Məhkəmə qərarları › İş №3(067)-1314/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1314/2024

25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1314/2024 25.11.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, qərarından şikayət verilmiş Xaçmaz rayonu Yol Patrul Xidməti inspektoru, polis serjantı X4 iştirakı ilə, X6 tərəfindən Xaçmaz rayonu Yol Patrul Xidməti inspektoru X4 xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində Xaçmaz rayonu Yol Patrul Xidməti inspektoru X4 xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət vermiş şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etmir. Məhkəmə işə inzibati xəta haqqında iş üzrə icraatın şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında izahat verən şikayət vermiş şəxs şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz şəhərində yerləşən “Edem” şadlıq sarayından ailəsi ilə birlikdə çıxaraq idarə etdiyi nəqliyyat vasitəsilə hərəkət etmişdir. Həmin vaxt o, yol ayrıcında Quba rayonu istiqamətində hərəkət etməsi üçün avtomobilinin dönmə işığını yandırıb qarşı tərəfdən digər nəqliyyat vasitəsinin gəlib gəlmədiyinə əmin olduqdan sonra dönmə əməliyyatını həyata keçirmişdir. O, qarşıdakı küçədə YPX avtomobilinin dayandığını, lakin avtomobilin ön tərəfinin göründüyünü bildirmişdir. YPX-nin xidməti avtomobili onun ardınca hərəkət edərək ona saxlama işarəsi vermişdir. Lakin YPX-nın əməkdaşı xidməti avtomobildən düşməmişdir. O, YPX-nin əməkdaşına yaxınlaşaraq niyə ona saxlama işarəsini verdiyini soruşduqda YPX-nin əməkdaşı əvvəlcə təhlükəsizlik kəmərindən istifadə etmədiyini demişdir. O, təhlükəsizlik kəmərindən istifadə etdiyini dedikdə, YPX-nin əməkdaşı daha sonra ona dönmə əməliyyatını düzgün həyata keçirmədiyini bildirmişdir. O, dönmə əməliyyatını düzgün həyata keçirdiyini dedikdə YPXnin əməkdaşı onun barəsində heç bir protokol tərtib etməmişdir və onu bu barədə məlumatlandırmamışdır. O, 9-10 gün sonra Quba rayonu ərazisində YPX-nin əməkdaşlarına yaxınlaşaraq barəsində inzibati cərimə olub-olmadığını maraqlandıqda YPX-nin əməkdaşı ona barəsində 3 cərimə balı və 100 manat məbləğində inzibati cərimə olduğunu, lakin nəzərdə tutulmuş müddət ötmədiyindən 90 manat ödəniş edərək adına olan cərimənin silinəcəyini demişdir. Şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş Xaçmaz rayonu Yol Patrul Xidməti inspektoru X8 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 18:00-da Xaçmaz şəhəri, Rəşid Behbudov küçəsində xidmətdə olduqları vaxt “VAZ 21074” minik markalı avtomobil yolayrıcı keçmə qaydalarını pozduğuna görə saxlama işarəsi vermişlər. Onlar özlərini təqdim etdikdən sonra qayda pozuntusu barədə məlumat vermişlər və İXM-nin 327.2-ci maddəsinə əsasən yolayrıcını keçmə qaydalarını pozduğuna görə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Cərimə onun tərəfindən tətbiq edilmişdir. O, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq məhkəmə iclas zalında iş materiallarında olan audio-video diskdə olan fayl izlənmişdir. Həmin audio-videogörüntülərdə şikayət vermiş şəxsin yolayrıcını keçmə qaydalarını pozması müəyyən edilmişdir. Məhkəmə ərizəçinin, qərarından şikayət verilmiş orqanın nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 09 sentyabr 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və həmin tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 “VAZ 21074” minik markalı, ** HB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarının pozulması əməlini törətdiyinə görə İXM-nin 327.2ci maddəsinə əsasən 100 manat məbləğində inzibati cərimə olunmuşdur. - X2 Şəhadətnaməsinin surətindən və etibarnamənin surətindən görünür ki, 10HB290 dövlət qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətində olmaqla, xx.xx.2024-cü il tarixədək X5 nəqliyyat vasitəsini idarə etməsi üçün etibar edilmişdir. - “Asan Pay” ödəniş sisteminin rəsmi internet saytından çıxarışdan görünür ki, şikayətçi X6 İXP ******* nömrəli protokol üzrə ona təyin olunmuş inzibati cəriməni ödəmişdir. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. 134.1 və 134.1.4-cü maddələrinə əsasən, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3-cü maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4-cü maddəsinə əsasən, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun: 1-ci maddəsinin 11-ci bəndinə əsasən yolayrıcı yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunları əmələ gətirdiyi ərazidir. 77-ci maddəsinin İİİ hissəsinə əsasən eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. Belə yolayrıclarında tramvay, onun hərəkət istiqamətindən asılı olmayaraq, relssiz nəqliyyat vasitələri qarşısında üstünlüyə malikdir. Göründüyü kimi, Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 327.2-ci maddəsinin dispozisiyasında qeyd olunmuş yolayrıcını keçmə qaydalarının pozulması inzibati məsuliyyət yaradır. Yuxarıda qeyd olunanları və məhkəməyə təqdim olunmuş qayda pozunutusunu əks etdirən audio-videogörüntünü həmçinin, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin artıq ona təyin edilmiş inzibati cəriməni ödədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar əsaslı və qanunidir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunub-olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Beləliklə məhkəmə hesab edir ki, şikayət təmin edilməməli və X3 barəsində Xaçmaz rayonu Yol Patrul Xidməti inspektoru X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərar ləğv edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət vermiş şəxs X3 Xaçmaz rayonu Yol Patrul Xidməti inspektoru X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar