Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1208/2024 14.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Xaçmaz rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonunun Çinartala kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin Yol-Patrul Xidməti Alayının 2-ci Tağımından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ : Şəxs 28 sentyabr 2024-cü il tarixdə saat 20:40 radələrində yaşadığı Xaçmaz rayonunun Çinartala kəndi ərazisində təsərrüfatında olan atı saxlanc yerində lazımi qaydada cilovlamaması və nəzarətsiz buraxması səbəbindən at olduğu yerdən qaçaraq Gəndob-Yalama yolunun 37-ci km-də nəqliyyat vasitələrinin sürətli hərəkət etdiyi hərəkət yoluna çıxmış, nəticədə həmin yol ilə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Mersedes Benz VİTO 111 CDİ” markalı, 90JD626 dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna qəflətən çıxmaqla yol-nəqliyyat hadisəsi baş vermiş, hadisə nəticəsində “Mersedes Benz VİTO 111 CDİ” markalı avtomobilin sahibinə maddi zərər dəymişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq gəlməmiş, Zərərçəkmiş şəxs məhkəməyə ərizəsini göndərməklə işləri ilə bağlı məhkmə iclasında iştirak edə bilməyəcəyini bildirməklə işə iştirakı olmadan baxılmasını xahiş etmişdir Məhkəmə işə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq inzibati xəta protokol tərtib etmiş orqanın nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edilmişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 28 sentyabr 2024-cü il tarixdə axşam saatlarına özünə məxsus atı yaşadığı Xaçmaz rayonunun Çinartala kəndindəki evinin həyətində saxlanc yerində cilovlayıb öz işlərinin arxasınca getmiş, həmin gün axşam saatlarında kəndin yaxınlığında yolun kənarında yerləşən mağazaya gedərkən həmin ərazidə çoxlu adamların toplaşdığını görüb yaxınlaşdıqda yolun kənarında ona məxsus atın “Mersedes Benz VİTO” markalı avtomobil tərəfindən vurulduğunu, atın hadisə yerindəcə öldüyünü, avtomobilin isə hadisə nəticəsində zərbədən əzildiyini görmüşdür. Atı həyətində cilovlasa da at çilovdan dartınaraq küçəyə qaçmış və ondan asılı olmayan səbəbdən bu hadisə baş vermişdir. Hadisədən sonra dəymiş ziyanın ödənilməsi ilə bağlı “Mersedes VİTO” markalı avtomobilin sahibi- Zərərçəkmiş şəxs ilə razılıq əldə edərək ona 700 manat pul ödəmişdir. Göstərilənlər nəzərə alınmaqla barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını xahiş edir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün etirafı, zərərçəkmiş şəxsin iş materiallarına olan izahatı, tərtib olunmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokol və digər iş materialları ilə tamamilə sübuta yetirilir. Belə ki, inzibati xəta haqqında protokola əlavə edilmiş “Avtomotoservis və Ticarət Müəssisəsi” Xaçmaz 1 saylı Texniki xidmət stansiyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1802 nömrəli ziyan aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mersedes Benz VİTO 111 CDİ” markalı, 90JD626 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs ümumilikdə 1384 manat məbləğində maddi zərər dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halları, məsuliyyətinin ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin aşağı həddinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib onun barəsində 100 (bir yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №3(067)-1208/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1208/2024
14.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver