Məhkəmə qərarları › İş №3(067)-136/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-136/2022

17.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-136/2022 17.01.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxx 1982-ci ildə Xaçmaz rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmış, işləməyən, Xaçmaz rayonu, Köhnə- Xaçmaz kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati materiala baxaraq MÜƏYYƏN ETDİ : Şəxs 15 yanvar 2022-ci il tarixdə özünə məxsus “Daewoo Matic” markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomaşınla Xaçmaz şəhəri, Bakı prospektdində hərəkətdə olarkən əks hərəkət zolağına çıxmaqla ötmə qaydasını pozduğuna görə ərazidə xidməti vəzifələrini yerinə yetirən Xaçmaz rayon X2 Yol Polis əməkdaşları tərəfindən saxlanılıb səbəbini ona izah edib, barəsində müvafiq sənədləşəmə işləri aparmaq istədikləri zaman o, bundan qəzəblənərək ünvansız nalayiq ifadələr işlətmiş, daha sonra həmin yerə dəvət edilmiş post patrul xidmətinin əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirməklə polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, 15 yanvar 2022-ci il tarixdə özünə məxsus “Daewoo Matic” markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomaşınla Xaçmaz şəhəri, Bakı prospektdində hərəkətdə olarkən əks hərəkət zolağına çıxmaqla ötmə qaydasını pozduğuna görə ərazidə xidməti vəzifələrini yerinə yetirən Xaçmaz rayon X2 Yol Polis əməkdaşları tərəfindən saxlanılıb səbəbini ona izah edilərək barəsində müvafiq sənədləşmə işləri aparmaq istədikləri zaman əsəbləşərək ucadan nalayiq ifadələr işlətmişdir. Bundan sonra dövlət yol polis əməkdaşı tərəfindən həmin yerə post patrul xidmətinin əməkdaşlarının dəvət edildiyini, polis əməkdaşlarının qanuni tələblərinə riayət etməklə onlarla bir yerdə rayon polis şöbəsinə getdiyini bildirmişdir. Əməlindən peşmandır, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməs və ailənin yeganə qazanc gətirəni olması nəzərə alınmaqla barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin DYPB-nin əməkdaşı X1 izahatında bildirmişdir ki, 15 yanvar 2022-ci il tarixdə xidmət aparan zaman “Daewoo Matic” markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü tərəfindən yol hərəkəti qaydalarının pozduğunu aşkar etmiş və qeyd olunan avtomobili saxlamışdır. Avtomobilin sürücüsü Şəxs onun barəsində yol hərəkətinin pozulması ilə əlaqədar protokolun tərtib edilməməsini xahiş etsə də, o, qayda pozuntusunu aşkar etdiyindən müvafiq protokol tərtib edilməsinin məcbur olduğunu bildirmişdir. Bundan sonra, Şəxs ünvansız olaraq nalayıq ifadələr işlətməyə başlamışdır. Məhkəmə işdə iştirak edən inzibati xəta törətmiş şəxsin izahatını, şahidin ifadəsini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət yaradır. Həmin Məcəllənin 510-cu maddəsinə görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə yaranır. İş materiallarından da göründüyü kimi, Şəxs ictimai yerdə nalayıq ifadələr işlətdiyinə görə, xırda xuliqanlıq əməlini törətmişdir. İnzibati xəta haqqında işə baxılarkən Şəxs Azərbaycan Respunbliaksınln İnbzibati Xıətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməli-yəni, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması kimi hərəkətlər törətməsi öz təsdiqini tapmamışdır. Əksinə olaraq Şəxs ictimai yerdə nalayiq söyüşlər söyməklə ictimai qaydanın pozulmasına səbəb olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi hər hansı sübutla öz təsdiqini tapmadığından, onun Azərbaycan Respullikası İnzibati Xətalar Məcəlləsinin 510-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapdığından onun əməli İnziabti Xətalar Məcəlləsinin 535.1-ci maddəsindən 510-cu maddəsinə tövsif olunmaqla onun barəsində həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini, törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində Azərbaycan Respullikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutlmuş tənbehlərdən cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. İş materiallarında olan 15 yanvar 2022-ci il tarixli, 29 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 15 yanvar 2022-ci il tarixdə saat 13:48 radələrində tutulmuşdur. Odur ki, Şəxs həbsinin əvvəli 15 yanvar 2022-ci il tarixdən saat 13:48 radələrindən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 03 (üç) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsin əvvəli 15 yanvar 2022-ci il tarixdən saat 13:48-dən hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar