun əməlində İXM-nin 510-cu maddəsində nəzərə tutulan inzibati xətanın tərkibinin olması öz təsdiqini tapdığından o, İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli Xaçmaz rayonu, Dədəli kənd sakini X2 “Ərizə”sindən müəyyən edilir ki, oğlu Şəxs ona və ailə üzvlərinə rahat yaşamağa imkan vermir, sərxoş halda onları söyür, təhqir edir, evdəki əşyaları vurub sındırır. Bugün Vəfadar yenə də içib sərxoş halda evlərində onu nalayiq ifadələrlə söyüb təhqir etmiş və onun üzərinə yeriyərək vurmaq istəmiş, lakin nəvəsi vurmağa imkan verməmişdir. - “İnzibati qaydada tutma haqqında protokol”dan müəyyən edilir ki, Şəxs Xaçmaz RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X5 tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 18:45də inzibati qaydada tutulmuşdur. - xx.xx.2025-ci il tarixli “Barəsində iş üzrə inzibati icraat aparılmış şəxsə təqdim olunmuş materiallara imza etmək və izahat verməkdən imtina haqqında” protokoldan müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə barəsində inzibati protokol tərtib olunmuş Xaçmaz rayonu, Dədəli kəndində yaşayan Şəxs tərtib edilən inzibati icraat üzrə materiallara imza etməkdən, habelə izahat verməkdən imtina etmişdir. - xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Xaçmaz rayonu, Dədəli kəndi ərazisində polisin qanuni tələbinə tabesizlik göstərmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə yaranır, bu Məcəllənin 510-cu maddəsində nəzərdə tutulmuş məsuliyyət xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə yaranır. Belə ki, inzibati xəta haqqında protokoldan göründüyü kimi Şəxs nalayiq ifadələr işlətməklə ictimai qaydanın pozulmasına yönələn hərəkətlərə yol vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tövsifedici əlaməti polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə hərəkətlərdən ibarətdir. Məhkəmə araşdırması zamanı Şəxs polis işçilərinin konkret olaraq hansı qanuni tələblərinə tabe olmaması müəyyən edilməmiş və bu hər hansı sübutla öz təsdiqini tapmamışdır. Əksinə olaraq Şəxs xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərinə yol verməsi öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi hər hansı sübutla öz təsdiqini tapmadığından, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapdığından onun əməli İXM-nin 535.1-ci maddəsindən 510-cu maddəsinə tövsif olunmaqla onun barəsində həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən barəsində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbehlərdən həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR ALDI : xx xxxxx 1972-ci ildə Xaçmaz rayonu, Dədəli kəndində anadan olmuş Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsindən həmin Məcəllənin 510-cu maddəsinə tövsif edilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinsin və barəsində 04 (dörd) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Həbsdə saxlama müddətinin əvvəli 06 avqust 2025-ci il tarixdən, saat 18:45-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-1163/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1163/2025
07.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver