Məhkəmə qərarları › İş №3(067)-1449/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1449/2023

06.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1449/2023 06.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi X3, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs DİN-nin BDYPİ-nin Yol-Patrul Xidməti Alayının İİ Tağım Baş yol patrul xidməti inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 27 avqust 2002-ci ildə Xaçmaz rayonunun Nərəcan Kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi işlə məşğul olan, əvvəllər barəsində inzibati tənbeh təyin edilmiş, Xaçmaz rayonunun Nərəcan kəndində qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3cü maddəsi ilə Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏNETDİ: Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola əsasən Şəxs 04 noyabr 2023-cü il tarixdə, saat 17 radələrində etibarnamə əsasında idarə etdiyi «VAZ 21074» markalı, ** GA *** dövlət nömrə nişanlı avtomobillə Xaçmaz-Yalama yolunun Qusarçay kəndi ərazisində avtoxuliqanlıq hərəkətlərini etmiş, hərəkətdə olarkən polisin saxla əmrinə tabesizlik göstərərək X1 idarə etdiyi “VAZ 2107” markalı, ** BR *** nömrəli avtomobillə toqquşmaqla zərərçəkmiş şəxsə maddi zərər vuraraq yol-nəqliyyat hadisəsi törətmiş, dayanmadan yüksək sürətlə hərəkətini davam etmişdir. Məhkəmədə izahat verən inzibati xəta haqqında protokolu tərtib etmiş X4 bildirmişdir ki, sürücü Şəxs idarə etdiyi nəqliyyat vasitəsinin arxa asqılarının laylarında nasazlıq olduğundan saxlama barədə işarə vermiş, lakin o, məhəl qoymayaraq idarə etdiyi nəqliyyat vasitəsinin sürətini artırmaqla qarşıdan gələn nəqliyyat vasitəsinin yoluna çıxaraq öz hərəkətini davam etməklə avtoxuliqanlıq hərəkətləri etmişdir. Həmçinin bildirmişdir ki, yüksək sürətlə sərt döngələrə girərək həmin nəqliyyat vasitəsinə toxunmuş, saatda 70-80 sürətlə daşlıq yolda saxlamadan hərəkətini davam etmiş, Xaçmaz –Yalama yolunda hərəkət edərək gözdən itmişdir. Əlavə olaraq bildirmişdir ki, onların həmin ərazidə xidmət göstərdiklərindən Şəxs avtonəqliyyat vasitəsinin idarə etməsini daim nəzarətdə saxlayacaqlarını və anasının xəstə olmasını nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə izahat verən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, Qusarçay kəndi ərazisində yanacaq doldurma məntəqəsinə gedərkən idarə etdiyi avto-nəqliyyat vasitəsinin arxa asqılarının layları kəsik olduğundan, polisin saxlama işarəsinə məhəl qoymayaraq tabesizlik göstərmişdir. O, hərəkətdə olarkən sərt döngədən yüksək sürətlə dönmüş, qarşıda duran avto-nəqliyyat vasitəsinə toxunaraq hərəkətini davam etmişdir. Həmçinin bildirmişdir ki, niyyəti avtoxuliqanlıq etmək deyil, polisin gözündən yayınmaq olub. O, polisə göstərdiyi tabesizliyə görə peşman olduğunu bildirmişdir. Məhkəmə işdə iştirak edən inzibati xəta törətmiş şəxsin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə yaranır, bu Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə yaranır. İnzibati xəta haqqında protokola Şəxs qeyd olunan xətanı törətməsi nəticəsində zərərçəkmiş şəxsə maddi zərər dəyməsini təsdiq edən ziyan aktları, yaxud digər hər hansı əsaslı sənədlər əlavə edilməmişdir. Lakin məhkəmə araşdırması zamanı Şəxs 04 noyabr 2023-cü il tarixdə saat 17 radələrində «VAZ 21074», ** GA *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən polisin saxlama işarəsinə məhəl qoymayaraq tabesizlik göstərməsi, inzibati xətanı törətmiş şəxsin özünün etirafı, iş materiallarında olan inzibati xətanı törətməsinə dair 01 ədəd audio-video disk, tərtib olunmuş inzibati xəta haqqında 06 noyabr 2023-cü il tarixli, İXP ******* nömrəli protokol, inzibati xətanı törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatları ilə tamamilə sübut olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi hər hansı sübutla öz təsdiqini tapmadığından, onun Azərbaycan Respullikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapdığından onun əməli İXM-nin 511.1.3-cü maddəsindən 535.1-ci maddəsinə tövsüf olunmaqla onun barəsində həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini, törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində Azərbaycan Respullikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutlmuş tənbehlərdən cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: xx.xx.2002-ci ildə anadan olmuş Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsindən həmin məcəllənin 535.1-ci maddəsinə tövsif edilsin. Şəxs İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 200 manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal inzibati qaydada tutulmadan azad edilsin. Qərarın icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar