Məhkəmə qərarları › İş №3(067)-133/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-133/2024

05.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-133/2024 05.03.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, qərardan şikayət vermiş fiziki şəxs X5 və qərarından şikayət olunan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı X10 Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış fiziki şəxs X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı X10 Təbii Sərvətlər İdarəsinin 31 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı X10 Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 31 yanvar 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarına əsasən Xaçmaz rayonu, Çiləgir kənd sakini xx.xx.1986-cı il təvəllüdlü X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində 1000 manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Barəsində inzibati qərar çıxarılmış fiziki şəxs X7 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı X10 Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 31 yanvar 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. X7 şikayətini onunla əsaslandırmışdır ki, ona 5 saylı X10 Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN № ******* saylı qərarını 02 fevral 2024-cü il tarixdə almışdır. 5 saylı X10 Təbii Sərvətlər İdarəsi Xaçmaz rayonunun Tikanoba kəndi yaxınlığında reyd keçirilərkən guya ki, qanunsuz ov etməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə MN ******* nömrəli protokol tərtib etmiş və 31 yanvar 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarla o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə 1000 manat inzibati qaydada cərimə edilmişdir. Qərarı əsassız hesab edir, çünki o, həmin ərazidə qanunsuz ov ilə məşğul olmamışdır. Bununla bağlı olaraq şahidi də vardır. Bundan əlavə onun silahla hər hansı bir foto şəkili sübut kimi yoxdur. Ümumiyyətlə o, həmin ərazidə ov üçün deyil, ona məxsus olan inəyi itdiyi üçün onu axtarmağa getmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı X10 Təbii Sərvətlər İdarəsinin 31 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarını qərəzli hesab edir və qərarın ləğv olunmasını istəyir. Məhkəmə iclasında barəsində inzibati qərar çıxarılmış fiziki şəxs X7 izahatında göstərmişdir ki, 5 saylı X10 Təbii Sərvətlər İdarəsi Xaçmaz rayon Tikanoba kəndi yaxınlığında reyd keçirərkən onun guya qanunsuz ov etməsi ilə bağlı barəsində inzibati xəta haqqında qərar qəbul edərək, 1000 manat məbləğində cərimə etmişlər. Həmin qərarı əsassız hesab edir, çünki o, həmin gün orada ov ilə məşğul olmamışdır. Ona məxsus inək itdiyi üçün onu axtarmağa getmişdir. Bununla bağlı şahidi də vardır. O, özü qəssabdır, ayrı-ayrı yerlərdən kəsmək üçün mal-qara alır. Saxladığı heyvan evdən uzaqlaşmışdı və o, heyvanı axtarmaq üçün dostu ilə meşə tərəfə getmişdir. 5 saylı X10 Təbii Sərvətlər İdarəsinin əməkdaşları ona yaxınlaşmışlar və ov etdiyini düşünərək maşınına baxış keçirmişlər, maşınında saxladığı sınıq tüfəngini görüb götürmüşlər. Silahın sənədləri var, özünə aiddir. Həmin ərazi ov ərazisi deyil, ondan silahı olduğunu soruşanda, silahının olduğunu və maşında olduğunu demişdir. O, silahı heyvanı tuta bilməsə vurması üçün götürmüşdür. Heyvanı tapdığına görə silahdan istifadə etməyə ehtiyac olmamışdır. Həmin gün onun ov etmək məqsədi olmamışdır. Həmçinin tüfəng maşının baqajında bağlı vəziyyətdə olub. Qərarından şikayət olunan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı X10 Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 izahatında göstərmişdir ki, Tikan oba kəndi qanunla ov ərazisi sayılır. Su bataqlıq yerlərdə olduğuna görə ov edərkən 3 nəfər olmuş. 2 nəfər qaçmış, bir nəfər, yəni X6 tüfəng olduğu üçün cərimə edilmişdir. Hadisə yerində bağlanmış akt, alınmış izahat və çəkilmiş fotoşəkilləri məhkəməyə təqdim etmişdir. Aktda qeyd olunmuşdur ki, 10-11 yanvar 2024-cü il tarixdə Xaçmaz rayon Tikan oba kəndi istiqamətində 5 saylı X10 Təbii Sərvətlər idarəsi ətraf mühitin mühafizəsi haqqında və ovçuluq haqqında və digər qanunvericilk aktlarının tələblərinə riayət olunmasını həyata keçirmək məqsədilə 10 yanvar 2024-cü il tarixdə yuxarıda adı qeyd olunmuş kənd ərazisində dəniz sahilindən təqribən 1 km məsafədə suluq qamışlıq ərazidə 3 nəfər şəxsin çöl heyvanlarını izlədiyi və atəş açdıqlarını müşahidə etmişlər. Həmin şəxslərə yaxınlaşarkən ov ilə məşğul olan şəxslərdən bir nəfər ov tüfəngi ilə onları görüb həmin ərazidən qaçaraq uzaqlaşmışdır. Onlarla birlikdə silahsız və silahlı bir nəfər şəxs saxlanılmışdır. Apardıqları araşdırmalar zamanı əlində ov tüfəngi ilə sulu qamışlıq ərazidə ov ilə məşğul olan şəxsin Xaçmaz rayonunun Çiləgir kənd sakini xx.xx.1986-cı il təvəllüdlü X7 olduğu və onun üzərindən 28 caplı SJ markalı tək lüləli E-45134 №-li ov tüfəngi içərisində 1 ədəd dolu patron olan və 23 ədəd dolu patron olan patrondaş müəyyən olunmuşdur. Həmin şəxs onlara ov ilə məşğul olması barədə heç bir lazımi icazə sənədi təqdim etməmişdir. Tüfəng və 23 ədəd dolu olan patrondaş araşdırma aparılması üçün götürülmüşdür. X7 yazılı izahat verərək ov üçün lazımi icazə sənədinin olmadığını, lakin özünə məxsus ov tüfəngi və 23 ədəd dolu patronla başqa məqsəd üçün əraziyə çıxdığını bildirmişdir. Bununla da X7 tərəfindən yuxarıda qeyd etdiyi qanunvericilik aktlarının tələbləri pozulmuşdur. Eyni zamanda bildirmişdir ki, su bataqlıq yerləri ov ərazisi hesab edilir. Hadisə yerində o, özü olmamış, başqa əməkdaşlar olmuşlar. Onlar hadisə barədə ona məlumat vermişlər. Aktı və protokolu özü tərtib etmişdir. Həmin şəxs ov ərazisində görülüb. Tutulan vaxtı silahı maşında olub. Şəxsin üstündə sadəcə patronlar olmuşdur. Bundan əlavə göstərilən tarixdə ov edən üç nəfərin olmasını lakin həmin üç nəfərin birlikdə olmalarını dəqiq bilmədiyini, onlardan ikisi qaçdığını, 1 nəfər, yəni X6 tüfəng olduğu üçün onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, müvafiq qərar qəbul edilməklə cərimə edilməsini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X8 ifadəsində göstərmişdir ki, 5 saylı X10 Təbii Sərvətlər İdarəsinin işçiləri onlara yaxınlaşaraq ov etdiklərini düşünüb, avtomaşına baxış keçirmişlər və silahı avtomaşından götürmüşlər. Heyvan Tikan oba kəndindən alındığına görə onun həmin istiqamətdə qaçdığı ehtimal olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı X10 Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokolundan müəyyən olunur ki, X5 10 yanvar 2024-cü il tarixdə Xaçmaz rayonunun Tikanoba kəndi yaxınlığında özünə məxsus E-45134 №-li ov tüfəngi ilə lisenziya olmadan ov ilə məşğul olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı X10 Təbii Sərvətlər İdarəsinin 31 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarından müəyyən olunur ki, X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək, ona 1000 manat məbləğində inzibati cərimə təyin edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 83658 saylı aktdan müəyyən olunur ki, 10 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı X10 Təbii Sərvətlər İdarəsinin əməkdaşları Xaçmaz rayon Tikan oba kəndi istiqamətində ətraf mühitin mühafizəsi haqqında və Ovçuluq haqqında və digər qanunvericilklərin tələblərinə riayət olunmasını həyata keçirmək məqsədilə reyd keçirərkən, kənd ərazisində dəniz sahilindən təqribən 1 km məsafədə suluq qamışlıq ərazidə 3 nəfər şəxsin çöl heyvanlarını izlədiyi və atəş açdıqlarını müşahidə etmişlər. Həmin şəxslərə yaxınlaşarkən ov ilə məşğul olan şəxslərdən ov tüfəngi ilə bir nəfər onları görüb həmin ərazidən qaçaraq uzaqlaşmışdır. Onlarla birlikdə silahsız və silahlı bir nəfər şəxsi saxlamışlar. Aparılan araşdırmalar zamanı əlində ov tüfəngi ilə sulu qamışlıq ərazidə ov ilə məşğul olan şəxsin Xaçmaz rayonunun Çiləgir kənd sakini, xx.xx.1986-cı il təvəllüdlü X7 olduğu və onun avtomaşınında 28 çaplı SJ markalı tək lüləli E-45134 №-li ov tüfəngi və üzərində içərisində 1 ədəd dolu patron olan və 23 ədəd dolu patron olan patrondaş müəyyən olunmuşdur. Həmin şəxs onlara ov ilə məşğul olması barədə heç bir lazımi icazə sənədi təqdim etməmişdir. Tüfəng və 23 ədəd dolu olan patrondaş araşdırma aparılması üçün götürülmüşdür. X7 yazılı izahat verərək ov üçün lazımi icazə sənədinin olmadığını, lakin özünə məxsus ov tüfəngi və 23 ədəd dolu patronla başqa məqsəd üçün əraziyə çıxdığını bildirmişdir. Bununla da X5 qanunvericiliyin tələblərini pozması müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan müəyyən olunur ki, X4 götürülmüş SJ markalı tək lüləli E-45134 №-li ov tüfəngi və 23 ədəd dolu patron xx.xx.2024-cü il tarixdə özünə təhvil verilmişdir. Məhkəmə barəsində inzibati qərar çıxarılmış şəxsin və inzibati tənbeh vermə haqqında qərar çıxarmış Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı X10 Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 272.3.-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. X5 lazımi icazə olmadan ov edilməsi qadağan olunan Xaçmaz rayonunun Tikan oba kəndi ərazisindəki dəniz sahilində ov tüfəngi ilə ov etməsi faktı təsdiqini tapmır. X5 10 yanvar 2024-cü il tarixdə qeyd olunan ərazidə olması, onun idarə etdiyi avtomaşından sənədlə özünə məxsus olan 28 çaplı SJ markalı tək lüləli E-45134 №-li ov tüfənginin və üzərindən içərisində 1 ədəd dolu patron olan və 23 ədəd dolu patron olan patrondaşın müəyyən edilməsi onun məhz həmin gün ov üçün lazımi icazə sənədi olmadan ov etməsini təsdiq etmir. X7 özü də izahatında göstərmişdir ki, həmin gün orada ov ilə məşğul olmamışdır. Qəssab olduğu üçün ayrı-ayrı yerlərdən kəsmək üçün mal-qara alır. Həmin gün də özünə məxsus olan inəyi itdiyinə görə, onu axtarmaq üçün dostu ilə meşə tərəfə getmişlər. Qeyd olunan faktı məhkəmə iclasında şahid qismində ifadə vermiş X8 da təsdiq etmişdir. O, ifadəsində göstərmişdir ki, X7 özünə məxsus bir baş heyvanı Tikan oba kəndindən aldığına görə onun həmin istiqamətdə qaçdığını ehtimal etdiyinə görə oraya getmişlər. 5 saylı X10 Təbii Sərvətlər İdarəsinin işçiləri onlara yaxınlaşaraq ov etdiklərini düşünüb, avtomaşına baxış keçirmişlər və silahı avtomaşından götürmüşlər. Məhkəmə eyni zamanda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı X10 Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında göstərilən tarixdə ov edən üç nəfər olsa da, həmin üç nəfərin birlikdə olmalarını dəqiq bilmədiyini, onlardan ikisinin qaçdığını, hadisə yerində qalan 1 nəfər, yəni X4 isə silahın üzərindən deyil, ona məxsus avtomobilin baqajından götürüldüyünü nəzərə alır. Göründüyü kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı X10 Təbii Sərvətlər İdarəsi tərəfindən işin halları tam və hərtərəfli araşdırılmamış, inzibati pozuntu baş verməsi ehtimal olunan ərazidə müşahidə olunmuş X4 başqa digər iki nəfər şəxs müəyyən edilmədən və onların izahatları alınmadan, sadəcə X1 özünə məxsus olan tüfəng və patrondaş aşkar edildiyindən, onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, o, müvafiq qərarla cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, işin halları kifayət qədər araşdırılmadığından, həmçinin X5 inzibati xətanın mövcudluğu ilə razı olmaması nəzərə alınaraq, iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı X10 Təbii Sərvətlər İdarəsinin 31 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarı qanuni və əsaslı hesab edilə bilməz. Ona görə də barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış fiziki şəxs X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı X10 Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 31 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarından şikayəti təmin edilməli, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək, 1000 manat cərimə olunmasına dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı X10 Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 31 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı X10 Təbii Sərvətlər İdarəsinə tapşırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 130, 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şikayət qismən təmin edilsin. Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış fiziki şəxs X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək, 1000 manat cərimə olunmasına dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı X10 Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 31 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı X10 Təbii Sərvətlər İdarəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Xaçmaz rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN: NƏRMİN ABİYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar