Məhkəmə qərarları › İş №3(067)-1276/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1276/2024

10.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1276/2024 10.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Xaçmaz RPŞ-nin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2005-ci ildə Xaçmaz rayonunda anadan olan Azərbaycan Respublikası vətəndaşı, Xaçmaz şəhəri, A.Səlimov küçəsi 44 saylı evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir ondan ötrü ki, o, xx.xx.2024-cü il tarixdə Xaçmaz şəhər A.Mustafayev küçəsində xidmətdə olan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Xaçmaz RPŞ-nin nümayəndəsi X3 protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə qismən təqsirli bilərək qeyd etmişdir ki, həmin günü evdə münaqişə olmuşdu, ona görə də əsəbi olduğundan özündə olmamışdır. Telefonda əsəbi şəkildə danışmışdır. Ona yaxınlaşan şəxs mülki geyimdə olduğu üçün onun polis əməkdaşı olduğunu bilməmişdir. Ona söyüş söyməməyini demiş, o, da ona demişdir ki, get işinlə məşğul ol. Onu şöbəyə dəvət etmişlər, o, da ilk öncə polisin göstərişlərinə əməl etməsə də, sonradan onunla birlikdə şöbəyə getmişdir. Etdiyi hərəkətdən peşmandır. Qeyd edilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X4 göstərmişdir ki, ərazidə xidmətdə olarkən bir nəfər şəxsin söyüş söydüyünü görüb ona yaxınlaşmışdır. Onu nizam intizama dəvət etmiş, lakin o, dinləməmişdir. Sonra özünü təqdim edib, ona şöbəyə getməyi dəvət etmiş, Amin ilk öncə razılaşmasa da, sonradan onunla şöbəyə getmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, inzibati xəta haqqında protokolla, şahid ifadələri, özünün səmimi etirafı və iş materialları ilə tam sübuta yetirildiyindən o, həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs polis əməkdaşının qanuni tələbinə tabe olmayaraq inzibati xəta törətmişdir. - İnzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 08 oktyabr 2024-cü il tarixdə saat 19:00-da inzibati qaydada tutulmuş və xx.xx.2024-cü il tarixdə saat 17:00-da azad edilmişdir. - Şəxs polis bölməsində verdiyi izahatından görünür ki, o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığını etiraf edərək əməlindən peşman olduğunu bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 15-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. - 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, məhkəmə iclasında verilmiş izahatlar, özünün səmimi etirafı, şahid ifadəsi ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 535.1-ci maddəsi ilə təqsirli olması iş materiallarında olan sübutlarla təsdiq olunduğundan onun barəsində həmin maddənin sanksiyası daxilində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 34-1-ci maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, məsuliyyətini yüngülləşdirən hal kimi törətdiyi inzibati xətanı etiraf edərək peşman olmasını (İXM-32.1.1) nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: xx.xx.2005-ci ildə Xaçmaz şəhərində anadan olan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və onun Xaçmaz RPŞ tərəfindən inzibati qaydada tutulması nəzərə alınmaqla, barəsində 150 (yüz əlli) manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar