Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1341/2023 17.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Hüseynova Məhbubə Təbriz qızının katibliyi, Protokol tərtib etmiş şəxs X1, İnzibati xəta törətmiş şəxsin vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2002-ci ildə Quba rayonunda anadan olan, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, Quba rayonu Ağbil kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında İXP seriyalı, ******* №-li protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, sürücü təhlükəsizlik kəmərindən istifadə etmədən nəqliyyat vasitəsini idarə etdiyi üçün saxlanılmış, yoxlama zamanı alkoqol sərxoşluğu vəziyyətində olduğu aşkarlanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xaçmaz Rayon Polis İdarəsinin X4 tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs X2 bildirdi ki, sürücü Şəxs xx.xx.2023cü il tarixdə saat 09:27 radələrində “Qaz 3302-18” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə saxlanılmış, sürücüdən spirt iyi gəldiyi üçün yoxlama aparılmış, yoxlama zamanı onun 0,748% promil alkoqolun olması aşkarlanmışdır. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə əsasən İXP5750434 nömrəli inzibati protokol tərtib edilərək toplanmış materiallar baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir. Sürücü həmin gün saat 15:00 radələrində Quba Rayon Mərkəzi Xəsdəxanasının Narkoloji kabinetinə müraciət edərək sərxoş olmadığı barədə əsassız akt əldə etmişdir. Sürücü Şəxs alkotester müayinəsi aktında goo içdiyini, Xaçmaz RPŞ-nin DYPŞ-də olarkən bu barədə izahatında saat 09:27 radələrində saxlanıldığını qeyd etmişdir. Eləcə də məhkəmə qərarından da göründüyü kimi Quba rayon Mərkəzi xəstəxanasının sərxoşluq vəziyyətinin tibbi müayinəsi zamanı mövcud qanunvericiliyin tələbləri pozularaq 6 saat sonra sürücü barəsində sərxoşluq barədə rəy verilmişdir. Bütün bunların nəzərə alınaraq qanuna uyğun qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2023-cü il tarixdə AR DİN Xaçmaz RPŞ-nin DYPŞ-nin inspektoru tərəfindən idarə etdiyi Qaz 3302-18 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmış və ondan sənədlərinin təqdim etməsini xahiş etmişdir. Daha sonra maşının yük yerində nə olduğunu soruşaraq maşının yük yerinə baxış keçirmişdir. X5 Polis Şöbəsinin inspektoru ona sərxoş olduğunu bildirmişdir lakin o polis əməkdaşına içkili olmadığını bildirmişdir. Buna baxmayaraq polis əməkdaşı dəfələrlə içkili olduğunu bildirmiş, ona alkotesterlə yoxlanış edərək sarxoşluq vəziyyəti ilə əlaqədar akt tərtib etmişdir. O bundan narahatlıq hissi keçirmiş və polis əməkdaşının təkidi ilə məcburiyyət qarşısında qalaraq polis əməkdaşının diqtə etdiyi sözlərlə axşam saat 9-da spirtli içki olan GOO qəbul etdiyini yazmışdır. O həmin aktla razı olmadığına görə Quba şəhərinə gedərək Quba Rayon Mərkəzi Xəsdəxanasının Narkoloji kabinetinə müraciət edərək Sərxoşluq vəziyyətinin müəyyən edilməsi ilə əlaqədar olaraq tibbi müayinəsindən keçmişdir. Quba Rayon Mərkəzi Xəstəxanasının Narkoloji kabinetinin 15:00 radələrində tərtib etdiyi "sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx.xx.2023-cü il tarixli aktda qeyd olunub ki, sərxoşluq vəziyyəti mövcud deyil. İş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Vəkil bildirdi ki, Azərbaycan Respublikası İXM-nin 69.2-ci maddəsinin tələbləri də pozulmuşdur. Həmçinin az müddət keçməsinə baxmayaraq aparılan sərxoşluq vəziyyətinin tibbi müayinə aktı ilə alkatester nəticəsi arasında ziddiyətlər olduğundan barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi sübuta yetirilmir. Eyni zamanda sürücünün sərxoşluğunu müəyyən edən anlar, alkotesterin müayinəyə hazırlanması və alkotesteri qəbul etməsi video görüntülərdə öz əksini tapmamışdır. Bununla əlaqədar inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi xx.xx.2023-cü il tarixli alkotesr qəbzi ilə öz təsdiqini tapır. Alkotestr qəbzinə görə Şəxs müayinə vaxtı (xx.xx.2023-cü il, saat 09:27-də) 0,748 promil sərxoşluq vəziyyəti aşkarlanmışdır. İş materiallarında olan Quba Rayon mərkəzi Xəstəxanası tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından müəyyən olunur ki, Şəxs müayinə vaxtı saat 15:00-da ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Xaçmaz RPŞ DYPŞ tərəfindən alınmış Şəxs izahatından müəyyən olunur ki, hadisə 09:27 radələrində baş vermişdir. Məhkəmə Şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, iki fərqli Tibbi Aktın mövcud olması və həmin rəylərdən hansının daha mötəbər hesab edilməsinə aydınlıq gətirilməsi barədə dəlillərə gəldikdə birinci müayinədən təxminən 4.5 saat müddət keçməsi mümkünlüyünü nəzərə alaraq barəsində inzibati icraat aparılan şəxsin ikinci dəfə həkim müayinəsindən keçməklə sərxoşluq vəziyyətinin olmaması barədə əldə etdiyi rəy həqiqəti əks etdirmir Həmçinin iş materiallarında olan inzibati xəta haqqında protokolun şəxsən Şəxs tərəfindən imzasıyla təsdiq etməsindən, eyni zamanda iş materiallarında olan videogörüntüyə aid diskdə inzibati icraat aparılan şəxsin heç bir etiraz etmədən yüngül spirtli içki qəbul etdiyinə, hətta həmin spirtli içkinin növünün “GOO” adlı spirtli içki növü olduğunu bildirməklə, səmimi etiraf edərək boyun qaçırmaması qeyd olunan inzibati xətanı törətməsini təsdiq edir. V.Rasikov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir, ona görə də, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə inzibati xəta ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 №-li qərarının 2.3-cü bəndinə əsasən alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. Həmin qərarın 2.4-cü bəndində əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olması və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası İXM-in 76-cı maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyəti olan digər halları müəyyən etməkdən ötrü, hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokola, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.Qanunun tələbinə görə inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə müvafiq olaraq məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. Məhkəmə hesab edir ki, 08 oktyabr 2023-cü il tarixli sərxoşluq vəziyyətinin alkotester müayinəsi aktı mötəbər sübut kimi qəbul edilməlidir. Quba Rayon Mərkəzi Xəstəxanasının Narkoloji kabinetinin 08 oktyabr 2023-cü il tarixli aktda qeyd edildiyi kimi Şəxs sərxoşluq vəziyyətinin olmaması öz təsdiqini tapsa da, aradan keçən müddət ərzində yüngül sərxoşluq halının aradan qalxması baş verə bilər(mümkündür). Buna görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, ona görə də, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyətini ağırlaşdıran və yüngülləşdirən halın olmamasını nəzərə alır və hesab edir ki, Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi xx.xx.2023-cü il tarixli alkotesr qəbzi və onun iş materiallarında digər sübutlarla öz təsdiqini tapmışdır. Ona görə də, inzibati tənbehin məqsədinə nail olmaq üçün ona inzibati cərimə növündə tənbeh tətbiq edilməsi daha məqsədəuyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində ilə təqsirli bilinib 400 (dörd yüz) manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(067)-1341/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1341/2023
17.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver