Məhkəmə qərarları › İş №3(067)-1271/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1271/2023

05.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1271/2023 05.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Xaçmaz rayonunun Köhnə- Xaçmaz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Xaçmaz rayon məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(067)-1997/2022 saylı qətnaməsinə əsasən borclu Şəxs 23 dekabr 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit məbləğdə alimentin tutularaq X1 verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilsə də, borclu Şəxs məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, müəyyən olunmuş müddətdə icra sənədini üzrsüz olaraq icra etməmişdir. Buna görə də Xaçmaz rayon İcra və probasiya tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclası zamanı Xaçmaz rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X6 məhkəmə iclasında göstərdi ki, Xaçmaz rayon məhkəməsinin 31 avqust 2022ci il tarixli, 2(067)-1997/2022 saylı qətnaməsinə əsasən borclu Şəxs 23 dekabr 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit məbləğdə alimentin tutularaq X1 verilməsi qət edilmişdir. Alimentin tutulması 03 iyun 2022ci il tarixdən başlanmışdır. Hal-hazırda borclunun aliment üzrə yaranmış borcu 1380 manat təşkil edir. Borclu il ərzində təkrarən inzibati məsuliyyətə cəlb edildiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati protokol tərtrtib edillərək barəsində tədbir görülməsi ilə əlaqədar məhkəməyə təqdim edilmişdir. Bundan əvvəl ilk dəfə inzibati məsuliyyətə 09 mart 2023-cü il tarixdə cəlb edildiyi vaxt onun aliment üzrə 827 manat borcu olmuşdur. O, həmin borca görə inzibati məsuliyyətə cəlb edildikdən sonra, 7 ay keçmiş, lakin bu müddət ərzində aliment borcunu müntəzəm ödəmişdi. Borclu müddət ərzində 798 manat pul ödəniş etmişdir. 7 ay ərzində yığılmış aliment borcu 553 manat təşkil edir, qalan borc isə 09 mart 2023-cü ilədək yığılan borcdur. Tələbkar aliment borcunu birdəfəlik tələb etdiyindən protokol tərtib edilib. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, Xaçmaz rayon məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(067)-1997/2022 saylı qətnaməsinə əsasən ondan 23 dekabr 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit məbləğdə alimentin tutularaq X1 verilməsi qət edilmişdir. O, həmin aliment üzrə olan borcunu çalışdıqca ödəmişdir. 09 mart 2023-cü ildə inzibati məsuliyyətə cəlb olunduqdan sonra, müntəzəm olaraq aliment öhdəliklərini icra etmişdir. Hazırda 1380 manat borcu var, həmin borcdan 553 manatı 09 mart 2023-cü il tarixdən sonraya təsadüf edir. Hazırda yeni işə düzəldiyini və bundan sonrada aliment üzrə olan borcunu ödəyəcəyini bildirərək barəsində qərar qəbul edilərkən qeyd olunanları nəzərə alınmasını xahiş etmişdir. İşdə olan Xaçmaz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)-1997/2022 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 23.012.2019-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit məbləğdə alimentin tutularaq X1 verilməsi qət edilmişdir. İşdə olan Xaçmaz rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 3(067)-393/2023 saylı qərarına əsasən Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməklə 07 gün müddətinə inzibati həbs olunmuşdur. İşdə olan 05 oktyabr 2023-cü i tarixli MN ******* saylı protokoldan görünür ki, Xaçmaz rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli 2(067)-1997/2022 saylı icra vərəqi üzrə yaranmış 1380 manat məbləğində aliment borcu Şəxs tərəfindən 1 il ərzində yenidən ödənilmədiyindən, onun barəsində AR İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, borclunun izahatı, tələbkarın ərizəsini, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Borclunun izahatı və iş materialları ilə müəyyən edilir ki, borclu aliment borcunu müntəzəm şəkildə ödəsə də, tam şəkildə ödəməmişdir. Bu isə o deməkdir ki, borclu məhkəmə qətnaməsini icra etməkdən qəsdən boyun qaçırmamışdır. O, icra məmurunun tələbinə tabesizlik göstərməmiş və borcunu ödəməkdən boyun qaçırmamış və borcun ödənilməsi ilə bağlı tələbkarla razılığa gəlmişdir. İş materiallarında olan icra məmuru tərəfindən təqdim olunmuş tələbkarın bank hesabından çıxarışından müəyyən olunur ki, 09 mart 2023-cü il tarixdən sonrakı müddət ərzində tələbkarın hesabına müntəzəm olaraq aliment ödənişləri köçürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından borclu Şəxs barəsində inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 105.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraata xitam verilməsi haqqında qərarın surəi barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərərçəkmiş şəxsə göndərilir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar