Məhkəmə qərarları › İş №3(067)-13/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-13/2025

15.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-13/2025 15.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X2 iclas katibliyi, şikayət vermiş şəxs X3 iştirakı ilə, X6 tərəfindən DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 24568983 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 24568983 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilmiş Azərbaycan Respublikası DİN BDYPİ-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etmir. Məhkəmə işə inzibati xəta haqqında iş üzrə icraatın qərarından şikayət verilmiş Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şikayət vermiş şəxs şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, 5 oxluq yük nəqliyyat vasitəsini idarə edir və hər oxa nəqliyyat vasitəsinin özünün çəkisi ilə birlikdə 8 t yük icazə verilir. Bundan başqa isə Nazirlər Kabineti tərəfindən 5 % artıq yükə güzəşt nəzərdə tutulmuşdur. İdarə etdiyi nəqliyyat vasitəsində yük normalar çərçivəsində olmasına baxmayaraq xx.xx.2024-cü il tarixdə quraşdırılmış elektron tərəzi 42 t, 360 kq elektron tərəzi vasitəsilə çəkilmişdir. Lakin onun nəqliyyat vasitəsinin çəkisi Quba rayonunda olan asfaltzavoddan çıxdığında 39 t, 940 kq olmuşdur. Bu barədə asfaltzavodun elektron tərəzisinin sertifikatı və asfaltzavoddan hansı çəki ilə çıxmasına dair rəsmi sənədi də vardır. O, idarə etdiyi nəqliyyat vasitəsində yükün normalar qaydasında olduğunu, lakin yolda quraşdırılmış elektron tərəzinin düzgün işləməməsi səbəbindən barəsində əsassız olaraq 600 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edildiyini bildirmişdir. Həmçinin Xızı rayonu ərazisindən keçdiyində stasionar postda saxlanılmadığını və yükü artıq olduğu təqdirdə yükünün boşaldılmadığını, nəqliyyat vasitəsində olan yükün quru halda, xırda, doğranmış daş olduğunu bildirmişdir. O, 2 dəfə olmaqla hər gün nəqliyyat vasitəsilə yük aparır, lakin belə hal baş verməmişdir. xx.xx.2024-cü il tarixdən sonra bir ay fasilələrlə daha iki dəfə barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmuşdur. xx.xx.2024-cü il tarixdə isə həmin çəki ilə elektron tərəzidə normadan artıq yük olmasını göstərməmişdir. Belə ki, nəqliyyat vasitəsinin elektron tərəzinin üzərində çəkilməsi müddət iki dəqiqədir. Sonuncu məhkəmə iclasında şikayət izahat verərək bildirmişdir ki, həmin ərəfədə asfaltın bir hərəkət hissəsində təmir getdiyindən elektrom tərəzi işlək vəziyyətdə olmamışdır. Asfalzavodda fəaliyyət göstərən 09 yük nəqliyyat vasitələrinin hər biri ay ərzində bir dəfə cərimə olunurlar. Belə ki, yükün normadan artıq olmamasına baxmayaraq cərimə növündə inzibati tənbeh tətbiq olunur. Rəhbərlikləri tərəfindən nəqliyyat vasitəsinə 41 t-dək yük yüklənməsi tapşırılmış, lakin buna baxmayaraq o, çəkilərdə bir qədər az yüklənməsinə çalışmışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli, EQ 24568983 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Xaçmaz rayonu, Qırağlı kənd sakini, “MAN TGX 18,440” yük markalı, ** SR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X6 tərəfindən M-1 65.1 km. Xızı rayonu Giləzi kəndi. Bakı istiqamətində iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 600 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. - Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair “Etibarnamə”dən müəyyən edilir ki, X1 tərəfindən X4 xx.xx.2033-cü ilə tarixədək MEGA yarımqoşqu markalı, BB215162 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə etməsi üçün etibar edilmişdir. - Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair “Etibarnamə”dən müəyyən edilir ki, X1 tərəfindən X4 xx.xx.2033-cü ilə tarixədək MAN TGX 18.440 yük markalı, BB623906 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə etməsi üçün etibar edilmişdir. - Şikayətçinin təqdim etdiyi tərəzi qəbzindən müəyyən edilir ki, nəqliyyat vasitəsinin giriş vaxtı xx.xx.2024-cü il, saat 08:40:22 dəqiqədə, çıxış vaxtı isə xx.xx.2024-cü il, saat 08:40:30 dəqiqədir. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 122.1. Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346- 1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 353.2-ci maddəsinə əsasən İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görəfiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın, “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri”nin və “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında 7 iyul 2009-cu il tarixli, 104 №-li Qərarına və “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın, “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri”nin və “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 104 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” 28 dekabr 2021ci il tarixli 415 №li Qərarına əsasən nəqliyyat vasitəsinin oxuna düşən yükün icazə verilən kütləsi (çəkisi) 3 nömrəli cədvəl ilə müəyyən edilmiş 11,5 ton hesabi yükə hesablanmış əsaslı tip yol geyimlərində üçoxlu oxlar, birmeyilli təkərlərə malik qoşqular və ya yarımqoşqular üçün ox kütlələrinin cəmi oxlararası aşağıdakı məsafələrə uyğun olaraq aşağıdakı göstəriciləri aşmamalıdır: 0,5 m-dən 1 m-ə qədər 17 t, 1 m-dən 1,3 m-ə qədər 20 t, 1,3 m-dən 1,8 m-ə qədər 23,5 t 1,8 m-ə bərabər və ya çox 25 t. Məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixli, EQ_21468983 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının İXM-in 353.2-ci maddəsinə münasibətdə pozulması hissəsi məhkəmə araşdırması zamanı əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə araşdırılmışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunub-olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Məhkəmə prosesində şikayət verən şəxsin idarə etdiyi ”MAN TGX 18, 440” yük markalı, 77SR409 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin xx.xx.2024-cü il tarixdə Bakı istiqamətində hərəkətdə olduğu zaman Xızı rayonu, Giləzi kəndində elektron tərəzidə yükü çəkilərək çəkisinin normadan artıq olması sübuta yetirilmiş, lakin şikayət vermiş şəxsin məhkəmə iclasında nəqliyyat vasitəsində olan yükün normadan artıq olmadığına dair əsaslı sübutu olmadığından ifadəsini özünü müdafiə xarakterli olması kimi hesab edir. Belə ki, məhkəmə barəsində protokol tərtib edilmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş tərəzi qəbzinə (“5 №li Yol İstismar İdarəsi MMC”) tənqidi yanaşaraq qeyd edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsdə yükün çəkisi ilə bağlı tərtib edilmiş həmin tərəzi qəbzi əvvəlcədən olsaydı, o öz şikayət ərizəsində buna istinad edər və yükün çəkisi barədə məlumatı ərizədə qeyd edərdi, lakin barəsində protokol tərtib edilmiş şəxs bu barədə şikayət ərizəsində hər hansı qeyd etməmiş, yalnız məhkəmə prosesində sonradan əldə olunduğu ehtimal olunan bu qəbzi məhkəməyə təqdim etmişdir. Bundan başqa, barəsində protokol tərtib edilmiş şəxs inzibati xəta haqqında qərar qəbul edildiyi gündən bir gün əvvəl və bir gün sonra da yük maşını vasitəsilə həmin tərəzidən keçdiyini, lakin onun inzibati xəta ilə bağlı cərimə olumadığını bildirmişdir, bu da elektron tərəzinin işlək vəziyyətdə olduğunu və yükü düzgün çəkdiyini nümayiş etdirir, əks təqdirdə şikayət vermiş şəxs barəsində bir neçə gün ard-arda inzibati xəta haqqında protokol tərtib edilmiş olardı. Beləliklə məhkəmə hesab edir ki, şikayət təmin edilməməli və X7 barəsində Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24568983 nömrəli elektron qərar ləğv edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət vermiş şəxs X3 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 24568983 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar