Məhkəmə qərarları › İş №3(067)-1192/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1192/2022

19.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1192/2022 19.08.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, şikayət vermiş şəxs X1, Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, xx.xx.1955-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri, R.Axundov küçəsi ev 31-də qeydiyyatda olmaqla yaşayan X1 Şimal Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2022-ci il tarixli, 01400/1630 saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X2 məhkəməyə müraciət edərək Şimal Ərazi Baş Gömrük İdarəsinin inzibati tənbehvermə haqqında xx.xx.2022-ci il tarixli, 01400/1630 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, Şimal Ərazi Baş Gömrük İdarəsinin inzibati tənbehvermə haqqında xx.xx.2022-ci il tarixli, 01400/1630 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib barəsində 8017,62 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir ona görə ki, xx.xx.2018-ci il tarixli **********0475 saylı gömrük bəyannaməsi üzrə Şimal Ərazi Baş Gömrük İdarəsində konsiqnasiya yolu ilə rəsmləşdirərək ixrac etdiyi yüklərin müqabilimdə köçürülməli olan 9432.50 ABŞ dolları (16035.25 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməmişdir. Həmçinin bildirmişdir ki, üç ildən də artıq müddət keçdikdən sonra həmin qərarla onun barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Qeyd olunanlara əsasən, barəsində Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 01400/1630 saylı qərarının inzibati məsuliyyətə cəlbetmə müddəti keçməklə qanunsuz olaraq qəbul olunduğundan ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, barəsində qəbul edilmiş bu qərar 4 il sonra qəbul edilmişdir. Məhkəmə iclasında Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi barəsində şikayət verilmiş qərarın qanuni olduğunu, qərar qəbul edilərkən cəlbetmə müddətinin keçmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, qeyd olunan inzibati tənbehvermə haqqında qərardan görünür ki, Şimal Ərazi Baş Gömrük İdarəsi, Gömrük Prosedurları və Ödənişləri Şöbəsinin xx.xx.2022-ci il tarixli, 34/012/004033 saylı raportunun icrası ilə əlaqədar olaraq X2 tərəfindən xx.xx.2018-ci il tarixli **********0475 saylı gömrük bəyannaməsi üzrə Şimal Ərazi Baş Gömrük İdarəsində konsiqnasiya yolu ilə rəsmiləşdirərək ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan 9432,50 ABŞ dolları (16035,25 manat) məbləğində vəsaitin MMC-nin müvəkkil bankda olan hesabına köçürülmədiyi qeyd edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2-ci və 114.2.1-ci maddələrinə görə, inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə görə, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsini rəhbər tutaraq, qəraraaldım: Şikayət təmin edilsin. Şimal Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2022-ci il tarixli, 01400/1630 saylı inzibati tənbehvermə haqqında qərarı ləğv edilsin və inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Sumqayıt apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar