Məhkəmə qərarları › İş №3(067)-145/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-145/2023

15.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-145/2023 15.02.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1994-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz şəhəri, H.Əliyev prospekti 46 ünvanında yaşayan Şəxs barəsində Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə aralarında baş vermiş mübahisə nəticəsində vətəndaş Zərərçəkmiş şəxs məxsus “Toyota” markalı ** EJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa qapısını zədələyərək sonuncuya 130 manat məbləğində maddi ziyan vurmuşdur. Şəxs sözügedən inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, aralarında mübahisə olmuş, lakin mübahisə yalnız sözlə olmuşdur. Həmin baş verən mübahisə zamanı o, heç kimi vurmamışdır və maşını əzməmişdir. Hadisə zamanı orada qardaşı oğlu Həsən olmuşdur və Həsən hadisənin şahidi olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, böyük oğlu atasını görməyə getmişdir. Atasını görəndə aparmışdı evlərinə. Uşağın mesajı onda durur. Uşaq ona yazmışdır ki, “mama gəl məni apar”. Gec idi saat 12-dən sonra olardı, dedi ki, qalmaq istəmir orda, onu aparsın. O, da bundan sonra oğlunu götürmək üçün getmiş və maşını söndürüb işıqları söndürmüşdür ki, səs olmasın. Uşağın əmisi Elmar və uşağın atası İlqar da uşağın arxasınca qapıdan bayıra çıxmışdılar. Uşaq çıxıb gəlmək istəyərkən Elmar uşağı saxlayaraq ona heç yana getməyəcəyini bildirərək onu qolundan tutaraq dartırdı. Ancaq uşaq gəlmək istəyirdi. O, uşağı götürüb maşına mindirdiyi zaman Elmar onu təhqir və tənqid edərək maşını yumruqla vuraraq əzmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən yetkinlik yaşına çatmayan Şahid izahatında göstərdi ki, atasının yanına atasının yaşadığı evə getmişdir. Anası onu atasıgildən götürməyə gələndə gec idi saat, o, bayıra çıxanda arxasınca atası və əmisi gəlmişdilər. Yəni küçə qapısının ağzına ora çıxmışdılar. O, maşına keçmək istəyən zaman mübahisə oldu. Maşının qabaq sürücü tərəfdən olan qapısı açıq idi onda əmisi anasını qapının arasına salıb sıxmışdır. Anası sonra üstünə itələyən əmisi anasının üstünə gələrək hədə qorxu gəlmişdir. Əmisinin nə dediklərini tam eşitməmişdir. Sonra əmisi Elmar anasının maşınını sürücü tərəfdən arxa qapısına yumruq vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şahid izahatına münasibət bildirərək göstərdi ki, Həsən yetkinlik yaşına çatmadığından anasının təsiri altındadır və ona görə də anasının xeyrinə ifadə verir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 18 noyabr 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, ünvan 3 ünvanda yaşayan Zərərçəkmiş şəxs şikayəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından HK-1/3461 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində CM-nin 186-cı maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə əsasında cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin tərkib əlamətləri olduğundan həmin şəxs qeyd edilən maddə əsasında inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün Xaçmaz RPŞ-nin İTB-nə göndərilmişdir. Həmin Qərardan görünür ki, T1508 saylı xx.xx.2022-ci il tarixli Avtomotoservis və Ticarət müəssisəsinin Xaçmaz 1 saylı Texniki Xidmət Stansiyasında tərtib edilmiş ziyan aktına əsasən q/ş BB №263872 2013-cü il buraxılışı ** EJ *** d.q.n-lı avtomobilə ziyan vurulub və təmir tələb edilir. Təmirin ümumi dəyəri 130 manatdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyyət yaranır. Tərəflərin izahatlarını, habelə işin hallarını, Şəxs tərəfindən Zərərçəkmiş şəxs məxsus “Toyota” markalı ** EJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vasitəsini vurması nəticəsində Zərərçəkmiş şəxs ziyan dəyməsini, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətaları törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyasına görə, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə nəzərdə tutulur Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamasını, törədilmiş xətanın xarakterini, onun məsuliyyətini yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbirinin aşağı həddin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.1-36.2-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. İnzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Vurulmuş zərər ilə bağlı mübahisə olduğundan hesab edirəm ki, hazırda vurulmuş zərərin ödənməsi ilə bağlı məsələyə baxılması mümkün deyildir, zərərçəkmiş şəxsə izah olunmalıdır ki, vurulmuş zərərin ödənməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARVERDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinsin, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli miqdarında-130 (bir yüz otuz) manat məbləğində inzibati cərimə edilsin. Zərərçəkmiş şəxs izah olunur ki, vurulmuş zərərin ödənməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar