Məhkəmə qərarları › İş №3(067)-1370/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1370/2022

01.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1370/2022 01.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, inzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz rayon X7 X8 inzibati təcrübə üzrə inspektoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə 09 avqust 1983-cü ildə Xaçmaz rayonunun Ağyazı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmış, Xaçmaz rayonunun Ağyazı-Buduq kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən 31 avqust 2022-ci il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 30 avqust 2022-ci il tarixdə saat 18:30 radələrində idarə etdiyi “VAZ 21070” markalı, T956HB64 dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz şəhəri, H.Əliyev pospektində hərəkətdə olarkən nəqliyyat vasitəsinin təkərlərindən çıxan səslərə görə həmin ərazidə xidmətdə olan Xaçmaz rayon X7 X8 Yol Patrul Xidmətinin əməkdaşı tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını sərxoş vəziyyətdə idarə etməsi və bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın onun tərəfindən barəsində inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi müəyyən olunmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş inzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz rayon X7 X8 inzibati təcrübə üzrə inspektoru X5 göstərdi ki, 30 avqust 2022-ci il tarixdə saat 18:30 radələrində idarə etdiyi “VAZ 21070” markalı, T956HB64 dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz şəhəri, H.Əliyev pospektində hərəkətdə olarkən nəqliyyat vasitəsinin təkərlərindən çıxan səslərə görə həmin ərazidə xidmətdə olan Xaçmaz rayon X7 X8 Yol Patrul Xidmətinin əməkdaşı tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını sərxoş vəziyyətdə idarə etməsi və bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın onun tərəfindən barəsində inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi müəyyən olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, 30 avqust 2022-ci il tarixdə axşam saatlarında dostları ilə birgə Xaçmaz şəhəri, H.Əliyev prospektində yerləşən “Zəfər” parkında olarkən “GO” markalı spirtli vodka kokteli içərək nəqliyyat vasitəsini hərəkətə gətirib möhkəm qaz əyləcini basdığı zaman təkərlərindən çıxan səslərə görə həmin ərazidə xidməti vəzifəsini yerinə yetirən Xaçmaz rayon X7 X8 yol patrul xidməti inspektoru tərəfindən saxlanılmış, alkotestr vasitəsi ilə müayinədən keçirildiyi zaman onun nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi və eyni xətanı bir il ərzində təkrar törətməsi müəyyən edilərək barəsində müvafiq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Törətmiş olduğu xətadan peşmandır. İnzibati xəta haqqında protokola əlavə edilmiş 12 fevral 2022-ci il tarixli TP ******* nömrəli qərardan görünür ki, Şəxs 12 fevral 2022-ci il tarixdə idarə etdiyi avtomaşınla hərəkətdə olarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş xətaya yol verdiyinə görə saxlanılmış və yoxlama zamanı onun nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi müəyyən edildiyindən o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1 və 333.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan 31 avqust 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və sərxoşluq vəziyyətini müəyyən edən alkotestr sənədindən görünür ki, Şəxs 30 avqust 2022-ci il tarixdə saat 18:30 radələrində idarə etdiyi “VAZ 21070” markalı, T956HB64 dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz şəhəri, H.Əliyev pospektində hərəkətdə olarkən nəqliyyat vasitəsinin təkərlərindən çıxan səslərə görə həmin ərazidə xidmətdə olan Xaçmaz rayon X7 X8 Yol Patrul Xidmətinin əməkdaşı tərəfindən saxlanılmış və yoxlama zamanı onun nəqliyyat vasitəsini sərxoş vəziyyətdə törətməsi və bu Məcəllənin 329.3, 332.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş xətanın onun tərəfindən barəsində inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi müəyyən edilmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin və inzibati xəta törətmiş şəxsin izahatları, tərtib olunmuş inzibati xəta haqqında 31 avqust 2022-ci il tarixli, İXP ******* nömrəli protokol və digər iş materialları ilə tamamilə sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş 30 avqust 2022-ci il il tarixli sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə edilməsi haqqında alkotesterin nəticəsindən (protokollaşdırmadan) görünür ki, sürücü Şəxs həmin tarixdə sərxoşluq yoxlamasından keçirilmiş, qəbul etdiyi alkoqolun miqdarı (alkoqolun konsentrasiyası) 2,172 promil olmuşdur. Həmin sənədin üzərində olan qeylərdən görünür ki, inzibati xəta törətmiş şəxs X2 alkotestrin nəticəsinə dair sənədlə tanış edilmiş və o, həmin sənədin üzərində müayinənin nəticəsinə etiraz etmədiyini və həkim müayinəsinə ehtiyacının olmadığını qeyd etməklə qeydlərin qarşısında imza etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli 209 saylı qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə alkoqolun konsentrasiyasının 0,3 promil və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin 8-ci bəndinin tələbinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında nəqliyyat vasitəsini idarə etməməlidir. Göründüyü kimi, Şəxs “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin 8-ci bəndi ilə üzərinə vəzifə olaraq qoyulmuş hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqoldan istifadə edərək nəqliyyat vasitəsini idarə etməməli olduğu halda bunu etmiş və bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli, hüquqa zidd əməl törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olması, məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla həbs inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində nəqliyyat vasitəsini idarə etmə hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 03 (üç) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsin əvvəli 01 sentyabr 2022-ci il tarixdən saat 11:30-dan hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası DİN BDYPİ Xaçmaz RQİ və TBŞ-yə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ HAKİM XİDİR QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar