Məhkəmə qərarları › İş №3(067)-119/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-119/2025

15.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-119/2025 15.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Xaçmaz RPŞ DYPB-nin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə 05 avqust 1961-ci ildə Xaçmaz rayonu, Qarabağı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Xaçmaz rayonu, Qarabağı kəndində qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci Xaçmaz rayon Polis Şöbəsindən maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Xaçmaz rayon Polis Şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Qeyd edilənlərlə bağlı Xaçmaz RPŞ DYPB-nin əməkdaşı, polis mayoru X3 tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsi ilə 12 yanvar 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Xaçmaz RPŞ-nin nümayəndəsi bildirmişdir ki, inzibati xəta haqqında protokol Xaçmaz RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru, polis mayoru Kənan Ağaliyev tərəfindən tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.2025-ci il tarixdə, səhər saatlarında Xaçmaz RPŞ-nin DYPB-nin YPXnin əməkdaşları tərəfindən saxlanıldıqdan sonra alkotester vasitəsilə sərxoşluq vəziyyətinin 0.3 promildən yuxarı həddə olduğu müəyyən olunmuşdur. Həmçinin avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Əlavə olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə cəza təyini zamanı əlillik dərəcəsinin olmasını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs izahat verərəkbildirmişdir ki, o, 11 yanvar 2025-ci il tarixdə, saat 15 radələrində spirtli içki qəbul etmiş və növbəti gün səhər saatlarında Xaçmaz rayonu, Niyazoba kəndi yolunda Xaçmaz RPŞ-nin DYPB-nin YPX-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Həmçinin avtomobil öz adına olmasına baxmayaraq sürücülük hüququ (vəsiqəsi) olmadan idarə etmişdir. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış və ikinci qrup əlil olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində cəlb edilmiş X3 izahat verərək bildirmişdir ki, Xaçmaz rayonu, Niyazoba kəndi istiqamətində Xaçmaz RPŞ-nin DYPB-nin YPX-nin xidməti avtomobili ilə xidmətdə olduqları zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs idarə etdiyi “VAZ 2106” minik markalı, ** BR *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən həmin avtomobilin yol hərəkətindən kənarlaşdırılması barəsində qərarın olduğu müəyyən edildiyindən saxlama işarəsi verilmişdir. Sürücü ilə ünsiyyət zamanı onun nəfəsindən spirtli içki qoxusu gəldiyindən alkotester vasitəsilə sərxoşluq vəziyyəti müayinə olunmuşdur. Sürücünün sərxoşluq vəziyyəti müayinə olunan zaman onun sərxoş vəziyyətdə avtomobili idarə etdiyi müəyyən olunmuşdur. Həmçinin sürücü sərxoşluq vəziyyətinin müayinə olunmasına etirazını bildirməmişdir və nəticəsi ilə razılaşmışdır. Bundan sonra barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq nəqliyyat vasitəsi duracağa aparılması təmin olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən edilir ki, Şəxs spirtli içki təsiri altında avtomobili idarə etdiyinə görə barəsində Azərbaycan Respublikasının İXM-nin 334.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixdə, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. - xx.xx.2025-ci il tarixli barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatından müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə o, 200 qram spirtli içki qəbul edib xx.xx.2025-ci il tarixdə səhər saatlarında özünə məxsus “VAZ 2106” minik markalı, ** BR *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən Xaçmaz rayonu, Niyazoba kəndi yolunda Xaçmaz RPŞ-nin DYPB-nin əməkdaşının saxlama işarəsindən sonra idarə etdiyi avtomobili saxlamış və ona yaxınlaşan yol polisi əməkdaşında şübhə yarandığından, sonuncunun xidməti istifadəsində olan alkotester cihazı vasitəsilə nəfəs yolu ilə sərxoşluq vəziyyəti yoxlandığı zaman onda 0,465 faiz alkoqol sərxoşluğu müəyyən edilmişdir. - Xaçmaz rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(067)-1249/2024 nömrəli qərarından müəyyən edilir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə edilmişdir. - Xaçmaz RPŞ-nin DYPB-nin sürücünün sərxoşluğunun müəyyən edilməsi haqqında qəbzdən müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə Şəxs “VAZ 2106” minik markalı, ** BR *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən onda 0.4 promil sərxoşluq vəziyyəti müəyyən edilmişdir. - Avtonəqliyyat vasitəsinin saxlanca qəbul edilməsi barədə “Akt”dan müəyyən edilir ki, Xaçmaz RPŞ-nin DYPB-nin YPX-nin polis baş serjantı İ.Xankişiyev tərəfindən “VAZ 2106” minik markalı, ** BR *** dövlət nömrə nişanlı avtomobil duracağa yerləşdirilmişdir. - Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış və ona 2-ci qrup əlillik təyin olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidin ifadələri və iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 334.2-ci maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs orqanizminin funksiyalarının 61-80 faizpozulmasına görə əlilliyi olduğuna görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsi ilə nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinintətbiq edilməsi yol verilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 334.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünü təqsirli bilməsi ilə yanaşı işin digər materialları ilə tam sübuta yetirilmişdir.İnizibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azad etmək üçün əsaslar məhkəmə baxışında müəyyən edilməmişdir. Məhkəmə baxışında Şəxs səmimi peşmanlığını Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, Azərbaycan Respublikası ərazi bütövlüyü uğrundan aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı və orqanizminin funksiyalarının 61-80 faizpozulmasına görə əlilliyininolmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 34-1-ci maddəsi nəzərə alınmaqla inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: 05 avqust 1961-ci ildə Xaçmaz rayonu, Qarabağı kəndində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsi ilə təqsirli bilinsin və Azərbaycan Respublikasə İXM-nin 34-1-ci maddəsi nəzərə alınmaqla barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar