Məhkəmə qərarları › İş №3(067)-1372/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1372/2024

14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1372/2024 14.11.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1965-ci ildə Xaçmaz rayonunun Çinartala kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə mşğul olan, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonunun Çinartala kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin Yol-Patrul Xidməti Alayının 2-ci Tağımından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ : Şəxs 12 iyul 2024-cü il tarixdə axşam saatlarında yaşadığı Xaçmaz rayonunun Çinartala kəndi ərazisində təsərrüfatında olan uzunqulağı saxlanc yerində lazımi qaydada cilovlamaması və nəzarətsiz buraxması səbəbindən uzunqulaq olduğu yerdən qaçaraq Gəndob-Yalama yolunun 39-cu km-də nəqliyyat vasitələrinin sürətli hərəkət etdiyi hərəkət yoluna çıxmış, nəticədə həmin yol ilə hərəkətdə olan X2 məxsus “VAZ-21013” markalı, **- KJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna qəflətən çıxmaqla yol-nəqliyyat hadisəsi baş vermiş, hadisə nəticəsində “VAZ-21013” markalı, **-KJ-*** markalı avtomobilin sahibinə maddi zərər dəymişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq gəlməmiş, işə iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq inzibati xəta protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edilmişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, 12 iyul 2024-cü il tarixdə özünə məxsus uzunqulağı yaşadığı Xaçmaz rayonunun Çinartala kəndindəki evinin həyətində saxlanc yerində cilovlayıb öz işlərinin arxasınca getmiş, həmin gün axşam saatlarında evdə olarkən Rasim adlı şəxs yaşadığı ünvana gələrək təsərrüfatında olan heyvanı nəzarətsiz buraxması səbəbindən şosse yolda heyvanı avtomobillə vurduğunu bildirmişdir. Bundan sonra o, hadisə yerinə gəlib özünə məxsus heyvanı tanımış, hadisə nəticəsində ona məxsus uzunqulağın hadisə yerində öldüyünu və heyvanı vurmuş avtomobilin də zərbə nəticəsində əzildiyini görmüşdür. Uzunqulağı o, həyətində olan tövlənin qabağında bağlasa da heyvan cilovdan dartınaraq kəndiri qırıb qaçmış və ondan asılı olmayan səbəbdən bu hadisə baş vermişdir. “VAZ-21013” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 60 km məhdudiyyət sürəti olan ərazidə nəqliyyat vasitəsini nisbətən yüksək sürətlə idarə etməsi nəticəsində bu hadisə baş vermişdir. Zərərçəkmiş şəxs ilə dəymiş ziyanla bağlı razılığa gələ biməmişlər. Zərərçəkmiş şəxsin ondan yüksək məbləğdə ziyan tələb etməsini, hadisə ondan asılı olmayan səbəbdən baş verdiyindən əsassız hesab edir. Məhkəmədə izahat verən Zərərçəkmiş şəxs göstərdi ki, “VAZ-21013” markalı, **-KJ- *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Avtomobili bir neçə il bundan əvvəl alsa da öz adına rəsmiləşdirməmiş, nəqliyyat vasitəsinin mülkiyyətçisi olmuş şəxsin qeyd olunan avtomobil barəsində bütün hüquqların həvalə edilməsi barədə ona verdiyi etibarnamə əsasında avtomobili idarə edir. 12 iyul 2024-cü il tarixdə axşam saatlarına həmkəndlisi Rövşən Əzizovla birlikdə bağ sahəsində işləyib sonra ona məxsus “VAZ- 21013” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Rövşən nəqliyyat vasitəsini idarə etməklə hərəkət edərkən Gəndob-Yalama yolunun 39-cu km-də qəflətən hərəkət yolunda qarşılarına uzunqulaq çıxmış, nəticədə uzunqulağı vurmuşlar. Hadisə nəticəsində ona məxsus avtomobil əzilməklə ona 1000 manatdan yuxarı maddi ziyan dəymişdir. Ziyanın ödənilməsi ilə bağlı inzibati xəta törətmiş şəxs Şəxs ilə aralarında ümumi razılığa gələ bilməmişlər. O, ziyanını inzibati xəta törətmiş şəxsdən tələb edir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün qismən etirafı, zərərçəkmiş şəxsin izahatı, tərtib olunmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokol və digər iş materialları ilə tamamilə sübuta yetirilir. Belə ki, inzibati xəta haqqında protokola əlavə edilmiş “Avtomotoservis və Ticarət Müəssisəsi” Xaçmaz 1 saylı Texniki xidmət stansiyası tərəfindən verilmiş 14 iyul 2024-cü il tarixli, 1769 nömrəli ziyan aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ-21013” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs ümumilikdə 410 manat məbləğində maddi zərər dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halları, məsuliyyətinin ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin aşağı həddinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. İnzibati xəta törətmiş şəxs Şəxs ilə Zərərçəkmiş şəxs arasında vurulmuş əmlak zərərinin ödənilməsi ilə əlaqədar ümumi razılıq olmadığından vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məsələsinə məhkəmə tərəfindən baxıla bilməz və ona görə də Zərərçəkmiş şəxs Azərbaycan Respublikası MPM-nin 4-cü və Mülki Məcəllənin 1108-ci maddələrinə əsasən qərar qaqanuni qivvəsini aldıqdan sonra inzibati xəta törətmiş şəxsə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi ilə əlaqədar məhkəmədə ümumi əsaslarla iddia qaldırmaq hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib onun barəsində 100 (bir yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Zərərçəkmiş şəxs ona dəymiş zərərin əvəzinin ödənilməsi ilə əlaqədar məhkəmədə təqsirkar şəxsə qarşı ümumi əsaslarla iddia qaldırmaq hüququ izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar