Məhkəmə qərarları › İş №3(067)-120/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-120/2021

09.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-120/2021 09.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 və barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu Qaraçay-cek kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Xaçmaz rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Xaçmaz rayon İcra və Probasiya şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx xxxxxx 2021-ci il tarixdə Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Xaçmaz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-3746/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən iki uşağının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 90 manat cəmi 180 manat məbləğində aliment alınaraq X4 qızına verilməsi təmin olunmalıdır. Qərar müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borcluya bildirişlər göndərilmişdir. İş üzrə borclu Şəxs dəfələrlə borcunun ödənilməsi və icra şöbəsinə gəlməsi barədə xəbərdarlıq olunsada o, icra şöbəsinə gəlməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildirişlər və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar verilməsinə baxmayaraq o, borcunu ödəməkdən üzrsüz səbəbdən yayınır. 2021-ci ilin yanvar ayı daxil olmaqla Şəxs aliment borcu cəmi 10650 (on min altı yüz əlli) manat təşkil edir. Şəxs icra vərəqəsi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da Şəxs borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Aparılmış icra tədbirləri nəticəsində borclunun adına tələbin yönəldilə biləcəyi rəsmiləşdirilmiş daşınar və daşınmaz əmlak, pensiya, təqaüd və ya müavinət, həmçinin bankda pul vəsaitləri aşkar edilməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş böyük icra məmuru X3 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, lakin borclu icra sənədində göstərilən borcundan bütün müddət ərzində yalnız 870 manat pul ödəmiş, qalan müddətlərdə isə heç bir ödəniş etməmişdir. Bundan başqa, borclu məhkəmə icra sənədi ilə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyinə görə xx xxxxxxx 2016-cı il tarixdə Xaçmaz rayon məhkəməsinin qərarı ilə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən ilə 10 gün inzibati həbs tənbeh növü seçilmiş, xx xxxxxxx 2020-ci il tarixdə isə barəsində Xaçmaz rayon İcra və Probasiya şöbəsində axtarış elan olunmuşdur. xx xxxxxx 2020-ci il tarixdə borclu Şəxs Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq, İcra və probasiya Şöbəsinə təhvil verildikdən sonra, bir gün ərzində tələbkara pul ödəyəcəyi barədə yazılı iltizam versə də, yayınmağa davam etmişdir. Borclu Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunu inkar etmir. Borcunu ödəməmə səbəbi maddi imkanının yaxşı olmamasıdır. Hal-hazırda işsizdir. Bu səbəbdən aliment borcunu ödəmək imkanı yoxdur. İş materiallarında olan Xaçmaz rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(067)-3746/2015 saylı icra vərəqəsindən görünür ki, iki uşağının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 90 manat cəmi 180 manat məbləğində aliment cavabdeh Şəxs alınaraq iddiaçı X2 ödənilməlidir. İş materiallarında olan “İcraata başlamaq haqqında” xx xxxxxx 2015-ci il tarixli qərardan görünür ki, Xaçmaz rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(067)-3746/2015 nömrəli icra sənədi əsasında icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlə birlikdə borclu Şəxs təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(067)-3746/2015 nömrəli icra sənədlərini könüllü icra etməsi üçün borclu Şəxs tələbi könüllü icra etməsi üçün 10 gün müddətində vaxt verilmişdir. İş materiallarından görünür ki, borclunun adına tələbin yönəldilə biləcəyi əmlakının, bankda pul vəsaitinin olub olmaması barədə müvafiq orqanlara sorğular edilmiş, lakin borclunun adına tələbin yönəldilə biləcəyi əmlakı, bankda pul vəsaiti aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qətnaməsinin icrasını üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Xaçmaz rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(067)-3746/2015 saylı icra vərəqəsinin icrasını təmin etmir. Habelə hal hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmış, Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, ödənilməmiş aliment borcunun məbləğini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, onun barəsində 15 (on beş) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx xxxxxx 2021-ci il tarixdən saat 15:40-dan hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Xaçmaz rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar