Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1180/2022 17.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Xaçmaz rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib olunmuş 21 iyun 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs Bakı Apellyasiya Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(103)-970/2021 saylı icra sənədini qərəzli şəkildə icra etmir. Bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsi nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə izahat verən Şəxs göstərdi ki, icra sənədində cavabdeh kimi onun yox, "xxxx" MMC-nin adı keçir. O, həmin müəssisənin təsisçisidir. Qanuni nümayəndə isə başqa şəxs olub. 25 iyul 2022-ci il tarixdə icra məmuru onun telefonuna zəng vuraraq onun borclu kimi məsuliyyətə cəlb olunacağını bildirmişdir. Halbuki, onun nəinki borclu olmasından, hətta bu barədə məhkəmə qətnaməsinin olmasından xəbəri olmamışdır. İcra Şöbəsində icra məmuruna qərardan xəbərsiz olması barədə bildirsə də, icra məmuru özünün tərtib etdiyi izahata ona imza etdirmiş və izahatda guya onun məkəmə qətnaməsini bilərəkdən, qərəzli şəkildə icra etməməsi görüntüsü yaratmağa çalışmışdır. O, qeyd edir ki, hazırda təsisçisi olduğu "xxxx" MMC fəaliyyətini dayandırmışdır. Əgər məhkəmə qətnaməsi müəssisənin fəaliyyətdə olduğu vaxt çıxarılsa idi, onda icra məmuru borc tələbini müəssisəsinin bank hesabına və əmlakına yönəltməli idi. Qeyd olunanları nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və tərəfin izahatını dinləyib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(103)-970/2021 saylı qətnaməsindən görünür ki, cavabdeh "xxxx" MMC-dən 25729 manat məbləğində pulun alınaraq iddiaçı X2 verilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(103)-970/2021 saylı qətnaməsi icraya yönəldilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 22.2-ci maddəsinə görə hüquqi şəxslər barəsində bu Məcəllənin 22.1.1-22.1.3-cü maddələrində nəzərdə tutulan inzibati tənbeh növləri tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta tərkibi olmadıqda xitam verilir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, işi materiallarından və yuxarıda sadalanan normalardan müəyyən olunur ki, Bakı Apellyasiya məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(103)-970/2021 X2 25729 manat pulu fiziki şəxs Şəxs yox, cavabdeh hüquqi şəxs "xxxx" MMC ödəməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Ümumi hissəsinin yuxarıda göstərilən maddələrinə əsasən hüquqi şəxslər müstəqil şəkildə inzibati məsuliyyətinə cəlb olunurlar. Elə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasından da görünür ki, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Bakı Apelyasiya məhkəməsinin icra vərəqəsi üzrə Şəxs proses iştirakçısı olmadığı üçün, onun üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. Xaçmaz rayon İcra və probasiya Şöbəsi Şəxs icra vərəqəsini etmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib etməkdə səhvə yol vermişdir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsini rəhbər tutaraq, Qəraraaldı: Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi olmadığından onun barəsində olan inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №3(067)-1180/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1180/2022
17.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver