Məhkəmə qərarları › İş №3(067)-1455/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1455/2024

27.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1455/2024 27.11.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ X7 Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, Xaçmaz şəhəri, H.Əliyev prospekti, 63-də yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyən etdi: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-269/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə yaranmış 2355 manat pulu tələbkarın xeyrinə il ərzində təkrarən ödəniş etməyərək icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, qeyd olunan icra sənədi Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icraatına 2022-ci il tarixdə daxil olmuşdur. İcra sənədi üzrə Şəxs bir uşağın saxlanması üçün hər cəmi 160 manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcra sənədi üzrə borclu İcra və Probasiya Şöbəsinə dəvət olunmuş, lakin çağırışlara getmədiyi üçün borclunun barəsində 30 oktyabr 2024-cü il tarixdə borclunun axtarılması barədə qərar qəbul olunaraq icra edilməsi üçün Xaçmaz RPŞ-yə göndərilmişdir. Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən 27 noyabr 2024-cü il tarixdə borclu Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə aparılmış və izahatı alınmışdır. İzahatında borclu yaranmış 2355 manat məbləğində aliment borcundan heç bir ödəniş etmədiyini bildirmişdir. Bundan ötrü borclunun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Borclunun hazırda 2355 manat məbləğində aliment borcu vardır. Əlavə olaraq bildirmişdir ki, borclu tərəfindən yanvar ayından sonra 525 manat məbləğində ödənişlər olunmuşdur. İnzibati xəta haqqında protokolun təmin olunmasını xahiş etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, sonuncu dəfə inzibati məsuliyyətə cəlb olunduqdan sonra iyul ayınadək hər ay ödənişləri etdiyini bildirmişdir. Xəstəliyi ilə əlaqədar ödəniş edə bilməmişdir. Həmçinin zərərçəkmiş şəxs valideynləri tərəfindən evdən qovulmuş və uşaq zərərçəkmiş şəxsin valideynlərinin yanında qalmışdır. Belə ki, ödənişlər barədə qəbzləri tapıb təqdim edəcəkdir. O, xəstəxana şəraitində ağciyər xəstəliyindən müalicə almışdır. O, ev ustası olduğunu və iki ay ərzində yaranmış aliment borcunu tam ödəyəcəyini bildirmişdir. Xəstəliyimi nəzərə alaraq barəsində inzibati həbs növündə cəza tədbiri təyin edilməməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, əlilliyi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, borclu yaranmış aliment borcunu ödəmədiyindən dəfələrlə inzibati məsuliyyətə cəlb olunmuş və barəsində 500 manat, 80000 manat olmaqla inzibati cərimə olunmuşdur. Borclu tərəfindən 20 manat məbləğində pul atasının ev ünvanında uşağına verilmişdir. Borclu hər dəfə məhkəmə iclaslarında yaranmış alimenti ödəyəcəyinə dair söz vermiş, lakin öz əməllərini davam etmişdir. Buna görə də, borclu tərəfindən yaranmış aliment borcunun ödənilməzsə barəsində inzibati həbs növündə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, uşağının 6 yaşı var və böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkir. Buna baxmayaraq borclu uşaqla maraqlanmır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 27 noyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Şəxs barəsində Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən İXM-nin 528.1-1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət daxil olunmuşdur. - Xaçmaz Rayon Məhkəməsinin 2(067)-269/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay cəmi 160 manat məbləğdə aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. - xx.xx.2022-ci il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən 2(067)-269/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul olunmuş və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə təqdim edilmişdir. - Xaçmaz rayon məhkəməsinin 3(067)-97/2024 saylı, 18 yanvar 2024-cü il tarixli qərarından çıxarışdan müəyyən edilir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilmişdir. - Zərərçəkmiş şəxsin (tələbkar) xx.xx.2024-cü il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə ünvanlandığı ərizənin surətindən müəyyən edilir ki, borclu Şəxs 2720 manat aliment borcu vardır. Borclu borcunu tam ödəməyəcəyi təqdirdə, Azərbaycan Respublikası CM-nin 306-cı, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 82.3-cü və 84.4-cü maddələrini rəhbər tutaraq borclunun cinayət məsuliyyətinə cəlb olunmasına dair doplanmış materialları Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərmələrini xahiş etmişdir. - xx.xx.2024-cü il tarixli “Borclunun axtarışı haqqında” qərara əsasən Şəxs barəsində axtarış elan edilmiş və icra edilməsi üçün Xaçmaz RPŞ-yə göndərilmişdir. - Xaçmaz RPŞ-dən Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2024cü il tarixli məktubun surətindən müəyyən edilir ki, Şəxs barəsində Xaçmaz RPŞ-nin tərəfindən xx.xx.2024-cü il tarixdə 780812/24 nömrəli axtarış elan edilmişdir. - Borclu barəsində məlumatları elektron sorğulaması sənədlərindən adında hər hansı əmlakı müəyyən edilməmişdir. - Borclunun Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə verdiyi xx.xx.2024-cü il tarixli izahatın surətindən müəyyən edilir ki, hazırda onun ödənilməmiş 2355 manat aliment borcu vardır. Fərdi əməklə məşğuldur və 500-600 manat aylıq qazanc əldə edir. Sonuncu dəfə barəsində 08 gün inzibati qaydada həbs tətbiq edilmişdir. O, Xaçmaz rayon Məşğulluq Mərkəzində rəsmi iş yerində əmək haqqının az olması səbəbi ilə qeydiyyata durmaqdan imtina etmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəyə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəyə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 11.1-ci maddəyə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12.1-ci maddəyə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. 15.2-ci maddənin tələblərinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları və onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3-cü maddəyə əsasən, məhkəmə aktının icra olunmaması və məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnaməsinin, qərarının və qərardadının vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab edilir. 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 528.1-ci maddəyə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 528.1-1-ci maddənin tələbinə görə bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Qərarın icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülkiprosessual, cinayət və inzibati qanunvericilikdə və bir sıra beynəlxalq normativ aktlarda öz izahatıni tapmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında qanuni qüvvəyə minmiş qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, «məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəyə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. İXM-in 33.1.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin şərh edilməsinə dair” 8 iyun 2022-ci il tarixli Qərarına əsasən İnzibati xətalar qanunvericiliyində müəyyən edilmiş bu qayda inzibati məsuliyyətə cəlbetmənin tərbiyəedici, xəbərdaredici məqsədlərinə nail olmağa yönəlmişdir. Belə ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin bu müddət ərzində təkrarən eyni pozuntunu törətməsi halı inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir və bu, hüquq pozuntusuna təkrarən yol vermiş şəxs üçün hüquqi xarakterli mənfi nəticələrə, yəni inzibati məsuliyyətin ağırlaşdırılmasına və daha ciddi inzibati tənbehin tətbiq olunmasına səbəb olur. İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarlarının icra olunmamasındakı müddəti, borcun məbləğini, inzibati xətanın aliment borcu ilə əlaqədar olduğunu və pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimələnməsinin lüzumsuz olduğunu həmçinin, qeyd olunan icra sənədi ilə əlaqədar şəxs barədə bundan əvvəl həbs növündə inzibati tənbeh tədbiri tətbiq edildiyini, lakin bundan sonra onun icra sənədini tam icra etmədiyini nəzərə alaraq, hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs şəxsiyyətini, aliment borcunun məbləğini, icra sənədi üzrə müəyyən qədər ödənişlər etsə də, icra sənədinin tam icra edilmədiyini, məhkəmə qərarlarının uzun müddət qərəzli olaraq icra olunmadığını və nəticədə bunun tələbkarın çoxsaylı əsaslı şikayətlərinə səbəb olduğunu, nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: xx xxxxxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Xaçmaz şəhəri, H.Əliyev prospekti, 63-də yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1- 1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 15 (on beş gün) gün müddətinə həbs növündə inzibati tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsə (inzibati qaydada tutulsun) alınsın. Həbsdə saxlama müddətinin əvvəli 27 noyabr 2024-cü il tarixdən, saat 16:30-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar