Məhkəmə qərarları › İş №3(067)-1303/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1303/2023

11.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1303/2023 11.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X6 təhlükəsizlik bölməsinin polis sahə rəisi polis baş leytenantı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx xxxxxxxx 1985-ci ildə Xaçmaz rayonunun Rəhim-oba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Xaçmaz rayonunun Rəhimoba kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Şəxs ünvan 1 ünvanda sərxoş halda onunla bir yerdə həmin evdə yaşayan Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində aralarında düşən mübahisə zamanı Zərərçəkmiş şəxs ilə dalaşaraq onu qəsdən döymüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X6 təhlükəsizlik bölməsinin polis sahə rəisi polis baş leytenantı X2 göstərdi ki, Şəxs bundan əvvəl də bir neçə dəfə inzibati xəta əməlini törətdiyinə görə inzibati məsuliyyətə cəlb edilmişdir, həyat yoldaşı süpürgəçiliklə məşqul olmaqla ailəsini dolandırır, himayəsində azyaşlı uşaqları var, dəfələrlə içkili vəziyyətdə evə gəlmiş, axırıncı dəfə də barəsində təhqiqat materialı olub. Bununlda təhqiqat bölməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi materialı toplayaraq barəsində tədbir görülməsi üçün işi məhkəməyə göndərmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs protokolla razılaşmayaraq izahatında göstərdi ki, səhər tezdən yoldaşı Zərərçəkmiş şəxs qız işə getmək istəyərkən o, əynində idman şalvarı ilə işə getməməyini, dəyişərək başqa şalvar geyinərək işə getməyini demişdir. Həmin vaxtı aralarında söz-söhbət olmuşdur, lakin o, arvadını döyməmiş, hətta əlini belə ona qaldırmamışdır, sadəcə sözlə mübahisə etmişdir. Həmin vaxt o, sərxoş olmuşdur. Baş vermiş mübahisə zamanı o, arvadına heç bir xəsarət yetirməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, iki övladı var özü süpürgəçiliklə məşqul olaraq ailəsinin dolandırır. O, övladları saxlamaqda əziyyət çəkdiyindən, yoldaşı Şəxs evə baxmadığından uşaqlara baxmaqda çox çətinlik çəkdiyindən oğlunu Quba rayonunda yerləşən körpələr evinə qoymuşdur. Artıq üç ildir ki, oğlu həmin körpələr evindədir, qızı isə onunla bir yerdə yaşayır. Yoldaşı Şəxs hər gün sərxoş halda evə gələrəkə onu və azyaşlı qızını döyərək onlara işgəncələr verir. 21 iyul tarixində əri içkili vəziyyətdə evə gələrək ondan pul istədi o, özündə pul olmadığını dedikdə əri onu və qızını döyərək küçəyə atmışdır. Həmin vaxt aralarında baş vermiş mübahisə zamanı əri onun üzünə vurmamışdır ki, onun barəsində şikayət etdiyi zaman üzündə xəsarət olması bilinməsin buna görə də əri onun başına və bədəninin müxtəlif yerlərinə vuraraq ona xəsarət yetirmişdir. Bədəni göm göy olmuş, başında işə şişlər əmələ gəlmişdir. Hadisənin səhəri günü o, həm polisə getmiş bu barədə məlumat vermiş, həm də ki, almış olduğu xəsarətlər bağlı rəy verilməsi üçün xəstəxanaya müraciət etmiş, lakin həkim ona üzündə hər hansı bir xəsarət aşkar edilməməsi səbəbindən bununla bağlı ekspertiza rəyi verə bilməmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi barədə 31 iyul 2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan həmçinin görünür ki, 22 iyul 2023-cü il tarixli, 405 saylı MTE-nin rəyindən görünür ki, Zərərçəkmiş şəxs Nağdi qızının bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, zərərçəkmiş şəxsin verdiyi ifadəsi ilə iş materialları arasında kəskin və ziddiyətli məqamlar var və bu hallar Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməsi istisna olunur. Belə ki, zərərçəkmiş şəxs Amilin onu başından və bədənindən vurmasını bildirsə də, ekspert rəyindən görünür ki, zərərçəkmiş şəxsin bədəni üzərində heç bir xəsarət aşkar edilməmişdir. Bu isə o deməkdir ki, heç bir inzibati xəta baş verməmişdir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə də, məhkəmə belə qənaətə gəlir ki, zərərçəkmiş şəxsin Amilin onu döyməsi faktı ekspert rəyi ilə təsdiq olunmadığından, bu şübhəli məqam inzibati məsuliyyətə cəlb olunan şəxsin xeyirinə həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda nzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində başlanmış Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində ondan Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar