Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1174/2025 14.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ X10 Məhəmməd qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3, zərərçəkmiş şəxs (tələbkar) X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (borclu) Şəxs iştirakı ilə, xx.xx.1972-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olmayan, Xaçmaz rayonu, Qobuqıraq kəndində qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Borclu Şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsində xx.xx.2025-ci ildə Xaçmaz rayon məhkəməsinin 2(067)-1899/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə yaranmış 2800 manat pulu tələbkarın xeyrinə ödəməyərək icra sənədini qərəzli olaraq icra etməmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, qeyd olunan icra sənədi Xaçmaz rayon İcra və probasiya şöbəsinin icraatına 2025-ci ilin yanvar ayında daxil olmuşdur. İcra sənədi üzrə Şəxs bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq X1 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə bocluya tərəfindən icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş təqdim edilmiş, həmçinin dəfələrlə icra şöbəsinə dəvət olunaraq izahatı alınmışdır. Lakin borclu dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qeyd olunan icra sənədi üzrə tələbkarın xeyrinə heç bir ödəniş etməmişdir. Hazırda borclunun ödənilməmiş 2800 manat aliment borcu vardır. Borclu bununla bağlı təkrar icra şöbəsinə dəvət olunmuş, izahatı alınmış və borcluya borcunu ödəməsi təklif edilsə də borcundan heç bir ödəniş edilmədiyi üçün barəsində İXMnin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, alimenti ödəməkdən imtina etmir. Belə ki, həyətində 2 evi var, birini satıb tələbkara 5000 manat verəcəkdir. Evi satmaq üçün elan vermiş, 1 ay müddətə evini sata bilər. O, insult keçirdiyi üçün işləyə, hərəkət edə bilmir. Ürəyinə stend qoyulmuş, şəkəri vardır. Buna baxmayaraq, hərdən meyvə bağlarına meyvə yığmağa gedir. Bəzən evi üçün ərzaq alır, lakin maddi imkanı zəifdir. O, zərərçəkmiş şəxsə evi sataraq pulu bölməyi təklif etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, borclu həm Rusiya Federasiyası vətəndaşı həm də Azərbaycan Respublikası vətəndaşıdır. Borclu xəstə olduğunu bildirərək işləyə bilmədiyini, borclunu saxlamağını bildirmişdir. Şəxsla rəsmi qaydada boşanmış, lakin bir evdə yaşayırlar. Birgə nikahdan 3 uşaqları var, ikisi yetkinlik yaşına çatıb, 1 uşağın 11 yaşı var, onun üçün aliment təyin olunmuş, borclu alimenti ödəmir. Uşaqlara qarşı özünü kobud aparır, onlara qarşı nalayiq ifadələr işlədir, hərdən ərzaq alır, onu da uşağın gözündən gətirir. Borclu evi satıb onları küçəyə atmaq istəyir. Həmin ev onlar evləndikdən 10 il sonra alınmış, həmin evdə onun və uşaqlarının payı vardır. Borclu bəzən bağlara meyvə yığmağa gedir, qazandığı pulu isə içkiyə xərcləyir. Həmçinin ona və uşaqlara qarşı əxlaqsız ifadələr işlədir. Dəfələrlə polisə şikayət etməsinə baxmayaraq, heç bir tədbir görülmür. O, borclu barəsində həbs növündə inzibati tənbeh təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 14 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol, tərəflərin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Şəxs barəsində Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7 tərəfindən xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət daxil olunmuşdur. - Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1899/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 30 sentyabr 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün ərizənin verildiyi tarixdən, yəni 21 may 2024-cü il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 200 (iki yüz) manat miqdarında aliment tutularaq iddiaçı X2 verilsin. Əlavə olaraq cavabdeh Şəxs iddiaçının azad edildiyi, aliment iddiasına görə müəyyən edilmiş 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu alınaraq dövlət nəfinə verilsin. - xx.xx.2025-ci il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7 tərəfindən 2(067)-1899/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul olunmuş və həmin tarixdə tələbin könüllü icrası haqqında bildiriş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilmişdir. - Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilməsi üçün xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli “Xəbərdarlıq”lar tərtib edilmişdir. - Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə verdiyi xx.xx.2025-ci il tarixli izahatından müəyyən edilir ki, borclu 2800 manat borcundan heç bir ödəniş edə bilmədiyini və səhhətilə əlaqədar işləyə bilmədiyini bildirmişdir. - Borclu barəsində məlumatları elektron sorğulaması sənədlərindən mülkiyyətində hər hansı əmlak və ya gəlir məlumatları olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddənin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi məsuliyyət yaradır və fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınaraq bir ayadək inzibati həbs tətbiq olunur. 3-cü maddəyə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəyə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəyə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. 15.2-ci maddənin tələblərinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları və onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3-cü maddəyə əsasən, məhkəmə aktının icra olunmaması və məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnaməsinin, qərarının və qərardadının vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab edilir. 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qərarın icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülkiprosessual, cinayət və inzibati qanunvericilikdə və bir sıra beynəlxalq normativ aktlarda öz izahatıni tapmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında qanuni qüvvəyə minmiş qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, «məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəyə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarlarının icra olunmamasındakı müddəti, borcun məbləğini, inzibati xətanın aliment borcu ilə əlaqədar olduğunu və pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilməz. Buna görə də, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs şəxsiyyətini, borcun məbləğini və icra məmurunun müəyyən tədbirlər görməsinə baxmayaraq, məhkəmə qərarlarının uzun müddət qərəzli olaraq icra olunmadığını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: xx xxxxx 1972-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Xaçmaz rayonu, Qobuqıraq kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 08 (səkkiz) gün müddətinə həbs növündə inzibati tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsə (inzibati qaydada tutulsun) alınsın. Həbsdə saxlama müddətinin əvvəli 14 avqust 2025-ci il tarixdən, saat 13:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-1174/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1174/2025
14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver