Məhkəmə qərarları › İş №3(067)-1342/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1342/2024

25.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1342/2024 25.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, Xaçmaz Rayon Polis X8 Bölməsinin polis sahə rəisi, polis kapitanı X3 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1978-ci il təvəllüdlü, Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs 23 oktyabr 2024-cü il tarixdə sərxoş vəziyyətdə Xaçmaz rayonu, Köhnə-Xudat Bələdiyyəsinin inzibati binasının çöl qapısını yararsız hala salmış, habelə ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanın pozulmasına səbəb olan xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xaçmaz Rayon Polis X8 Bölməsinin polis sahə rəisi, polis kapitanı X4 izahatında göstərmişdir ki, inzibati xəta haqqında protokolu tərtib etmiş X7 hazırda növbədə olduğuna görə inzibati xəta haqqında materialı o, məhkəməyə təqdim etmişdir. Bildirmək istəyir ki, Şəxs xx.xx.2024-cü il tarixində sərxoş vəziyyətdə Xaçmaz rayonu Köhnə-Xudat Bələdiyyəsinin inzibati binasının çöl qapısını təpik-yumruq zərbələri ilə əzməklə yanaşı ünvansız yerə nalayiq ifadələr işlətmişdir. Hadisə barədə polis serjantı Tahir Məmmədov telefon vasitəsilə Bölməyə məlumat vermişdir. X10 Səmədovu hərəkətlərinə son qoymasına və nizam intizama dəvət etsə də, Şəxs onunla mübahisə edərək, ünvansız yerə nalayiq ifadələr işlətməyə davam etmişdir. Nəticədə o, Azərbaycan Respublikası inzibati xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi xətada özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Köhnə-Xudat kənd Bələdiyyəsinə torpaq sənədini almaq üçün anası ilə birlikdə getmişdir. O, bələdiyyənin işçisinə onları sənədə görə niyə bu qədər incitdiklərini deyərək bayıra çıxmışdır. Sərxoş vəziyyətdə olduğundan daha sonra nə baş veriyini və hansı hərəkətləri etdiyini xatırlamır. Sonra polis əməkdaşları gələrək, onu polis bölməsinə aparmışlar.Törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə xidmət olan zaman 10:18 radələrində Xaçmaz RPŞ-nin polis serjantı Tahir Məmmədov telefonla zəng edərək Xudat şəhər sakini Vahid adlı şəxsin sərxoş vəziyyətdə Xaçmaz rayonu Köhnə-Xaçmaz kənd bələdiyyəsinin binasının çöl qapısın təpiklə vuraraq yararsız hala salması barədə məlumat vermişdir. O, dərhal bölmənin polis serjantı Ənvər Xəlilovla birlikdə həmin əraziyə getmişlər. Onlar ora çatan zaman Vahid adlı şəxsin polis əməkdaşı Tahir Məmmədovla mübahisə etməsini görüb onu nizam-intizama dəvət etsələr də o, öz hərəkətlərini davam etdirərək ünvanssız yerə nalayiq ifadələr işlətməyə başlamışdır. Onun sərxoş olmasını hiss edərək X9 gətirib raportla məruzə etmişlər. Bundan sonra Vahid adlı şəxsi həkim müayinəsindən keçməsi üçün Xaçmaz rayon Mərkəzi Xəstəxanasına aparmış və onun orta dərəcəli sərxoş vəziyyətdə olması müəyyə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 şahid X1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 25 oktyabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları və şahidlərin ifadələri, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini və törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini və Аzərbаycаn Rеspublikаsının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 50 (əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar