Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1407/2022 26.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Şikayət verən şəxs X1 iştirakı ilə X1 Xaçmaz RPŞ DYPB-nin xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : X2 məhkəməyə müraciət edərək Xaçmaz RPŞ DYPB-nin xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 24 avqust 2022-ci il tarixdə, saat 09:54 radələrində etibarnamə ilə idarə etdiyi VAZ21074 minik markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomaşını İlixçı Məmmədxanlı kənd yolu ilə Xaçmaz istiqamətində idarə etdiyi zaman həmin yolun Sayad kəndi yaxınlığından keçən hissəsində Xaçmaz RPŞ-nin DYPBnın YPX-nın əməkdaşları Rəşad, Azad və digər adını tanımadığı şəxs ona işarə edərək avtomaşınını saxlamağı bildirmişlər. O da idarə etdiyi avtomaşını yolun sağ ehtiyat hissəsinə çıxararaq saxlamışdır. Bu vaxt Rəşad adlı əməkdaş ona yaxınlaşaraq ondan sənədlərinin qaydasında olmasını soruşanda onlara sənədlərinin qaydasında olduğunu bildirmişdir. Daha sonra isə polis əməkdaşı planşet ilə yoxlayıb onun yol hərəkəti qaydalarını pozduğuna görə cərimə borcunun olduğunu bildirib ondan həmin cərimələri ödəməsini tələb etmişdir. Sonra isə yol patrul xidmətinin əməkdaşı onu spirtli içkilər qəbul edib-etməməsini alkotester vasitəsilə yoxlayıb spirtli içki qəbul etməsini bildirmişdir. Bundan sonra isə ona məxsus avtomaşını sürərək gətirib Xaçmaz şəhərində yerləşən cərimə meydançasına qoymuşlar. Onlar bu barədə nə akt, nə də protokol tərtib etməmişlər. O israrlı şəkildə onlara spirtli içki qəbul etmədiyini bildirsə də, onlar buna əhəmiyyət belə verməmişlər. Belə bir vəziyyətdə onlar onu həkim-narkoloqun müayinəsindən belə keçirməmişlər. O, onlardan ayrıldıqdan sonra birbaşa Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına gedib həkim-narkoloqun müayinəsindən keçmişdir. Həkimnarkoloq həmin günü, yəni xx.xx.2022-ci il tarixdə sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 361 nömrəli akt tərtib etmişdir. Həmin aktda sərxoşluq əlamətinin olmamasını və onun ayıq vəziyyətdə olmasını qeyd edərək həmin aktı öz imzası və möhrü ilə təsdiq etmişdir. O, çox çətinliklə də olsa, xx.xx.2022-ci il tarixdə Xaçmaz RPŞ-nin DYPB-dən xx.xx.2022-ci il tarixdə İXP ******* nömrəli inzibati xətalar haqqında protokolu və onun əsasında xx.xx.2022-ci il tarixdə qəbul olunmuş TP ******* saylı elektron qərarı almışdır. Həmin protokol və qərarda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci, 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 400 (dörd yüz) manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. xx.xx.2022-ci il tarixdə Xaçmaz RPŞ-nin DYPB-nin əməkdaşları onu saxladıqları vaxt nə akt, nə də protokol tərtib etməmişlər. Hesab edir ki, onun tərəfindən inzibati xəta hadisəsi törədilmədiyindən barəsində tərtib edilmiş Azərbaycan Respublikası İXM-nin 329.1-ci, 333.1-ci maddələri ilə Xaçmaz RPŞ-nin DYPB-nm əməkdaşı polis kapitanı X3 xx.xx.2022-ci il tairxli İXP ******* nömrəli protokola əsasən xx.xx.2022-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli, barəsində olan Azərbaycan Respublikası İXM-nin 329.1- ci, 333.1-ci maddələri ilə inzibati xətaya dair icraatına xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Göründüyü kimi, onun inzibatı məsuliyyətə səbəb olan inzibati xəta hesab edilən əməli (hərəkət və ya hərəkətsizlik) və ümumiyyətlə, Xaçmaz RPŞ-nin DYPB-nin əməkdaşı tərəfindən tərtib edilmiş 24 avqust 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati protokol və həmin protokol əsasında Xaçmaz RPŞ-nin DYPB-nm əməkdaşı X4 tərəfindən qəbul olunmuş xx.xx.2022- ci il tarixli TP ******* saylı qərar əsassızdır və ləğv olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası İXM-nin 329.1-ci, 333.1-ci maddələri ilə Xaçmaz RPŞ-nin DYPB-nin əməkdaşı tərəfindən tərtib edilmiş 24 avqust 2022-ci il tarixli, İXP ******* saylı inzibati protokol və onun əsasında xx.xx.2022-ci il tarixdə həmin bölmənin əməkdaşı tərəfindən qəbul olunmuş TP ******* saylı qərarın ləğv edilməsi, barəsində olan Azərbaycan Respublikası İXM-nin 329.1-ci, 333.1-ci maddələri ilə inzibati xətaya dair işin icraatına xitam verilməsi və onun inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən şəxs ərizəyə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, o, avtomobili idarə edərkən polis əməkdaşı tərəfindən 24 avqust 2022-ci il tarixdə, saat 09:54 radələrində saxlanılmış və həmin vaxt onun sərxoş olub-olmaması polis əməkdaşı tərəfindən alkotester vasitəsilə yoxlanılmış, o isə özünün təşəbbüsü ilə həmin tarixdə, saat 15:45 radələrində Xaçmaz RMX-da həkim-narkoloq tərəfindən sərxoşluq müayinəsindən keçirilmişdir. Xaçmaz RPŞ məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin tələblərinə əsasən Xaçmaz RPŞ-nin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan inzibati tənbehvermə haqqında xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İXM-nin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə 400 (dörd yüz) manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsində təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə inzibati tənbeh nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 333.1-ci maddəsində isə nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati tənbeh nəzərdə tutulmuşdur. Barəsində şikayət verilmiş qərardan, şikayət vermiş şəxsin şikayət ərizəsindən və məhkəmə iclasındakı izahatından görünür ki, o, avtomobili idarə edərkən polis əməkdaşı tərəfindən 24 avqust 2022-ci il tarixdə, saat 09:54 radələrində saxlanılaraq alkotester vasitəsilə sərxoşluq vəziyyəti müayinə edilmişdir. Şikayət vermiş şəxs tərəfindən şikayətə əlavə edilmiş 24 avqust 2022-ci il tarixli, 361 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” Aktından görünür ki, X2 həmin müayinədən xx.xx.2022-ci il tarixdə, saat 15:45-də keçmişdir. Odur ki, məhkəmə şikayət vermiş şəxs tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 361 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” Aktını onun polis əməkdaşı tərəfindən saat 09:54 radələrində saxlanılan zaman sərxoş olmamasını təsdiq edən sübut kimi qəbul edilməməli olduğunu hesab edir. Bundan başqa, xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərar həmçinin Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi üzrə tərtib edilmiş, lakin şikayətdə həmin maddə üzrə inzibati xətanı törətməməsi mübahisələndirilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Xaçmaz RPŞ DYPB-nin xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarının əsassız olmasına dair şikayətçi tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, şikayət ərizəsində qeyd olunanlar şəxsin özünümüdafiə xarakteri daşıyır və iş materialları ilə sübuta yetirilmir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən, bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.5-ci maddəsinə əsasən, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-nin 134.2-ci maddəsinə əsasən, şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 Xaçmaz RPŞ DYPB-nin xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarından verdiyi şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : Şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-1407/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1407/2022
26.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver