Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1192/2021 16.12.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1987-ci ildə Xaçmaz rayonunun Qalağan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonunun Qalağan kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3 və 334.3-cü maddələri ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ : Şəxs 15 dekabr 2021-ci il tarixdə saat 12 radələrində idarə etdiyi “Ford Transit” markalı, ** BT *** qeydiyyat nişanlı avtomobillə Xaçmaz şəhəri, Bakı prospektində hərəkətdə olarkən nəqliyyat vasitəsinin qabaq nömrə nişanının olmamasını müşahidə edən Xaçmaz rayon X7 X9 yol-patrul xidməti inspektoru tərəfindən saxlama işarəsi verilməsinə baxmayaraq hərəkətini davam etdirib nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan avtoxuliqanlıq hərəkətləri etmiş, dairədə “Lada qranta” markalı, Gəndob-Yalama yolunda Canaxır kəndi ərazisində “Ford tranzit” markalı nəqliyyat vasitələrinə toxunaraq həmin nəqliyyat vasitələrinin sahiblərinə maddi zərər vurmuş, Xaçmaz rayonunun Hülövlü kəndi ərazisində saxlanıldıqdan sonra yoxlama və tibbi müayinə zamanı onun sürücülük hüququ, eyni zamanda avtomobilə aid etibarnaməsinin olmadığı, həmçinin nəqliyyat vasitəsini narkotik vasitənin qəbulu nəticəsində yaranmış sərxoşluq vəziyyətində idarə etməsi müəyyən edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3 və 334.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, 15 dekabr 2021-ci il tarixdə saat 12 radələrində “Ford Transit” markalı, ** BT *** qeydiyyat nişanlı avtomobillə Xaçmaz şəhəri, Bakı prospektində hərəkətdə olarkən nəqliyyat vasitəsində qabaq nömrə nişanı olmamasını müşahidə edən Xaçmaz rayon X7 X9 yol-patrul xidməti inspektoru tərəfindən saxlama işarəsi verilməsinə baxmayaraq avtomobilinə yazılan cərimələr çox olduğundan nəqliyyat vasitəsini saxlamayıb sürətini artıraraq hərəkətini davam etdirmiş, təhlükəli manevrlər edərək dairədə bir nəqliyyat vasitəsinə, Gəndob-Yalama yolunda qadağan olunmuş yerdə ötmə əməliyyatı apararaq digər nəqliyyat vasitəsinə toxunmuşdur. Bundan sonra Xaçmaz rayonunun Hülövlü kəndi ərazisində yol-patrul xidməti əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı onun avtomobili sürücülük hüququ və avtomobilə aid sənədlər olmadan idarə etməsi, həmçinin tibbi müayinə zamanı narkotik vasitə qəbul etməsi müəyyən edilmişdir. Törətdiyi xətaya görə peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilən Xaçmaz rayon X7 X9 inzibati təcrübə üzrə baş inspektoru X6 izahat verərək göstərdi ki, Şəxs 15 dekabr 2021-ci il tarixdə saat 12 radələrində idarə etdiyi “Ford Transit” markalı, ** BT *** qeydiyyat nişanlı avtomobillə Xaçmaz şəhəri, Bakı prospektində hərəkətdə olarkən nəqliyyat vasitəsində qabaq nömrə nişanı olmamasını müşahidə edən Xaçmaz rayon X7 X9 yol-patrul xidməti inspektoru tərəfindən saxlama işarəsi verilməsinə baxmayaraq hərəkətini davam etdirib nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan avtoxuliqanlıq hərəkətləri etmiş, dairədə avtomobili saxlamaq üçün tərəflərindən süni tıxac yaradılsa da avtomobili saxlamayıb beton maneənin üzərinə çıxıb həmin yerdən uzaqlaşmaq istəyərkən dairənin yaxınlığında durmuş “Lada qranta” markalı avtomobilin sol arxa hissəsi ilə toqquşmuş, daha sonra hərəkətini davam etdirib Gəndob-Yalama yolunda Canaxır kəndi ərazisində qadağan olunmuş yerdə ötmə əməliyyatı apararaq qarşısında hərəkətdə olan “Ford tranzit” markalı nəqliyyat vasitəsinə toxunmaqla həmin nəqliyyat vasitələrinin sahiblərinə maddi zərər vurmuş, Xaçmaz rayonunun Hülövlü kəndi ərazisində saxlanıldıqdan sonra yoxlama və tibbi müayinə zamanı onun sürücülük hüququ, eyni zamanda avtomobilə aid etibarnaməsinin olmadığı, həmçinin nəqliyyat vasitəsini narkotik vasitənin qəbulu nəticəsində yaranmış sərxoşluq vəziyyətində idarə etməsi müəyyən edilmişdir. Bütün bu proseslərin görüntüləri xidməti patrul avomobillərindəki videoqeydiyyat cihazı vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Xaçmaz rayon X7 Yol polisi bölməsi yol-patrul xidməti inspektorları X5 və X4 iş üzrə şahid qismində dindirilən Xaçmaz rayon X7 X9 inzibati təcrübə üzrə baş inspektoru X2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə işdə inzibati xəta törətmiş şəxsin izahatını, şahidlərin ifadələrini dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3 və 334.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 16 dekabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, şahid ifadələri, hadisənin video görüntüsünə dair disk, iş materiallarında olan zərərçəkmiş şəxslərin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Belə ki, iş materiallarında olan 15 dekabr 2021-ci il tarixli, 52 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs 15 dekabr 2021-ci il tarixdə saat 13:50 radələrində Xaçmaz rayon Mərkəzi Xəstəxanasında həkim narkoloqun müayinəsindən keçirilmiş və onda narkotik maddə (THC çətənə bitkisi) qəbulu nəticəsində məst olma, yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. İş materiallarında olan Xaçmaz 1 saylı Texniki Xidmət Stansiyası tərəfindən verilmiş 16 dekabr 2021-ci il tarixli ziyan aktndan görünür ki, Şəxs törətdiyi inzibati xəta hadisəsi nəticəsində “Ford Transit” markalı, ** UF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X1 ümumilikdə 125 manat məbləğində maddi zərər dəymişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli 209 saylı qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə alkoqolun konsentrasiyasının 0,3 promil və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin 8-ci bəndinin tələbinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında nəqliyyat vasitəsini idarə etməməlidir. Göründüyü kimi, Şəxs “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin 8-ci bəndi ilə üzərinə vəzifə olaraq qoyulmuş hərəkət təhlükəsizliyi üçün qorxu törədən narkotik vasitədən istifadə edərək nəqliyyat vasitəsini idarə etməməli olduğu halda bunu etmiş və bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli, hüquqa zidd əməl törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi xətada özünü təqsirli bilərək hərəkətlərindən səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs səlahiyyətli şəxslərin hüquqazidd hərəkətlərini dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətlərini davam etdirməsini məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Odur ki, məhkəmə hesab edir ki, Şəxs daha ciddi xətaya görə müəyyən edilmiş Azərbaycan Respublikasının 334.3-cü maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh təyin edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3 və 334.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinərək ona 30 (otuz) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsin əvvəli 16 dekabr 2021-ci il tarixdə saat 17:15-dən hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №3(067)-1192/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1192/2021
16.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver