Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1270/2025 05.09.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Xaçmaz rayonu, Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Xaçmaz rayon İcra və X4 Rayon Məhkəməsinə baxılması üçün Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 05 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi Xaçmaz rayon məhkəməsinin 2(067)-670/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borcludan 10030 manat pul vəsaiti alınaraq tələbkara verilməlidir. Borclu 5730 manat borcu ödəməyərək Xaçmaz rayon İcra və Probasiya şöbəsində saat 12:00-da icra məmurunun qanuni tələbini icra etməmişdir. Məhkəmə iclas zalında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin qərarına əsasən Şəxs 10000 manat məbləğində əsas borc və 30 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 10030 manat pul vəsaiti X5 ödənilməlidir. İcra sənədi xx.xx.2019-cu il tarixdə icra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. Borclu bu günə qədər borcundan 4300 manat ödəniş etmişdir. Hal-hazırda 5730 manat borcu qalmışdır. Qeyd olunan qalıb borc ödənilmədiyi üçün borclunun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Həmçinin tələbkarın atasının borclunun atasına borcu var və bununla əlaqədar başqa icra sənədi var, izahatı isə özünə aid icra sənədi üzrə alınmışdır. O, qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclas zalında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, pul ilk əvvəl tələbkarın atasına ödənilib, atası həmin pulu oğluna verməmişdir. Sonradan tələbkarın atası icra şöbəsinə dəvət olunmuş, bu barədə izahat vermişdir. Ümumilikdə atasına 7000 manat pul ödənilmiş, onda bunu təsdiq edəcək sənədlər vardır. O, hərbiçi kimi işləmiş, tələbkar da onun iş yoldaşı olmuşdur. Belə ki, o, bankdan kredit götürdüyü zaman tələbkar onun üçün, o da tələbkar üçün zamin dayanmışdır. Hərbi xidmət zamanı o həbs olunduğundan banka olan borcunu tələbkar ödəmişdir. O, bu zaman ərzində işsiz olmuş, lakin avqust ayında işə qəbul olmuşdur. 5 aydır ki, borcundan ödəniş etmir, borcunu ödəməkdən boyun qaçırmır, qalan məbləği hissə-hissə ödəyəcəkdir,. İnzibati qaydada cərimə olunarsa cərimə məbləğini ödəmək imkanı yoxdur. Barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 05 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol, tərəflərin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Şəxs barəsində Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət daxil olunmuşdur. - Xaçmaz rayon məhkəməsinin 2(067)-670/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 10000 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı X5 ödənilməlidir. - xx.xx.2019-cu il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən 2(067)-670/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul olunmuş və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilmişdir. - xx.xx.2025-ci il tarixdə borclu Şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə verdiyi izahatından görünür ki, icra sənədi üzrə bu günədək 4300 manat ödəniş etmiş, tam şəkildə ödəməməsinin səbəbi isə işsiz olması olmuşdur. - Borcluya xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixdə “Xəbərdarlıq” məktubları təqdim olunmuşdur. - Borclu barəsində məlumatları elektron sorğulaması sənədlərindən adında “RENAULT MEGANE” minik markalı, ** ZN ***dövlət nömrə nişanlı avtomobil müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti ağırlaşdıran halların olmamasını, onun cəmiyyətdən təcrid edilməməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq, onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin aşağı həddə tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx xxxxxxx 1987-ci ildə Xaçmaz rayonu, Xudat şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-1270/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1270/2025
05.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver