Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1440/2025 26.01.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, şikayət vermiş şəxs X3, qərarından şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (5 saylı RETSİ) nümayəndəsi Nümayəndə1, Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 17 sentyabr 2025ci il tarixli MN seriyalı, ******* nömrəli qərarından barəsində qərar çıxarılan şəxs X3 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : X5 ərizə ilə məhkəməyə müraciət edərək 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 17 sentyabr 2025- ci il tarixli MN seriyalı, ******* nömrəli qərarını ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur və Xaçmaz rayonu, Armudpadar kəndində yerləşən “Çeşmə” adlı restoranı icarə müqaviləsi əsasında işlədir. 04 sentyabr 2025-ci il tarixdə şəxsi işləri ilə əlaqədar Bakı şəhərində olarkən həmin restoranda işləyən Niyazi Həmidov ona zəng edərək işlətdiyi obyektə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının gəldiklərini, obyektin ərazisinə və restoranın içərisinə baxış keçirdiklərini və oradan getdiklərini bildirmişdir. Xaçmaz rayonuna qayıtdıqdan sonra Niyazi Həmidovdan öyrənmişdir ki, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları heç bir xəbərdarlıq etmədən obyektin ərazisinə daxil olub, məişət tullantılarının atıldığı ərazinin şəkillərini çəkmiş, həmçinin restoranın mətbəxinə daxil olub, orada quraşdırılmış, işlək vəziyyətdə olmayan manqalın təmizləyici qurğusunun olmadığını bildirmiş, bununla bağlı akt tərtib etmişlər. Niyazi Həmidov tərtib edilmiş aktı imzalamaqdan imtina etmişdir. 30 sentyabr 2025-ci il tarixdə X8 filialından ona 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar təqdim edilmişdir. Həmin qərardan görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 237.1 və 266.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalara görə 3000 manat cərimə olunmuşdur. xx.xx.2025-ci il tarixdə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə gedib tərtib edilmiş aktın, protokolun və digər sənədlərin surətini əldə etmişdir. 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tam əsassız və qanunsuzdur. Onun əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 237.1 -ci maddəsinin tərkibi yoxdur. Belə ki, qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi yol verilə bilən son hədlərin normativləri səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdirilməsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqla təmin edilməyən qurğuların istismara verilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları obyektə gələrkən mətbəxdə olan manqal işlək vəziyyətdə olmamışdır. Həmin manqalda 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən xüsusi texniki vasitələrdən istifadə etməklə hər hansı ölçmə işləri aparılmamış, tullantıların son hədlərinin səviyyəsi məlum olmadan vizual baxışla təmizləyici qurğunun olmaması əsas götürülərək əsassız yerə həmin maddə üzrə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan əlavə onun əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsinin də tərkibi yoxdur. Belə ki, inzibati xəta haqqında protokolda və qərarda qeyd edilmişdir ki, guya tullantılar əraziyə atılmış və ərazi çirkləndirilmişdir. İcarə əsasında işlətdiyi obyekt turizm zonasında yerləşir. Heç bir sahibkar işlətdiyi obyektin ərazisində və yaxınlığında antisanitar vəziyyətin yaranmasına imkan verməz. Çünki bu hal obyektə gələn qonaqların haqlı narazılığına səbəb ola bilər. İcarə əsasında işlətdiyi “Çeşmə” restorandan çıxan tullantıların atılması üçün xüsusi yer ayrılmış, həmin yerə zibil qabları qoyulmuşdur. Zibillərin daşınması üçün Xaçmaz Rayon İcra Hakimiyyətinin Xaçmaz Mənzil Kommunal Təsərrüfat İdarəsi ilə 01 iyul 2025- ci il tarixdə müqavilə bağlanmış, xidmət haqqı ödənmişdir. Müqavilə 31 dekabr 2025-ci il tarixədək etibarlıdır. Bəzi hallarda tullantılar vaxtında daşınmadığı üçün, küləkli havada kənara dağılma halı olmuşdur. Eyni zamanda tullantıların atılması üçün müəyyən edilmiş ərazi obyektin kənarında yerləşməklə həmin ərazidə yaşayış evləri və qeyri-yaşayış obyektləri yerləşir. Restorana məxsus zibil qutularından kənar şəxslərdə istifadə edirlər ki, bu da həmin ərazinin çirklənməsinə səbəb ola bilər. Lakin bu hal ərazinin tullantılarla tərəflərindən çirkləndirilməsi kimi qəbul edilə bilməz. 04 sentyabr 2025-ci il tarixdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri pozularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin vahid məlumat reyestrinin çıxarışı olmadan, hüquqi nəticəsi olmayan monitorinq həyata keçirilmiş və akt tərtib olunmuş, bundan sonra 04 sentyabr 2025-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 237.1 və 266.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmiş və xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən vəzifəli şəxs kimi təqsirli bilinərək qanunsuz olaraq 3000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən şəxs şikayətində göstərilənləri təsdiq edərək bildirdi ki, o, Bakı şəhərində olduğu vaxt Ekologiya İdarəsinin nümayəndələri obyektə gələrək barəsində cərimə tərtib etmişlər. Bu zaman o, telefon vasitəsilə Ekologiya İdarəsinin nümayəndələrinə “cərimə yazırsız” deyə soruşduğu zaman “xəbərdarlıq edirik” deyə cavab vermişlər. Belə ki, restorandan çıxan tullantıların atılması üçün zibil qabları var və zibillərin daşınması üçün Xaçmaz Mənzil Kommunal Təsərrüfat İdarəsi ilə müqavilə bağlanmışdır. Zibil qabları ümumi istifadə üçün qoyulub, orada yaşayan əhali tullantıları həmin zibil qablarına tökürlər. Manqala qurğunun quraşdırılması ilə bağlı isə ona xəbərdarlıq edilməli idi. Lakin heç bir xəbərdarlıq edilmədən cərimə tərtib edilmişdir. O, 3-4 aydır, yəni iyun ayından obyekti işlədir. Qurğunun quraşdırılması ilə bağlı müvafiq şirkətlə danışmışdır. O, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş şəxsin nümayəndəsi bildirdi ki, idarə rəisinin sərəncamına əsasən hər həftə ətraf mühitə ziyan verə biləcək obyektlərin ərazisində yoxlama keçirirlər. Sözügedən obyektə baxış keçirərək araşdırma aparıb sənədləşmə işlərini görmüşlər. Şikayət verən şəxslə telefon vasitəsilə əlaqə saxlayıb, aşkar edilmiş nöqsanlar barədə məlumat vermişlər. Obyektin nümayəndəsi kimi Həmidov Niyazi iştirak etmiş, yazılı izahat vermişdir. Tullantılar üçün təmizləyici qurğu quraşdırılmamışdır. Niyazi Həmidov onun qohumudur, obyektdə nəzarətçi kimi çalışır. Həmçinin obyekt restoran kimi fəaliyyət göstərir. Onlar obyektə baxış keçirən zaman işçilər manqalda yemək bişirmişlər. Həmin vaxt havaya atılan tullantı qazın miqdarını ölçməmişlər. 0,5-dən yuxarı olan zaman 233.1-ci maddəyə əsasən cərimə yazılır. Lakin hazırkı vəziyyətdə isə qurğu olmadığına görə 237-ci maddə ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Kömür yanırsa karbon-oksid əmələ gəlir və cərimə qurğunun quraşdırılmamasına görə tərtib edilmişdir. Şikayətçi tərtib olunan sənədləri imza edib götürmüşdür. Şikayət verən şəxsin işlətdiyi obyektdən çıxan tullantıları ümumi istifadə üçün qoyulmuş zibil qutularına tökürlər. Həmin ərazidə yaşayış evləri yoxdur. Zibillərin daşınması üçün bağlanmış müqavilə onlara təqdim olunmamış, vətəndaş onlara müqaviləni təqdim etsə idi nəzərə alınardı. Hazırda da tüstü bacası quraşdırılmamışdır. Tullantıların atılması ilə bağlı müqavilə olsa da, müqavilənin şərtlərinə əməl olunmalı, tullantıların daşınması həyata keçirilməlidir. Obyektlərdə yoxlamalar hər həftənin bazar ertəsi günü rəhbərlik tərəfindən verilmiş sərəncam əsasında, mütəmadi olaraq həyata keçirilir. O, qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinin nümayəndəsi Nümayəndə2 izahatında göstərmişdir ki, fərdi sahibkar X5 ilə MKTİ arasında bağlanmış müqaviləyə əsasən tullantılar mütəmadi olaraq götürülür. Tullantılar üçün tullantı qutuları obyektin ərazisində deyil, ərazidən kənarda qoyulmuş, həmin tullantı qutularına əhali tərəfindən və yaxınlıqda yerləşən başqa obyektlərdən də tullantılar atılır. Tullantı qutularının ətrafında yığılan tullantıların “Çeşmə” restoranından yaxud başqa şəxslər tərəfindən atıldığı məlum deyildir. Ona görə də, həmin tullantıların məhz “Çeşmə” restoranı tərəfindən atıldığı müəyyənlədirilməli idi. Məhkəmədə şahid qismində dindirilən 5 saylı RETSİ əməkdaşı X1 izahatında göstərmişdir ki, protokol tərtib olunarkən obyektdə olmuş, nahar vaxtı manqal işləyərkən orada təmizləyici qurğu olmamışdır. Onlar sahibkarın fəaliyyətini yoxlamırlar, ərazini gəzməklə ətraf mühitə zərər vurulmasını yoxlayıb müşahidə edirlər. Kənardan baxmaqla təmizləyici qurğunun qoşulub-qoşulmadığını aşkar edirlər. Tullantıların lazımi qaydada yığılıb atılmasına isə obyekt özü nəzarət etməlidir, nəzarət olmayanda ətraf mühit çirkənir və zəhərlənir. - xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli “İnzibati xəta haqqında” protokolda, 93922 nömrəli “Akt”da qeyd olunmuşdur ki, Xaçmaz rayonu, Armudpadar kəndində yerləşən “Çeşmə” restoranının manqalında yol verilə bilən son hədlərin normativləri səviyyəsində zərərli maddələrin zərərsizləşdirilməsi üçün qurğu quraşdırılmamış, turizm və rekreasiya zonasında ərazinin çirklənməsi müəyyən olunmuşdur. İş materiallarında olan fotoşəkillərə əsasən 5 saylı RETSİ əməkdaşlarının “Çeşmə” restoranının mətbəxində olarkən manqalın işləyib-işləmədiyini, eləcə də təmizləyici qurğunun olub-olmadığını dəqiq müəyyən etmək mümkün olmur. Tullantıların əks olunduğu fotoşəkillərdən isə görünür ki, tullantılar üçün nəzərdə tutulmuş tullantı qutuları restoranın ərazisində deyil, hasarın çöl tərəfində yerləşir. - xx.xx.2025-ci il tarixli müqavilədən müəyyən edilir ki, icraçı Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsi sifarişçi “Çeşmə” restoranının Xaçmaz şəhəri, Armudpadar kəndi ərazisi X5 şəxsinin “Çeşmə” restoranınddan məişət tullantılarının daşınmasını 31 dekabr 2025-ci il tarixədək öz üzərinə götürmüşdür. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və İXM ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. İş materiallarından göründüyü kimi, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, həmçinin İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 17 sentyabr 2025-ci il tarixli MN seriyalı, ******* saylı qərarı ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə əlavə araşdırılması və yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməli, şikayət qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X5 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 17 sentyabr 2025-ci il tarixli MN seriyalı, ******* saylı qərarı ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün qərar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Bayramov
Məhkəmə qərarları › İş №3(067)-1440/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1440/2025
26.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver