Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1280/2024 12.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz RPŞ-nin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1977-ci ildə Xaçmaz rayonu, Bay-oba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu, Bayoba kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq, müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, 11 oktyabr 2024-cü il tarixdə, saat 13:30 radələrində vətəndaş Şəxs Xaçmaz- Niyazoba kəndi yolunda DİN YPX-nin əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Xaçmaz RPŞ-nin nümayəndəsi izahatında bildirmişdir ki, YPX-nin əməkdaşları tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə yüksək sürətlə idarə etdiyi avtomobili saxlaması üçün sayrışan işıqlar və səs siqnalları vasitəsilə işarə verilmişdir. Lakin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polisin qanuni tələbinə tabe olmayaraq öz əməllərini davam etmiş və yüksək sürətlə ət kəsimi məntəqəsinə daxil olmağa çalışmışdır. Şəxs ət kəsimi məntəqəsinə daxil olduqdan sonra YPX-nin əməkdaşları tərəfindən ora Xaçmaz RPŞ-nin PPXB-nin əməkdaşları dəvət olunaraq PŞ-ya dəvət olunmuşdur. Şəxs orada polis əməkdaşları ilə mübahisə etmiş və polisin qanuni tələbinə tabe olmadığından Xaçmaz RPŞ-yə dəvət olunmuşdur. Əlavə olaraq bildirmişdir ki, polis əməkdaşları ilə mübahisə zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “erməni milləti yaxşı edib sizi qırır” deyə bildirmişdir. Məhkəmədən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xətaya dair icraat aparılan şəxs izahatında özünü təqsirli bilərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində Xaçmaz-Niyazoba kəndi yolunda idarə etdiyi yük avtomobili ilə hərəkətdə olduğu vaxt YPX-nin xidməti avtomobilin yanında ötərək keçmiş və ət kəsimi məntəqəsinə daxil olduğu vaxt çöl qapısının qarşısında YPX-nin əməkdaşları tərəfindən ona saxlama işarəsi verilmiş, lakin o, avtomobili saxlamayaraq məntəqənin həyətinə doğru hərəkətini davam edərək yük boşaltma yerinin yanında saxlamışdır. YPX-nin əməkdaşları ona yaxınlaşaraq sənədlərinin qaydasında olub-olmaması ilə əlaqədar olaraq ondan sənədlərini istəmişlər. O, sənədlərinin üzərində olmadığını bildmişdir. YPX-nin əməkdaşları elektron sistem vasitəsilə onun sənədlərini yoxlayarkən sənədlərinin qaydasında olduğunu müşahidə etmişlər. Daha sonra YPX-nin əməkdaşları onlarla polis şöbəsinə getməsini bildirdikdə o, yük avtomobilində olan heyvanları ət kəsimi yerinə düşürdükdən sonra onlarla polis şöbəsinə gedə biləcəyini demişdir. YPX əməkdaşları razılıq verdikdən sonra o, heyvanları ət kəsimi yerinə düşürdüb, avtomobili özü idarə edərək polis şöbəsinə getmişdir. Lakin PPXB-nın əməkdaşları ilə orada hər hansı mübahisəsi olmamışdır. “erməni milləti yaxşı edib sizi qırır” deyə ifadə işlətməmişdir, sadəcə olaraq bildirmişdir ki, “mən məgər erməniyəm məni tutursunuz?!”. Əməlindən peşmandır. Himayəsində azyaşlı uşaqlarının olduğunu, buna görə də barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, onun əlilliyi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən X2 izahatında bildirmişdir ki, o, xx.xx.2024-ci il tarixdə, saat 11 radələrində YPX-nin xidməti avtomobili ilə Xaçmaz-Niyazoba kəndi yolunda xidmətdə olduğu vaxt həmin ərazidə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs idarə etdiyi VİS yük markalı, ** BF *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsilə hərəkətdə olmuşdur. Belə ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs idarə etdiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı istismara uyğun olmadığından və sürücü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün onlar idarə etdikləri YPX-nin xidməti avtomobilində olan sayrışan işıqlar və səs siqnalları ilə saxlama işarəsi vermələrinə baxmayaraq, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polisin qanuni tələbinə tabesizlik göstərərək hərəkətini davam etdirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs idarə etdiyi yük avtomobilini ət kəsimi məntəqəsinin qapısının önündə saxlayaraq orada olan mühafizəçinin üzərinə qışqırıb qapını açmasını tələb edərək kəsim üçün heyvan gətirdiyini bildirmişdir. O, xidməti avtomobildən düşüb barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə yaxınlaşıb özünü təqdim etdikdən sonra polisin saxlama işarəsinə əməl etmədiyi üçün avtomobilini yolun hərəkət hissəsindən kənarda saxlayıb sənədlərini təqdim etməsini bildirmişdir. Lakin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs öz əməlini davam etdirdiyi halda onunla birlikdə xidmətdə olan digər YPX əməkdaşı xidməti avtomobildən düşərək onlara yaxınlaşmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polisin qanuni tələbin yerinə yetirməyərək sonradan onlara yaxınlaşan YPX əməkdaşı ilə mübahisə etmiş və “erməni milləti yaxşı edib sizi qırır” ifadəsini işlətmişdir. Onlar PPXB-nin əməkdaşlarını dəvət edərək barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin avtomobilinin yük hissəsində olan heyvanları ət kəsimi məntəqəsinə düşürtdükdən sonra PŞ-ya dəvət etmişlər. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs AR İXM-nin 342.5-ci maddəsinə əsasən inzibati cərimə olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X4 izahatında bildirmişdir ki, xidmətdə olduqları vaxt YPX əməkdaşları tərəfindən efir vasitəsilə köməyə çağırılmışlar. Onlar həmin yerə çatdıqlarında YPX əməkdaşları ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin mübahisə etdiyini görmüşlər. Onlar yaxınlaşaraq özlərini təqdim edərək PPXB-nin xidməti avtomobilinə əyləşməsini tələb etmələrinə baxmayaraq, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polisin xidməti avtomobilinə əyləşməyərək idarə etdiyi yük avtomobilini ət kəsimi məntəqəsinin həyətinə doğru hərəkət etdirmişdir. Onlar məntəqənin həyətinə daxil olduqlarında barəsində inzibati xəta haqqında icraat aparılan şəxslə YPX-nin əməkdaşı arasında mübahisə davam etmişdir. Onlar barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin PŞ-ya aparılmasını təmin etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X3 digər şahid X4 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclas zalında iş materiallarına əlavə edilmiş 01 ədəd audio-video diskə baxış keçirilərkən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi müşahidə olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və şahidlərin ifadələri ilə tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, 11 oktyabr 2024-cü il tarixdə, saat 13:30 radələrində vətəndaş Şəxs Xaçmaz-Niyazoba kəndi yolunda DİN YPX-nin əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış və bununla da, Xaçmaz RPŞ-nin polis sahə rəisi, polis mayoru X7 tərəfindən Şəxs barəsində AR İXM-nin 535.1-ci maddə ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. - xx.xx.2024-cü il tarixli “Raport”dan müəyyən olunur ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində idarə etdiyi VİS yük markalı, ** BF *** dövlət qeydiyyat nömrəli avtomobillə hərəkətdə olduğu vaxt qayda pozuntusuna yol verdiyindən Polis əməkdaşları tərəfindən ona saxlama işarəsi verilmiş, lakin sonuncu polisin saxlama işarəsinə məhəl qoymayaraq öz qanunsuz əməlini davam etmiş, idarə etdiyi avtomobili qarşıda yolun sol hissəsində olan obyektə tərəf sürərək həmin obyektin həyətinə daxil olmağa çalışmış, lakin obyektin həyətinin qapısı bağlı olduğundan oraya daxil ola bilməmişdir. Şəxs polis əməkdaşlarından yayınaraq obyektin həyətinə daxil olmağa çalışdığında polis əməkdaşları tərəfindən ona imkan verilməmişdir. Salma Osmanov ona yaxınlaşan polis əməkdaşlarına qarşı kobud rəftar edərək onlara qarşı nalayiq ifadələr işlətmişdir. - xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan müəyyən edilmişdir ki, Şəxs Xaçmaz RPŞ-nin polis sahə rəisi, polis mayoru X7 tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 15:03-də inzibati qaydada tutulmuşdur. - xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, VİS markalı, 27BF330 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsinin idarə edilməsinə, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması nəticəsində Şəxs AR İXM-nin 342.5, 342.1.3 və 342.2.2-ci maddələrinə əsasən 150 manat məbləğində inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məhkəmə iclasında əməlindən peşman olduğunu bildirməsi yüngül cəzanın təyin edilməsinə nail olmaq məqsədi daşıyır, bu səbəbdən məhkəmə şəxsin əməlindən peşman olması barədə dediklərini səmimi peşmanlıq kimi qiymətləndirmir və inzibati xətaya görə məsuliyyəti yüngülləşdirın hal kimi nəzərə almır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində həbs növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 11 oktyabr 2024-cü il tarixdə, saat 15:03-də inzibati qaydada tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1977-ci ildə Xaçmaz rayonunun Bay-oba kəndində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Həbsdə saxlama müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 11 oktyabr 2024-cü il tarixdən, saat 15:03-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz Rayon Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-1280/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1280/2024
12.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver