Məhkəmə qərarları › İş №3(067)-120/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-120/2024

13.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-120/2024 13.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Qərardan şikayət vermiş X5 iştirakları ilə, X5 Bakı şəhəri BPİ-nin X12 İdarəsi TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: X5 Bakı şəhəri BPİ-nin X12 İdarəsi TP seriyalı ******* saylı qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X6 şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, 05 yanvar 2024-cü ildə o, öz yolu ilə hərəkətdə olarkən Bakı şəhəri ərazisində Rəşid Behbudov küçəsində ** YP *** nömrəli yol polisinə məxsus nəqliyyat vasitəsini idarə edən yol polisi əməkdaşı Vüqar Abbasov tərəfindən verilmiş saxla əmrinə tabe olaraq nəqliyyat vasitəsini saxlamışdır. O, polis əməkdaşından saxlama səbəbini soruşduqda isə polis əməkdaşı ona xarici işıq cihazlarının qeyri qanuni olduğunu demişdir. O, isə bunun təmamilə qanuni olduğunu bildirərək həmin işıqlarda lupa bir də lupa dəstəkləyici reflektor ilə tənmzinləndiyini demişir. Polis əməkdaşı bundan sonra ona nəqliyyat vasitəsini nəqliyyat vasitəsini, nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş avto duracaq yerləşdirilməsini məsələ ilə bağlı orda aydınlıq gətiriləcəyini bildirdiyi üçün o, polis əməkdaşına heç bir söz demədən nəqliyyat vasitəsini duracaqda yerləşdirmişdir. Bundan sonra polis əməkdaşı ona heç bir söz demədən çıxıb ordan getmişdir. O, orda nəqliyyat vasitəsinin yanında qalaraq polis əməkdaşını gözləmişdir, lakin polis əməkdaşının gəlmədiyini görərək bu haqda 102 və 902 xətt xidmələtlərinə məlumat verərək, barəsində qərarsız protokol yazılmasını və onun çıxıb getməsinə icazə verilməsini demişdir. Qeyd olunan hallarla bağlı o, 06-sı tarixində X10 müraciət etdiyində onun əməlinin qanuni olduğunu aydınlşadırmaqdan ötrü ekspert lazım olduğu bildirilmişdir. Bundan sonra o, məsələyə aydınlıq gətirilməsi ilə bağlı ekspertə müraciət etmişdir. Ekspertdən o, məlumat aldıqda isə bu farada öz üzərində HC dəstəklidir, yəni bu tövsif olunan ağ işığa həm də ki, DC-yə dəstəkliyir. HC-yə hologenə dəstəkləmək deməkdir, DC isə sinon dəstəkləmək deməkdir. Onun nəqliyyat vasitəsi isə həm DC-nin dəstəklədiyini həm də HC-nin dıstəklədiyindən ona bununla bağlı cərimə düşmədiyini bildirmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhər X12 İdarəsinin polis kapitanı X1 məhkəməyə şifahi müraciət edərək yol uzaq olduğundan məhkəmə iclasına gələ bilməyəcəyini işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq inzibati xəta protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 şikayət ərizəsinin məzmununa uyğun izahat vermiş, həmçinin bildirmişdir ki, nəqliyyat vasitəsi Led işiqlara görə cərimə meydançasına yerləşdirilsə də, o, nəqliyyat vasitəsini cərimə meydançasından təhvil ala bilmişdir. Maşınını cərimə meydançasından çıxaran zaman, Led işiqlarını sökməmişdir və eyni halda avtomobili cərimə meydançasından təhvil almışdır. Bunu təsdiq edən videogörüntünü də məhkəməyə təqdim etmişdir. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayət vermiş şəxsin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri X12 İdarəsinin 20 yanvar 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 05 yanvar 2023-cü il tarixdə saat 19:23-də idarə etdiyi HYUNDAİ GRANDEUR minik markalı ** EF *** dövlət qeydiyyat nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 342.5 və 342.2.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qərarı qəbul etmiş olan X11 əməkdaşı tərəfindən məhkəməyə şikayətçiyə məxsus Hyundaı markalı ** EF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərindən “LED” işıqlarını sökülməsi ilə bağlı akt göndərilmiş, lakin məhkəmə prosesində şikayətçi isə qeyd olunanların tam əksi olaraq cərimə meydançasından nəqliyyat vasitəsini çıxararkən həmin “LED” işıqlarının çaxarılması ilə bağlı video yazını məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 342-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması bunlardır:

1. 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə əsasən,

2. 342.5-ci maddəsinə əsasən Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, Beləliklə də, məhkəmə işin faktiki hallarına uyğun olaraq, qeyd edir ki, X2 markalı ** EF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində “LED” işıqlarını quraşdırdığı üçün inzibati məsuliyyətə cəlb olunaraq, həmin işiqların sökülməsi ilə bağlı akt tərtib olunsa da, faktiki olaraq sözügedən işıqlar sökülməmiş və avtomobil cərimə meydançasından buraxılarkən həmin işıqlar avtomobilin üzərində qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, X6 barəsində olan Bakı şəhər X12 İdarəsinin 20 yanvar 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X5 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 342.2.2 və 342.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi aydınlaşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati tənbeh vermə haqqında qanunvericiliyin tələbləri inzibati tənbeh vermə haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş 20 yanvar 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM:

Şikayət qismən təmin edilsin. Bakı şəhər X12 İdarəsinin 20 yanvar 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin quruma göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar