Məhkəmə qərarları › İş №3(067)-122/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-122/2023

19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-122/2023 19.01.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510-cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materialı məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏNETDİ: Məhkəmənin icraatına Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında material daxil olmuşdur. İş materialları təhlil olunarkən müəyyən etdim ki, Xaçmaz rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə tərtib edilmiş 19 yanvar 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə material natamamdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Lakin Xaçmaz RPŞ-dən daxil olmuş material tərəfimdən araşdırılarkən müəyyən edilmişdir ki, inzibati xətanın törədildiyi vaxtı inzibati xəta haqqında protokolda qeyd olunmayıb. Bundan başqa, inzibati xəta haqqında iş materiallarında belə inzibati xətanın nə vaxt törədildiyi dəqiq qeyd olunmayıb. İş materiallarından görünür ki, X1 xx.xx.2022-ci il tarixdə Xaçmaz rayon Polis Şöbəsinə müraciət edərək inzibati xətanın təxminən 1 ay bundan öncə baş verməsi göstərmişdir. Material üzrə izahatları alınmış digər şəxslərdən də heç biri inzibati xətanın törədilməsinin dəqiq vaxtını qeyd etməmişlər və buna baxmayaraq, inzibati icraat zamanı inzibati xətanın konkret olaraq nə vaxt baş verməsi ümumiyyətlə araşdırılmamışdır. İnzibati xətanın konkret olaraq nə vaxt baş verməsi ilə bağlı tərəflərə müvafiq suallar verilməmişdir. Bu isə gəlib ona çıxarır ki, şəxsin müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad olunması məsələsinə düzgün hüquqi qiymət verilməsi mümkün olmur. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Belə olan halda hesab edirəm ki, Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə toplanmış material natamam olduğundan Xaçmaz rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə toplanmış material Xaçmaz rayon Polis Şöbəsinə geri qaytarılsın. HAKİM SƏRXAN SƏMƏDZADƏ.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar