Məhkəmə qərarları › İş №3(067)-1240/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1240/2025

15.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1240/2025 15.09.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Qərardan şikayət vermiş şəxs X4 iştirakı ilə, 09 may 1993-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, ünvan 1 ünvanda yaşayan X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Quba-Xaçmaz regional şöbəsinin 05 avqust 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğvinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Quba-Xaçmaz regional şöbəsinin 05 avqust 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X8 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, sahibkar kimi VÖEN əsasında Xaçmaz rayonu ərazisində əlvan metallarının alışı və satışı ilə məşğul olaraq qazanc əldə edir. Belə bir iş yerinin olmasına baxmayaraq onun heç bir işçisi yoxdur. Yığılmış metalları ağır yük maşınına yükləmək üçün günəmuzd fəhlə gətirmişdir, lakin o, onların heç biri ilə əmək müqaviləsi bağlamamışdır. Sadəcə günə muzd olaraq çalışaraq həmin yükləri nəqliyyat vasitəsinə yükləmişlər. Fəhlələr işlərini bitirdikdən sonra onların pullarını vermişdir. Fəhlələr ona yenə iş olsa onlara müraciət etmələri üçün hətta mobil telefon nömrələrini də ona vermişlər. Bundan sonra o, həmin fəhlələrdən Telman Heydərova işlədiyi obyektdə iş olduğunu və onu işləmək üçün obyektə çağırdığı zaman Telman orda yıxılaraq xəsarət almışdır. Bundan sonra Telman Heydərovun atası Telmanın xəsarət alması ilə bağlı ondan pul tələb etmiş, o isə, pulu vermədiyi üçün ərizə ilə hər yerə müraciət etmişdir. Qeyd edilən müraciət əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Quba-Xaçmaz regional şöbəsinin əməkdaşları iş yerinə gələrək heç bir əmək müqaviləsi bağlamadan günə muzd olaraq fəhlə işlətməsi ilə bağlı barəsində müvafiq qərar qəbul edilmişdir. O, da həmin qərarla razılaşmayaraq məhkəməyə müraciət etmişdir. İnzibati qərar qəbul etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Quba-Xaçmaz regional şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, X8 əlvan metalların alışı və satışı ilə məşğul olan bir vəzifəli şəxs qismində öz ticarət nöqtəsində yüklərin yüklənməsi ilə bağlı heç bir əmək və ya xidmət müqavilə bağlamadan Telman Heydərovu fəhlə qismində işlətmiş və bununla da o, qüvvədə olan Qanunvericiliyinin tələblərini pozmuşdur. Xidmət müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə tənzimlənmir və sifarişçi ilə icraçı arasında qarşılıqlı razılıq əsasında xidmət haqqı müəyyənləşdirilməklə konkret xidmətlərin, işlərin görülməsi məqsədi ilə bağlanır. Xidmət müqaviləsi mülki qanunvericiliklə tənzimləndiyinə görə müqavilə azadlığı prinsipinə uyğun olaraq bağlanılır və tərəflər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. İş materiallarına əlavə edilmiş vətəndaş X3 atası tərəfindən X9 Xidmətinə etmiş olduğu müraciətindən görünür ki, o, X8 tərəfindən əmək müqaviləsi bağlamadan Əlvan metalların yük maşına yüklənmə işinə cəlb edilərək işlədildiyini bildirərək, X8 tərəfindən əmək haqqının verməsinə köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş X9 Xidmətinin Avtomatlaşdırılmış sistemindən çıxarışdan görünür ki, vəzifəli X8 ilə vətəndaş X7 arasında əmək müqaviləsi bağlanmamışdır. İş materiallarına əlavə edilmiş Fiziki şəxsin sahibkarlıq uçotu haqqında Şəhadətnamənin surətindən görünür ki, X8 hüquqi şəxs yaratmadan sahiblikarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. (VÖEN **********) İş materiallarına əlavə edilmiş 15 avqust 2025-ci il tarixli MN seriyalı № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş X7 20 fevral 2025-ci il tarixdə və 09 mart 2025-ci il tarixlərdə X8 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin görülməsi üçün işə cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş 15 avqust 2025-ci il tarixli MN seriyalı № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan qərardan görünür ki, 05 avqust 2025-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol əsasında, Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsinə əsasən (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) vəzifəli şəxs X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 3000 (üç min) manat cərimə olunmuşdur. Beləliklə, məhkəmədə müəyyən edilmiş işin faktiki hallarından göründüyü kimi vəzifəli şəxs X8 ona görə inzibati məsuliyyətə cəlb edilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxs vətəndaş X5 hər hansı işlərin görülməsinə cəlb etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin maddənin 2-1-ci bəndinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. 15-ci maddəsinin 2-ci bəndinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan səlahiyyəti çərçivəsində əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 17-ci maddəsinə görə vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar.Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə şikayət verən vəzifəli şəxs X6 istinad edilən inzibati xətaya inzibatixətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-nin 192.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə şikayət verən X4 əməlin yanlış tövsifi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş Fiziki şəxsin sahibkarlıq uçotu haqqında Şəhadətnamənin surətinə əsasən o, hüquqi şəxs yaratmadan sahiblikarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir (VÖEN **********). Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə görə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Belə olan halda aydın olur ki, şikayət verən X4 əməlin yanlış tövsifi ilə bağlı dəlilləri əsassızdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Quba-Xaçmaz regional şöbəsinin 15 avqust 2025-ci il tarixli, MN seriyalı № ******* saylı qərarından X8 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X4 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Quba-Xaçmaz regional şöbəsinin 15 avqust 2025-ci il tarixli, MN seriyalı № 180819 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar