Məhkəmə qərarları › İş №3(067)-1368/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1368/2023

25.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1368/2023 25.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1968-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon İcra Şöbəsi (böyük icra məmuru X3) tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında 25 oktyabr 2023-cü il tarixli, MN № ******* saylı protokola əsasən məlum olur ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1688/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədi üzrə borclu Şəxs 875 manat borcunu ödəməyərək, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Xaçmaz Rayon İcra Şöbəsinin böyük icra məmuru bildirdi ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1688/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 04 may 2023-cü il tarixdən başlayaraq 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 175 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Borclu bu günədək heç bir ödəniş etməmiş, 875 manat məbləğdə pul borcu yaranmışdır. Əlavə olaraq bildirmişdir ki, borclu həmin qətnamə barədə şifahi olaraq məlumatlı olmuşdur. Ona məktubla göndərilmiş qətnaməni almağdan imtina edilmişdir. Aliment dərhal icra olunmalıdır. İcra işinə dair bütün tədbirlər borclunun qeydiyyat ünvanı üzrə aparılmışdır. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) bildirdi ki, o, 2(067)-1688/2023 saylı qətnaməni almadığını, bu barədə məlumatının olmadığını bildirmişdir. O, ünvan 2 ünvanında yerləşən evini sataraq, hazırda yaşadığı Xaçmaz rayonu X6 küçəsində yerləşən evə köçmüşdür. Onun daimi iş yerinin olmadığını, fərdi əmək fəaliyyətilə məşğul olduğunu, gündüzlər evdə olmadığını və gecə saatlarında evə gəldiyini bildirmişdir. Onun şəxsiyyətini təsdiq edən sənədlərdə qeydiyyat ünvanı yenisi ilə əvəz olunmamışdır. O, xx.xx.2023-cü il tarixdə gecə evə gedərkən polis əməkdaşları tərəfindən saxlanıldığı vaxt məsələ barədə xəbərdar olduğunu bildirmişdir. O, 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat və yaranmış 875 manat aliment borcundan 50 manat məbləğdə aliment borcunu ödəyə biləcəyini bildirmişdir. Həmçinin bildirmişdir ki, o, hazırda yaşadığı S.S.Axundov küçəsi, ev 34 A ünvanında yerləşən evdə anasıyla birlikdə yaşayır, ola bilsin həmin ünvana göndərilən ikinci məktub anası tərəfindən nə vaxtsa alınıb, lakin ona bildirməyi unudub. Bundan sonra yaşadığı ünvana həmin işlə bağlı hər hansı məktub gələrsə, özü tərəfindən alınacağını bildirmişdir. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs bildirdi ki, o, yaranmış aliment borcunun borclu tərəfindən vaxtı vaxtında ödənilməsini tələb edir. O, keçən vaxt ərzində borcludan alimenti tələb etməmişdir. Hazırda 220 manat təqaüd alır, maddi vəziyyəti aşağı olduğu üçün alimenti tələb etdiyini bildirmişdir. Həmçinin bildirmişdir ki, uşağın anası ikinci dəfə ailə qurduqdan sonra borclu uşağı saxlamaqdan imtina etmiş və uşaq onun himayəsinə verilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, icraata xitam verilməlidir. Belə ki, Xaçmaz Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(067)-1688/2023 saylı icra sənədindən və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, məhkəmə qətnaməsi ilə Şəxs 04 may 2023- cü il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 1 uşağa görə hər ay 175 manat manat sabit pul məbləğində aliment tutularaq zərərəçəkmiş şəxs X2 xeyrinə ödənilməlidir. İş materiallarından görünür ki, Xaçmaz rayon Polis Şöbəsi tərəfindən Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli axtarış qərarına cavab olaraq bildirilmişdir ki, borclu Şəxs barəsində xx.xx.2023-cü il tarixdə axtarış elan edilmişdir. İş materiallarından görünür ki, Xaçmaz rayon Polis Şöbəsi tərəfindən borclu Şəxs xx.xx.2023-cü il tarixdə keçirilmiş tədbirlər nəticəsində saxlanılaraq barəsində tədbir görülməsi üçün aidiyyatı üzrə Xaçmaz rayon Probasiya Şöbəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Göstərilənləri nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi kimi hərəkətlərə yol verilməmişdir. İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzürsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin əldə etdiyi vəsait və ya mülkiyyətində olan əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamış, əksinə onun bu günədək icra sənədindən xəbərinin olmaması və ilk dəfə olaraq bu gün icra şöbəsinə gətirilməsi, icra məmurunun bu gün ilk dəfə ona öz qanuni tələbini bildirdiyi müəyyən edilmişdir ki, belə olan halda onun bu günədək icra məmurunun ona qarşı irəli sürülməyən qanuni tələbini icra etməməsindən söhbət gedə bilməz. Bununla yanaşı məhkəmə qeyd edir ki, məhkəmə iclasında icra məmuru tərəfindən də təsdiq edilmişdir ki, Şəxs işləmir. Belə olan halda rəsmi iş yeri və qazancı olmayan şəxsdən bu gün ilk dəfə Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq icra şöbəsinə gətirilərək icra sənədinin icra edilməsinin tələb edilməsi, şəxsin hazırda tələb olunan məbləğdə pul vəsaitinin olmamasını bildirməsinə və bu halın şəxsin işləməməsi nəzərə alınaraq real olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun məhkəmə aktını icra etməməsinin üzürsüz hal kimi qiymətləndirilməsi qanuni olmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə yuxarıda göstərilənlərə əsasən borclu Şəxs tərəfindən üzürsüz səbəbdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Xaçmaz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar