Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1304/2025 03.11.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə, 19 yanvar 1989-cu ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, Xaçmaz rayonu, Hacıəlibəy kəndində yaşayan X3 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin 11 sentyabr 2025-ci il tarixli, EQ seriyalı 30593952 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: X3 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin 1 sentyabr 2025-ci il tarixli, EQ seriyalı 30593952 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X3 şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, o, “MAN TGX 18.440” yük markalı ** UV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə çınqıl daşları yükləmiş və daha sonra tərəzi vasitəsi ilə çəkilmiş, tərəzidə çəkilən zaman nəqliyyat vasitəmin yük limiti 40000 kq yük daşınma qabiliyyətinə malik olsa da həmin vaxt nəqliyyat vasitəmin ümumi çəkisi yük ilə birlikdə 39980 kq olub və bu barədə ona müvafiq tərəzi qəbzi verilmişdir. Daha sonra o, həmin yükü götürərək Bakı şəhərinə aparmaq üçün yola düşmüşdür. Hərəkət etdiyi yolun üzərində yüklərin çəkilməsi ilə bağlı quraşdırılmış elektron tərəzilər quraşdırılmışdır. Qeyd etdiyi tərəzilərdən biri Gəndob ərazisində digəri isə Giləzi ərazisində yerləşir. Bu artıq ikinci dəfədir ki, o, belə bir hadisə ilə rastlaşır, belə ki, birinci dəfə belə hal olanda gecikdirdiyinə görə cərimənin məbləği 732 manat təşkil etdiyindən o, qazanc əldə etməkdən məhdudiyyəti yarnmaması üçün məcburiyyət qarşısında həmin məbləğdə borcu günahı olmaya-olmaya gedib ödəmiş və bu barədə həmin tərəziləri quraşdırmış müvafiq quruma həm şəxsən həm də rəsmi qaydada müraciət etmiş, lakin etmiş olduğu müraciətlərinin heç biri müsbət olaraq öz həllini tapmamışdır. Bundan sonra növbəti dəfə eyni yük ilə heç biri daşımaq limiti keçmədən və bu barədə əlində sübut kimi qəbzi var, lakin buna baxmayaraq ikinci dəfə yenə cərimə edilmiş və o, həmin cərimə ilə razılaşmayaraq məhkəməyə müraciət etməli olmuşdur. İnzibati qərar qəbul etmiş Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə dəfələrlə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdirlər. Məhkəmə işə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını və şikayətçinin izahatını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 11 sentyabr 2025-ci il tarixli, EQ seriyalı 30593952 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X3 11 sentyabr 2025-ci il saat 17:29 radələrində “MAN TGX 18.440” yük markalı ** UV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə M-1 65.1 km, Xızı rayonu, Giləzi kəndi ərazisindən Bakı istiqamətində hərəkət olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinin tələblərinin pozulması ilə bağlı 1200 manat cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş 11 sentyabr 2025-ci il tarixli tərəzi qəbzindən müəyyən edilir ki, sürücü X1 idarə etdiyi “MAN TGX 18.440” yük markalı ** UV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində olan yükün tara çəkisi 14900 kq, netto çəkisi 25080 kq olmaqla, ümumilikdə nəqliyyat vasitəsinin brutto çəkisi 39980 kq təşkil etmişdir. “MAN TGX 18.440” yük markalı nəqliyyat vasitəsinin sənəd üzərində 40000 kq yük daşıması nəzərdə tutulmuşdur, iş materilarına əlavə edilmiş 11 sentyabr 2025-ci il tarixli tərəzi qəbzindən görünür ki, həmin tarixdə nəqliyyat vasitəsinə yüklənmiş yükün ümumi çəkisi 39980 kq təşkil etmişdir. X3 11 sentyabr 2025-ci il saat 17:29 radələrində “MAN TGX 18.440” yük markalı ** UV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Giləzi kəndi ərazisindən Bakı istiqamətində hərəkət olarkən həmin yolun üzərində yerləşdirilmiş tərəzi nəqliyyat vasitəsində olan yükün çəkisini 42910 kq hesablamışdır. (42910-39980=2930) 2930 kq artıq hesablamışdır. İş materiallarında olan məhkəmənin xx.xx.2025-ci il tarixli, 3(067)-1304/2025-ci il tarixli, müraciətinə əsasən “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsdən əldə edilmiş xx.xx.2025-ci il tarixli, 3-54-2/2-917/2025 saylı cavab məktubundan görünür ki, yollarda tətbiq olunan hərəkət halında çəki ölçmə nəzarət sistemləri, o cümlədən Xızı rayonu, Giləzi kəndi, Bakı istiqaməti üzrə avtomobil yolunun 65-ci kilometrliyində quraşdırılmış tərəzilər KİSTLER 9835 A tipli, F 10 dəqiqlik sinifli, kütlə ölçümünü ötürücü sensorlar vasitəsi ilə gerçəkləşdirən müasir ölçmə sistemləridir. Bu sistemlərin metroloji yoxlanılması AzMİ tərəfindən OİML R 134 “Hərəkətdə olan yol nəqliyyat vasitələrinin çəkisini və ox yüklərini ölçmək üçün avtomatik cihazlar. 1-ci hissə: Metroloji və texniki tələblər-Sınaqlar” beynəlxalq metodikasının tələblərinə uyğun olaraq dəqiqlik göstəricilərinə tam riayət etməklə həyata keçirilir. Belə ki, həmin metodikanın tələblərinə əsasən F 10 dəqiqlik sinifli sistemlərin maksimum buraxılabilən xəta həddi ilkin yoxlanılmalar zamanı 5 %, dövri yoxlanılmalar zamanı isə 10 % təşkil edir. Eyni zamanda, nəqliyyat vasitəsinin sürəti artdıqca ölçmə xətaları da buna uyğun şəkildə artım göstərir. Bu səbəbdən kütlə ölçmələrini həyata keçirərkən nəqliyyat vasitəsinin sürətini mütləq şəkildə nəzərə almaq lazımdır. Beynəlxalq təcrübəyə uyğun olaraq praktiki ölçmələrdə yük maşınlarının yük düşən oxlarının sayından və hərəkət sürətindən asılı olaraq aşağdakı cədvəldə göstərilmiş qaydada ölçmə xətalarının alınması halları qeydə alınmışdır: -5 və daha çox ox sayı olan yük maşınları saatda 61-100 km surətlə hərəkətdə olarkən +- 10 faiz xəta baş verməsi ehtimalı vardır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, “MAN TGX 18.440” yük markalı nəqliyyat vasitəsinin 5 oxu var və tərəzidən keçərkən avtomobilin kütləsi 42910 kq qeyd olunmuşdur. Sürücünün izahatından müəyyən olunur ki, yük avtomobilini saatda təxminən 65 km surətl idarə etmişdir. “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsdən əldə edilmiş məlumatlardan müəyyən edilir ki, 5 və daha çox ox sayı olan yük maşınları saatda 61-100 km surətlə hərəkətdə olarkən +-10 faiz xəta baş verməsi ehtimalı vardır. Hesablama nəticəsində məlum olur ki, 42910x10%=4291 kq. Deməli tərəzinin 4291 kq artıq çəkmək ehtimalı var. Bundan irəli gələrək tərəzinin qeydə aldığı 42910 kq yükdən, artıq hesablanmış yükü, yəni 4291 kq çıxdıqda 38619 kq müəyyən edilir. Belə olan halda isə, sürücü X1 inzibati xəta törətməsi təkzib olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında X3 mahiyyəti üzrə hər hansı inzibati xəta törətmədiyini bildirmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 11 sentyabr 2025-ci il tarixli, EQ seriyalı 30593952 nömrəli qərarda inzibati xətanın törədilməsini təsdiq edən hər hansı bir sübuta istinad edilmədiyindən, beləliklə qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qəbul edildiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində olan 11 sentyabr 2025-ci il tarixli, EQ seriyalı 30593952 nömrəli qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi aydınlaşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati tənbeh vermə haqqında qanunvericiliyin tələbləri inzibati tənbeh vermə haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1 qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2 bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3 bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4 bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5 şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Daxili İşlər Nazirliyinin Baş X6 idarəsinin 11 sentyabr 2025-ci il tarixli, EQ seriyalı 30593952 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X1 şikayəti təmin edilsin. Daxili İşlər Nazirliyinin Baş X6 idarəsinin 11 sentyabr 2025-ci il tarixli, EQ seriyalı 30593952 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-1304/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1304/2025
03.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver