Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1322/2024 25.11.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X3 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1ci maddəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixdə Şəxs MMC-yə (VÖEN **********) məxsus Xaçmaz rayonu, Sayad kəndində fəaliyyət göstərən heyvandarlıq fermasında formalaşan (heyvan ifrazatı) tullantı çirkab sularının təmizlənməsi və zərərsizləşdirilməsi üçün qurğu və avadanlıq quraşdırılmadığı, formalaşan çirkab suları təmizlənmədən torpaq məcralı kanal vasitəsilə Caqacuq çaya axıdılır. Barəsində inzibati icraat aparılan Şəxs MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilməmişdir. Şəxs MMC-nin direktoru X8 məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Xaçmaz rayon, Məmmədxanlı kənd sakini Taleh Kərimov Şəxs MMC tərəfindən tullantı suların çaya axıdılması barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə şikayət etmişdir. Belə ki, kənd sakinləri həmin çayın suyundan içmək üçün istifadə edirlər. 14 oktyabr 2024-cü il tarixdə MMC-nin nümayəndələrinin iştirakı ilə müəssisədə araşdırma aparmış və faktın öz təsdiqini tapdığını müşahidə etmişdir. Qazılmış arx vasitəsilə həmin tullantı sular çaya axıdılır. Şəxs MMC-nin nümayəndəsi ilə söhbət əsnasında törətdikləri xətanı etiraf edirlər və kənd sakinlərinin narazılığının qarşısını almaq üçün artezian quyusunun vurulacağını bildirmişlər. Məhkəmə iclasında şahid qismində X4 izahat verərək bildirmişdir ki, dəfələrlə şikayətimizlə əlaqədar 5 saylı Ekologiya və Təbi Sərvətlər İdarəsinin nümayəndəsi Mahir Muradov əraziyə gəlib baxış keçirib Şəxs MMC-nin çirkab sularının çaya axıdılmasının qarşısının alınmasını tələb etmişdir. Nümayəndə getdikdən sonra yenə də, çirkab sularını çaya axıdırlar. Kəndin içməli suyu çaydan götürülür, Şəxs MMC isə öz çirkab sularını çaya axıtmağa davam edirlər. Dəfələrlə şikayət olunmuşdur. Məhkəmə iclasında şahid qismində cəlb edilmiş X1 izahat verərək bildirmişdir ki, həmin kənddə bacısının ailə yaşayır. Belə ki, bacısının ailəsi həmin çay suyundan istifadə edirlər. Şəxs MMC-nin çirkab suları həmin çaya axıdılır və pis qoxu ətrafa yayılır. Kənd sakinlərinin dəfələrlə müraciət etmələrinə baxmayaraq, çirkab sularının çaya axıdılması, peyinin əraziyə tökülməsi davam edir. O, özü də heyvan saxlamasına baxmayaraq, peyini sahəsinə aparıb tökmüşdür. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 264.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialları və araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Şəxs MMC-yə (VÖEN **********) məxsus Xaçmaz rayonu, Sayad kəndində fəaliyyət göstərən heyvandarlıq fermasında formalaşan (heyvan ifrazatı) tullantı çirkab sularının təmizlənməsi və zərərsizləşdirilməsi üçün qurğu və avadanlıq quraşdırılmadığı, formalaşan çirkab suları təmizlənmədən torpaq məcralı kanal vasitəsilə Caqacuq çaya axıdılır. - Məhkəmə prosesində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi tərəfindən təqdim edilmiş və iş materiallarında olan fotoşəkillərdən, həmçinin onların surətlərindən görünür ki, (heyvan ifrazatı) tullantı çirkab sularının təmizlənməsi və zərərsizləşdirilməsi üçün qurğu və avadanlıq quraşdırılmadığı, formalaşan çirkab suları təmizlənmədən torpaq məcralı kanal vasitəsilə Caqacuq çaya axıdılır. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 87626 nömrəli, 14 oktyabr 2024-cü il tarixli Aktdan müəyyən edilir ki, Şəxs MMC-nin nümayəndələri Seymur Sadıxov və Zaur Xəlilov aşkar edilmiş nöqsanla bağlı yazılı münasibət bildirməkdən imtina edərək, yalnız sahəyə fermadan çirkab su təmizləyici qurğu və avadanlığın quraşdırılmadığı üçün tullantı sularının kanallarla çaya axıdıldığını bildirmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxsnə məxsus heyvandarlıq fermasında formalaşan (heyvan ifrazatı) tullantı çirkab sularının təmizlənməsi və zərərsizləşdirilməsi üçün qurğu və avadanlıq quraşdırılmadığı, formalaşan çirkab suları təmizlənmədən torpaq məcralı kanal vasitəsilə Caqacuq çaya axıdılması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 87626 nömrəli, 14 oktyabr 2024-cü il tarixli Aktdan görünür ki, Şəxsnə məxsus heyvandarlıq fermasında formalaşan (heyvan ifrazatı) tullantı çirkab sularının təmizlənməsi və zərərsizləşdirilməsi üçün qurğu və avadanlıq quraşdırılmadığı, formalaşan çirkab suları təmizlənmədən torpaq məcralı kanal vasitəsilə Caqacuq çaya axıdılması halları aşkar edilmişdir. Şəxs tərəfindən “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin və Su Məcəlləsinin 78-ci və 103-cü maddələrinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 39.3-cü maddəsinə əsasən heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. Azərbaycan Respublikasının Su Məcəlləsinin: 78-ci maddəsinə əsasən tullantı suların su obyektlərinə axıdılmasına yalnız o hallarda yol verilir ki, həmin su obyektlərində çirkləndirici maddələrin miqdarının müəyyən edilmiş normalardan artıq olmasına gətirib çıxarmasın və su obyektlərindən istifadə edənlər tullantı sularını təmizləyib müəyyən edilmiş normalara çatdırsınlar. İçməli su mənbəyi kimi istifadə edilən və ya içməyə yararlı yeraltı suları qidalandıran sututarlara tullantı suların axıdılması qəti qadağandır. 103-cü maddəsinə əsasən Su qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər aşağıdakı hallarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 42.1-ci maddəsinə əsasən sənaye, energetika, nəqliyyat və rabitə obyektlərinin, kənd təsərrüfatı təyinatlı obyektlərin istismarı və meliorasiya işlərində ətraf mühitin çirklənməsini qarşısını alan təmizləyici qurğular və sanitariya-mühafizə zonaları, ekoloji əsaslandırılmış texnologiyalar və müəyyən edilmiş ekoloji tələblər nəzərə alınmaqla həyata keçirilir. Onlar tullantıların və maddələrin qalıqlarının tullantılarının təmizlənməsi, zərərsizləşdiriləsi və istifadə edilməsi üçün səmərəli vasitələrlə təchiz edilməli, təhlükəsiz yanacaq növlərini tətbiq etməli, təbii resursları qənaətlə və səmərəli istifadə etməli və ekoloji təhlükəsizlik üzrə tədbirlər görülməlidirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan(vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 264.0.1-ci maddəsinə əsasən su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən İXM-in 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 40.0.1, 43, 48-51, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 8000 (səkkiz min) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin olunsun. Qərarın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-1322/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1322/2024
25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver