Məhkəmə qərarları › İş №3(067)-1364/2022

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-1364/2022

31.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-1364/2022 31.08.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsi üzrə daxil olmuş inzibati xətaya dair materialın baxılmağa hazırlanmasına məhkəmə iclasından kənar prosessual qaydada baxaraq məhkəmə müəyyənetdi: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsi üzrə tərtib olunmuş inzibati xətaya dair materialda qeyd olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə Xaçmaz rayon Köhnə-Xaçmaz kəndinə yerləşən Şəxs MMC məxsus Qafqaz YDM-də keçirilən planlı yanğın texniki müayinə zamanı “X1” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, daxil olmuş material natamamdır, ona görə də protokol və ona əlavə olunmuş sənədlər X2 Xidməti Şimal regional X2 İdarəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Həmin Məcəllənin 100.1.1-100.1.7, 100.1.9-100.1.10-cu maddələrinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, inzibati xəta haqqında tərtib olunmuş protokolda Şəxs MMC-nin hansı maddə ilə inzibati məsuliyyətə cəlb olunması aydın görünmür. Belə ki, iş materiallarından görünür ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin hansı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi (maddənin qaralanması ilə əlaqədar) aydın şəkildə müəyyən edilmir. Ona görə də, məhkəmə hesab edir ki, hazırki halda inzibati materiala baxılması mümkün olmadığından inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109 və 118-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsi üzrə tərtib olunmuş 26 avqust 2022-ci il tarixli inzibati xətaya dair protokol və ona əlavə olunmuş sənədlər X2 Xidməti Şimal regional X2 İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar