Məhkəmə qərarları › İş №3(067)-1349/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1349/2025

10.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1349/2025 10.10.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, qərardan şikayət vermiş şəxs X1 və onun vəkili Vəkil, inzibati tənbeh vermə haqqında qərar çıxarmış orqan - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müfəttişi X5 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini X3 «inzibati tənbeh vermə haqqında» 15 sentyabr 2025-ci il tarixli, MN ******* saylı qərarından vəzifəli şəxs X4 tərəfindən verilmiş şikayət ərizəsinə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Vəzifəli şəxs X4 şikayət ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 15 sentyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarını ləğv edərək, inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Vəzifəli şəxs X4 ərizəsini onunla əsaslandırmışdır ki, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 230-cu maddəsi ilə Xaçmaz rayonunda yerləşən “Çənlibel” restoranı ərazisində quşların qanunsuz olaraq saxlanılmasına görə 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Azərbaycan Respublikası Qırmızı kitabına salınmış 1 (bir) ədəd çəhrayı flaminqo quşunun qanunsuz olaraq saxlanılmasını əsas gətirərək adı çəkilən quşun kimə aid olmasını soruşmadan və onun məlumatı olmadan xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli “inzibati xəta haqqında” protokol tərtib etmişdilər. Çəhrayı flaminqo quşu onun deyil, həmin quşa və ya quşlara sahiblik hüququ yoxdur, quşları o, yemləmir və həmin quşların sağlamlıq vəziyyətinə görə də, o, məsuliyyət daşımır. Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları quşun və ya quşların kimə aid olmasını soruşmadan işin aydınlaşdırılması və inzibati araşdırma aparmaq zəruriyyəti yarandığı halda işi aydınlaşdırmadan, inzibati araşdırma aparmadan, ondan izahat almadan, inzibati xəta hadisəsinə aidiyyatı olmadan və onun iştirakı olmadan barəsində əsassız olaraq xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli “inzibati xəta haqqında” protokol tərtib etmişlər. Yəqin həmin protokolu idarədə xidməti otaqlarında yazmışlar. Bu da onu deməyə əsas verir ki, protokol və onun əsasında tərtib edilmiş qərar qanunsuz və əsassızdır və 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisinin iaşə obyektinə qarşı olan qərəzli mövqeyidir. Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilk növbədə quşun kimə aid olduğunu, kim tərəfindən yemlənib bəsləndiyini, ən əsası isə sahiblik hüququnun kimə aid olduğunu öyrənməli və inzibati xəta aşkar etmişlərsə İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun prosessual qaydalara riayət etməklə qanuni tədbirlərini görməlidirlər. İşdə olan sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olmadan əsassız şəkildə qəbul edilmişdir. Vəzifəli şəxs işi aydınlaşdırmadan, inzibati araşdırma aparmaq zəruriyyəti tələb olunduğu halda inzibati araşdırma aparmadan kor təbii öz fərziyəsinə əsasən “inzibati xəta haqqında” protokol tərtib etmiş və həmin protokolun əsasında “inzibati tənbeh vermə haqqında” qərar qəbul etmişdir. Hesab edir ki, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin barəmdə qəbul etdiyi xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərarı hüquqi əsası olmadan qərəzli şəkildə qəbul edilmişdir. Məhkəmə iclasında izahat verən qərardan şikayət vermiş şəxs - vəzifəli şəxs X4 şikayət ərizəsini müdafiə edərək, bildirmişdir ki, o, restoranda qonaq qarşılayan kimi fəaliyyət göstərir. Müqavilə əsasında işləyir. Həmin ərazinin ümumi sahəsinin ölçüsünü bilmir. Ərazidə söhbətgahlar var, həmin söhbətgahlar da restoranın ərazisinə aiddir. Məhkəmə iclasında X1 vəkili Vəkil müvəkkilinin mövqeyindən çıxış edərək, bildirmişdir ki, Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları işi aydınlaşdırmadan, inzibati araşdırma aparmaq zəruriyyəti tələb olunduğu halda inzibati araşdırma aparmadan kortəbii şəkildə, öz fərziyəsinə əsasən inzibati xəta haqqında protokol tərtib etmiş və həmin protokolun əsasında inzibati tənbəh vermə haqqında qərar qəbul etmişdir. Belə ki, şəxsə inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə heç bir məlumat verilməmişdir. Məmmədtağı həmin restoranda adi işçi kimi fəaliyət göstərir, inzibati xəta aidiyyati olmayan şəxs barəsində prtokol tərtib edilmişdir. Əlavə olaraq qeyd edir ki, Məmmədtağı həmin restoranda icarə müqaviləsi əsasında restorana sahibkarlıq edir və həmin restoranın tərkibində olan otelin 200 kv.m sahəsənin müqaviləsi Elşad adlı şəxslə, 300 kv.m sahəsi isə Məmmədtağı ilə bağlanmışdır. 200 kv.m sahə otelin ərazisinə aiddir, 300 kv.m sahə isə resroranın əraisinə aiddir. Həmin quşların kimə aid olması məlum deyil. Quşlar saxlanan ərazi hissəsi otelin hissəsinə düşür. Məmmadtağı isə restoran aid olan ərazini idarə edir. Ərazinin 300 kv. m sahəsi Məmmədtagının icarə etməyi ilə bağlı müqavilə olsa da, lakin, həmin quşaların hansı əraziyə aid olduğunu müqavilədə qeyd olunmamışdır. İXM tərəfində tərtib olunan protokolu professual qaydalara uyğun olmadan qəbul edilmişdir. Belə ki, həmin şəxsin hadisə ilə bağlı məlumatı olmamışdır. Şəxsin təqsirini sübuta yetirilməsi tam deyil. Məhkəmə iclasında izahat verən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X8 bildirmişdir ki, müqavilədə qeyd olunmuşdur ki, İDEA ictimai birliyindən idarəyə daxil olan məlumata əsasən Xaçmaz rayon ərazisində yerləşən Çənlibel restoranında 2 ədə harayçı qu-quşunun, 1 ədəd çəhrayı flaminqonun və 3 ədəd şınşıla cinsinə məsub ziyan vericinin qanunsuz saxlanması barədə məlumat daxil olmuşdur. Tərəflərindən polis əməkdaşları, Daxili İşlər Nazirliyinin əməkdaşları, bioloji və zooloji parkın əməkdaşları və meşə təsərrüfüatının əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilmişdir. Baxış keçirilən zaman məlum olmuşdur ki, həmin ərazidə 2 ədəd harayçı qu-quşunun və 1 ədəd qanadı kəsilmiş flaminqo və 3 ədəd şınşıla cinsli ziyan verici qəfəsdə qanunsuz saxlanmışdır. Baxış zamanı Məmmədtağıdan quşların saxlanması ilə bağlı sənəd tələb olunsa da, onun tərəfindən onlara heç bir sənəd təqdim olunmamışdır. Sözü gedən quşlardan çəhrayı flaminqo qırmızı kitaba daxil olmuşdur. Quşların saxlanması il bağlı şərait uyğundur. Əgər lisenziya olsaydı, həmin ərazidə quşların saxlanmasına icazə verilə bilərdi. Buna görə də, Məmmədtağının barəsində 230-cu maddəyə əsasən protokol tərtib olunmuşdur. Bundan əlavə qeyd edir ki, həmin ərazini icarəyə verən şəxs deyil, icarəyə götürən şəxs cavabdehlik daşıyır. Onlar protokol və aktı baxış zamanı şəxsin iştirakı ilə tərtib etmişlər. Lakin, həmin şəxs protokol və akta imza etməkdən imtina etmişdir. Onların aktı və protokolu yerində tərtib etməməyi ilə bağlı sübutu varsa, həmin sübutu təqdim etməyini istəyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müfəttişi X6 ifadəsində bildirmişdir ki, Xaçmaz rayon ərazisində yerləşən Çənlibel restoranında inzibati xəta haqqında baxış keçirilən zaman o, da orda iştirak etmişdir. Belə ki, baxış zamanı həqiqətən də restoranda 2 ədəd harayçı qu-quşunun, 1 ədəd çəhrayı flaminqonun və 3 ədəd şınşıla cinsinə məsub ziyan vericinin qanunsuz olaraq saxlanması aşkar olunmuşdur və bu səbəbdən də araşdırılma aprılaraq, akt və protokol tərtib olunmuşdur. Baxış zamanı çəhrayı flaminqonun qanadlarının kəsilərək, həmin ərazidə saxlanması müəyyən olunmuşdur. Barəsində protokol tərtib edilmiş şəxsə hüquqları izah olunmuşdur və həmin şəxs də onlara şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Məhkəmə barəsində inzibati qərar çıxarılmış şəxsin və inzibati tənbeh vermə haqqında qərar çıxarmış Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini X3 «inzibati tənbeh vermə haqqında» 15 sentyabr 2025-ci il tarixli, MN ******* saylı qərarının surətindən müəyyən edilir ki, Vəzifəli şəxs X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 230-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 2000 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müfəttişi X5 tərtib etdiyi 25 mart 2025-ci il tarixli, MN ******* nömrəli protokoldan müəyyən edilir ki, Xaçmaz rayonu, Çənlibel restoranı ərazisində adları A.R Qırmızı kitabına salınmış 1 ədəd çəhrayı flaminqo quşu qanunsuz olaraq saxlanılmışdır. Məhkəmənin hüquqi mövqeyi: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 230-cu maddəsinə əsasən “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan icazə olmadan heyvanlar aləmi obyektlərinin təbii mühitdən götürülməsinə və ya onlardan istifadə edilməsinə görə fiziki şəxslər iki yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min beş yüz manatadək məbləğdə cərimə edilir. «Heyvanlar aləmi haqqında» Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən heyvanlar aləmindən istifadə hüququ Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada əldə edilir. Heyvanlar aləmindən istifadənin xüsusi icazə tələb edən növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanununun 53-cü maddəsinə əsasən heyvanlar aləmi haqqında qanunvericiliyin pozulmasında təqsiri olan şəxslər aşağıdakı hallarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar: - heyvanlar aləmi obyektlərinin istifadəyə verilməsi qaydasını pozduqda; - heyvanlar aləminin obyektlərini təbii mühitdən xüsusi icazə olmadan götürdükdə; - heyvanlar aləminin obyektlərindən özbaşına xüsusi istifadə etdikdə; - heyvanlar aləminin obyektlərindən istifadənin limitləri barədə tələbləri pozduqda; - dövlət ekoloji ekspertizasının tələblərini yerinə yetirmədikdə; - ov qaydalarını kobud şəkildə pozduqda (ov etmək üçün icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan edilmiş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov etdikdə), habelə digər ov qaydalarını müntəzəm pozduqda; - qurumuş bitkiləri və ya onların qalıqlarını heyvanlar aləmi obyektlərinin məskunlaşdığı yerlərdə özbaşına yandırdıqda; - bitki mühafizəsi vasitələrinin, onların boy stimulyatorlarının, mineral gübrələrin və başqa maddələrin (preparatların) saxlanması, daşınması və tətbiq edilməsi qaydalarını pozduqda; - zooloji kolleksiyaların yaradılması, zənginləşdirilməsi, saxlanması, istifadəsi və dövlət uçotuna alınması, onlarla ticarət, habelə Azərbaycan Respublikasına gətirilməsi, onun hüdudlarından kənara göndərilməsi və aparılması qaydalarını pozduqda; - özbaşına, yaxud müəyyən edilmiş qaydanı pozmaqla heyvanları köçürdükdə, iqlimə uyğunlaşdırdıqda və artırdıqda, genetik cəhətdən dəyişmiş orqanizmlərdən istifadə etdikdə; - heyvanlarla rəhmsiz rəftar etdikdə, yəni onlara ağrı, əzab, işgəncə verilməsi, onların döyülməsi və döyüşdürülməsi nəticəsində onları şikəst və ya tələf etdikdə, rəhmsiz rəftarı nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilməklə törətdikdə, belə rəftarı təbliğ etdikdə və ya belə rəftara açıq çağırışlar etdikdə və bu cür rəftarı özündə əks etdirən materialları kommersiya məqsədləri üçün istifadə etdikdə; - heyvanlar aləmi obyektlərinin vəziyyəti və sayı, onların istifadəsi haqqında məlumatları gizlətdikdə və təhrif etdikdə; - heyvanların tələf olmasının, onların yaşayış mühitinin pisləşməsinin qarşısını almaq üçün və heyvanlar aləminə mənfi təsirin ləğv edilməsi məqsədilə tədbirlər görmədikdə; - heyvanlar aləmi obyektlərinin əldə edilməsi, realizə olunması, Azərbaycan Respublikasının hüdudlarından kənara göndərilməsi, aparılması və onun ərazisinə gətirilməsi qaydalarını pozduqda; - Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilmiş və ya xüsusi mühafizə olunan heyvan növlərinin siyahısında olan heyvanların mühafizəsi üzrə tələbləri yerinə yetirmədikdə; - heyvanların əldə edilməsində qadağan edilmiş ov alətlərini hazırladıqda, saxladıqda, satdıqda və tətbiq etdikdə; - heyvanlar aləminin mühafizəsinə və istifadəsinə dövlət nəzarətini həyata keçirən orqanların yazılı tələblərini və qərarlarını yerinə yetirmədikdə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. Həmin Qanununun 54-cü maddəsinə əsasən heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir. Məhkəmənin müəyyən etdiyi hallar və gəldiyi nəticə: Məhkəmə işin hallarını araşdıraraq, vəzifəli şəxs X1 şikayəti ilə bağlı onu qeyd edir ki, sübut etmə vəzifəsi qərarından şikayət verilmiş orqanın üzərinə düşür. Belə ki, inzibati tənbeh vermə haqqında qərar çıxarmış orqan - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi sənəd və sübutlarını məhkəməyə təqdim etmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərar çıxarmış orqan tərəfindən təqdim olunmuş həmin sübutları tədqiq edərək, hazırki iş üzrə obyektiv qərarın verilməsi üçün sübutların yetərli olduğu qənaətinə gəlmişdir. Belə ki, qərardan şikayət vermiş şəxs Məmmədtağı Məmmədov şikayətini onunla əsaslandırmışdr ki, o, restoranda qonaq qarşılayan kimi fəaliyyət göstərir və müqavilə əsasında işləyir. Həmin ərazinin ümumi sahəsinin ölçüsünü bilmir. Ərazidə söhbətgahlar var və həmin söhbətgahlar da restoranın ərazisinə aiddir. Lakin 2 ədəd harayçı qu-quşu, 1 ədəd çəhrayı flaminqo və 3 ədəd şınşıla cinsinə mənsub ziyan verici ümumən “Çənlibel” restoranının fəaliyyət göstərdiyi ərazidə saxlanılıb, ona aidiyyəti yoxdur.Məhkəmə iclasında X1 vəkili Vəkil isə bildirmişdir ki, Məmmədtağı Məmmədov həmin restoranda adi işçi kimi fəaliyyət göstərir. Əlavə olaraq qeyd etmişdir ki, Məmmədtağı Məmmədov həmin restoranda icarə müqaviləsi əsasında restorana sahibkarlıq edir və həmin restoranın tərkibində olan otelin 200 kv.m sahənin müqaviləsi Elşad adlı şəxslə, 300 kv.m sahəsi isə Məmmədtağı ilə bağlanmışdır. 200 kv.m sahə otelin ərazisinə aiddir, 300 kv.m sahə isə restoranın ərazisinə aiddir. Həmin quşların kimə aid olması məlum deyil. Quşlar saxlanan ərazi hissəsi otelin hissəsinə düşür. Məmmadtağı Məmmədov restorana aid olan ərazini idarə edir. Ərazinin 300 kv. m sahəsinin icarədarı müqavilə əsasında Məmmədtagı Məmmədov olsa da, aşkar edilmiş quşların hansı əraziyə aid olduğu müqavilədə qeyd olunmamışdır. Ona görə Məmmadtağı Məmmədov barəsində qəbul edilmiş inzibati xəta haqqında qərarı qanunsuz hesab edir. Göründüyü kimi qərardan şikayət vermiş şəxs Məmmədtağı Məmmədov “Çənlibel” restoranında müqavilə əsasında qonaq qarşılayan kimi fəaliyyət göstərdiyini bildirsə də, onun vəkili Vəkil bildirir ki, Məmmədtağı Məmmədov həmin restoranda adi işçi kimi fəaliyyət göstərir və daha sonra qeyd edir ki, Məmmədtağı Məmmədov həmin restoranda icarə müqaviləsi əsasında restorana sahibkarlıq edir və həmin restoranın tərkibində olan otelin 300 kv.m sahəsini icarəyə götürüb işlədir. Qərardan şikayət vermiş şəxs Məmmədtağı Məmmədov və onun vəkili tərəfindən aşkar edilmiş heyvanların icarəyə götürülmüş 300 kv.metr ərazidə saxlanılmadıqlarına dair heç bir sənəd və ya sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə qeyd olunan şəxslərin verdikləri izahatların bir-birini təkzib etdiyini əsas götürərək, həmçinin qərardan şikayət vermiş şəxs Məmmədtağı Məmmədov tərəfindən qərarın qanunsuz və əsassız olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilmədiyini nəzərə alaraq, hesab edir ki, onun məqsədi törədilmiş inzibati xətaya görə məsuliyyətdən yayınmaqdır. Belə ki, iş materialları ilə də müəyyən olunmuşdur ki, “Çənlibel” restoranının icarədarı məhz X2r və orada heyvanlar aləminin obyektləri, yəni 2 ədəd harayçı qu-quşu və 3 ədəd şınşıla cinsinə məsub ziyan vericinin, həmçinin Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilmiş və ya xüsusi mühafizə olunan heyvan növlərinin siyahısında olan 1 ədəd çəhrayı flaminqonun təbii mühitdən xüsusi icazə olmadan götürülərək, mühafizəsi üzrə tələbləri yerinə yetirmədən qanunsuz olaraq saxlanması faktı aşkar edilmişdir. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən işin halları kifayət qədər araşdırıldığından və vəzifəli şəxs X1 Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 230-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi işdə olan sübutlarla təsdiqini tapdığından, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış vəzifəli şəxs X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini X3 «inzibati tənbeh vermə haqqında» 15 sentyabr 2025-ci il tarixli, MN ******* saylı qərarından şikayəti təmin edilməməli və həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilməsin. Vəzifəli şəxs X1 Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 230-cu maddəsi ilə təqsirli bilinərək, barəsində 2000 manat məbləğində inzibati cərimə təyin edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini X3 «inzibati tənbeh vermə haqqında» 15 sentyabr 2025-ci il tarixli, MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Xaçmaz rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlı̇ k edən: Nərmı̇ n Abı̇ yeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar