Məhkəmə qərarları › İş №3(067)-117/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-117/2024

19.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-117/2024 19.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, X1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, X4 Xaçmaz rayon 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 18 yanvar 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ X4 Xaçmaz rayon 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 18 yanvar 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X7 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 07 yanvar 2024-cü il tarixdə dənizin içində qalmış 7-8 ədəd çapanı çıxarmaq üçün dənizə girdikləri zaman orda bir ədəd sahibsiz kvotası olan dağıstan tərəfindən olan toru onların çapanına ilişmiş vəziyyətdə olduğu üçün həmin toru da çıxartmaq məcburiyyətində qalmışlar. Həmin vaxt onlar toru çıxartdıqları zaman torda ilişmiş vəziyyətdə üç ədəd kütüm olmuşdur. Həmin kütümlərdən biri tam yararsız olduğundan yiyilə bilməzdi. Qalan iki kütüm isə yiməyə yararlı olduğundan onları yenidən suya buraxılmasına heyifləri gəldiyi üçün özləri ilə götürərək sahilə çıxdıqları zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları onları saxlamışlar. Şikayət vermiş şəxsin sədrlik edənin sualına cavab olaraq kvotanın vaxtının 31 dekabr tarixində bitdiyini, lakin buna baxmayaraq onlar balıq ovlamaq üçün yox dənizdə qalmış torları çıxarmaqdan ötrü dənizə 07 yanvar tarixində girdiklərini bu müddət ərzində yəni kvotanın müddəti bitməmişdən əvvəl dənizə girərək həmin torları çıxara bilməmələrinə səbəb kimi, hava şəraitinin pis olmasını və onların balıq tutmaq üçün nəzərdə tutulmuş qayığın matorlu olmaması ilə bağlı olduğunu göstərmişdir. Məhkəmə iclasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, onlar həmin tarixdə yanvar ayının 7-də dəniz kənarında reyd vaxtı müşahidələrini aparmışdırlar. Həmin vaxt onlar içəridə torlarını yoxlayırdılar, 200-300 metr içəridə idilər. Həmin vaxt onlar üzərində gəzdirdiklər yaxınlaşdırıcı cihazadan istifadə etməklə baxış keçirdikləri zaman onların torlarını bir-bir baxaraq yoxladıqlarını müşahidə etmişlər. Bundan sonra onlar sahilə çıxarkən dənizə girdikləri qayığa baxış keçirdikləri zaman orda 3 ədəd kütüm balıqlarının olduğunu görmüşdürlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə tərəfindən məhkəmə iclasında təqdim olunmuş 07 yanvar 2024-cü il tarixli aktdan görünür ki, İdarənin 07 yanvar 2024-cü il tarixli, 0004 saylı sərəncamına əsasən Qanunsuz ov və brokoniyerliyə qarşı mübarizə məqsədi ilə Xaçmaz rayon ərazisində Xəzər dənizinin sahil zolağında reyd keçirdikləri zaman Xaçmaz rayonu İstisu qəsəbə sakinlərini X7, X5 və X6 olduğu AŞA 8363 bolt nömrəli qayıqda 3 ədəd kütüm aşkar edilərək, barələrində akt tərtib edilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə tərəfindən məhkəmə iclasında təqdim olunmuş 07 yanvar 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 07 yanvar 2024-cü il tarixdə Xəzər dənizi akvatoriyasında Xaçmaz rayon İstisu qəsəbəsi istiqamətində balıqovlama bileti olmadan qanunsuz olaraq kütüm cinsli balıq ovlanmış və bu fakta əsasən 07 yanvar 2024-cü il tarixdə 82792 saylı akt tərtib edilmiş və foto şəkillər çəkilmişdir. Bu zaman iş üzrə şikayətçi X7 izahat verməkdən imtina etmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Oktay Allahverdiyev tərəfindən məhkəmə iclasında təqdim olunmuş foto şəkillərdən görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin işçiləri tərəfindən keçirilmiş reyd zamanı iş üzrə şikayətçinin olduğu qayıqdan üç ədəd kütüm cinsli balıqlar ovlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsinə əsasən balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulması inzibati xətaya səbəb olan əməldir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su resursları ovunun Qaydaları”nın 2.5.3-cü yarımbəndinə əsasən balıq və digər su bioresurslarının sənaye ovu ilə məşğul olan balıqçılıq subyektlərinə nəsli kəsilmək üzrə olan qiymətli balıq və digər su bioresursları növlərinin (qaya balığı (kələmo), zərdəpər, xəzər qızılbalığı, dəniz sıfı, qızılxallı, qılıncbalıq, şirvan külməsi, xəzər şirbiti, poru) ovu qadağandır. Balıq və digər su bioresurslarının ovu zamanı bu balıqlar ov alətinə düşərsə, onlar diri halda suya buraxılmalıdır. Bu Qaydaların 3 nömrəli əlavəsinə əsasən nərəkimilər fəsiləsi balıqçılıq obyektlərinə aid edilmiş qiymətli balıq və digər su bioresurslarının siyahısına daxildir. Bu Məcəllənin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Sözügedən Məcəllənin 60.4-cü maddəsinə əsasən bildiriş bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş qaydada göndərildikdən sonra inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bildirişin məzmununun ötürülməsini təmin etməklə internet, telefon və ya digər rabitə vasitələri ilə də əlavə məlumat verilir. Beləliklə, X1 inzibati araşdırma ilə bağlı razı olmaması və 31 dekabr tarixdə balıq ovlama biletinin müddəti qurtarmağına baxmayaraq 07 yanvar tarixdə dənizə girmə səbəbini hava şəraitinin pis olması səbəbindən dənizə girə bilməməsi və onlara məxsus qayığın mühərriksiz olduğu üçün tez-tez dənizə girə bilməmələri kimi irəli sürdüyü fikirləri özünümüdafiə xarakteri daşıyır və gələcəkdə inzibati məsuliyyətdən yayınma məqsədi güdür. Belə ki, X3 Xidməti tərəfindən şikayətçi Elnur Yaqubov barəsində İXM 272.1-ci maddəsi ilə baxılan inzibati xəta haqqında işlə bağlı məlumat verilmişdir. Bu hal məhkəmə iclası zamanı şikayətçi Elnur Yaqubovun özü tərəfindən etiraf edilməklə, yanaşı digər mötəbər sübutlar, o cümlədən izahatlarla öz təsdiqini tapmışdır. Eyni zamanda, şikayətçi Elnur Yaqubovun 07 yanvar 2024-cü il tarixdə 3 ədəd kütüm cinsli balığı ovlamaması, habelə dənzidən torları çıxararkən torların üzərində olan artıq üç ədəd balıqdan cəmi iki ədədinin yeməyə yararlı digərinin isə yararsız olması ilə bağlı bildirdikləri də özünümüdafiə xarakteri daşımaqla, şikayətçinin şəxsi mülahizələridir və mötəbər sübut və ya sənədlərə əsaslanmamışdır. Bundan əlavə, Azərbaycan Respublikası İXM-in 43.1-ci maddəsinə əsasən, rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157 188, 190, 191.1, 195.1, 196, 197, 204 - 208, 221, 227, 227-1, 229, 249, 251.3, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 284.2, 286, 290.3, 296.2, 325.1, 326, 327.8, 332.4 - 332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2 - 339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 353.5, 361, 363, 368 - 379, 381 - 383, 387, 388, 398, 399, 401 - 404, 406 - 409, 410.3, 412, 413, 428.7, 428.10, 431, 432.3, 438.2, 438.3, 441, 442, 443.1, 448, 449, 450.1, 451, 456, 459.1, 459.2, 462 (siyasi partiyalara münasibətdə) 464 466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 479 - 481, 482.1, 496.2, 499.2, 502 - 504, 506 - 508, 510, 511, 513, 515 - 517, 520, 523, 525 - 535, 537.1, 544.1, 547, 549, 551 - 554, 558 - 561, 562.1, 562.2, 563.2, 567 - 569, 571, 573, 574, 590 - 592, 594 - 596, 598 (monitorinqdə iştirak edən digər şəxslərə münasibətdə), 599 - 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası İXM-in 43.2-cü maddəsinə əsasən, bu Məcəllənin 54.2- ci maddəsində nəzərdə tutulan inzibati xətalar haqqında işlər istisna olmaqla, rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanının 5.23cü bəndinə əsasən həmin Məcəllənin 272-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır. İşin faktiki hallarından, tədqiq olunmuş mötəbər sənəd və sübutlardan, habelə bu sahəni tənzimləyən müvafiq normativ hüquqi aktların tələblərindən də göründüyü kimi Azərbaycan Respublikası İXM-in 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işə baxmaq, nəinki rayon (şəhər) məhkəmələrinin, həmçinin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətinə verilmişdir. Əgər, şikayətçinin qeyd etdiyi inzibati araşdırmanın aparılmasında, həmçinin qərarın qəbul edilməsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin səlahiyyəti olmadığı düşünülsə idi, bu zaman Azərbaycan Respublikası Baş Prokurorunun Cinayət təqibindən kənar icraatlar idarəsi 11 yanvar 2022-ci il tarixli qərarla X7 barəsində Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə toplanmış inzibati materialı baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə deyil, aidiyyəti üzrə rayon (şəhər) məhkəməsinə göndərər, bu tip mübahisənin yaranmasının qarşısını alardı. Eyni zamanda, baxılır dedikdə, bu geniş mənada başa düşülməli, habelə bu, müvafiq orqan tərəfindən zəruri qərarın qəbul edilməsi imkanının olması kimi anlaşılmalıdır. Deməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin inzibati araşdırmanın aparılmasında, eləcə də Mahəddin Əkbərovun barəsində Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsi ilə 07 yanvar 2024-cü il tarixli inzibati cərimə edilməsi barədə səlahiyyəti olmuş, habelə bu zaman inzibati xətalar haqqında qanunvericiliyin normalarının tələbləri pozulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunan Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş materiallarını araşdırıb təqdim edilmiş sübutlara əsaslanaraq hesab edir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Bəhruz Məhəmmədovun 18 yanvar 2024cü il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsi üçün əsas olmadığına və X1 göstərdiyi xüsusatlar mötəbər sübutlara əsaslanmamaqla öz təsdiqini tapmadığına görə onun şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: X1 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regiona Ekologiya və Təbii Sərvətlə İdarəsinin 18 yanvar 2024-cü il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsi və işin icraatına xitam verilməsi barədə şikayəti təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində nəzərdə tutulmuş hazırkı qərardan şikayət vermə hüququ olan şəxslər tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar