Məhkəmə qərarları › İş №3(067)-1467/2025

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-1467/2025

13.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-1467/2025 13.10.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızı Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1 və 528.1-1-ci maddələri üzrə tərtib edilmiş inzibati xətaya dair materiala Xaçmaz Rayon Məhkəməsinin inzibati binasında işin baxılmağa hazırlanması zamanı baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 528.1-1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir ondan ötrü ki, Xaçmaz rayon məhkəməsinin e-2(067)- 281/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra vərəqəsi üzrə 3230 manat borcu ödəməyərək icra məmurunun qanuni tələblərini Xaçmaz rayon İcra və Probasiya Şöbəsində yerinə yetirməmişdir. Bundan başqa o, Xaçmaz rayon məhkəməsinin 29 may 2025-ci il tarixli, 3(067)-844/2025 nömrəli inzibati məsuliyyətə cəlb edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən bir il ərzində təkrar olaraq inzibati xəta törətmişdir. İnzibati xəta haqqında iş öyrənilərkən onun baxılmasının məhkəmənin səlahiyyətinə aid olduğu, lakin materiala baxılmasının qeyri-mümkün olduğu müəyyən edilmişdir. Belə ki, iş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində bir müşayiət məktubu ilə iki inzibati xəta haqqında protokol birləşdirilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar inzibati xəta haqqında protokolda göstərilir. 109.1.6-cı bəndinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, bir şəxs barəsində tərtib edilmiş iki inzibati xəta haqqında protokolu birləşdirərək baxmaq səlahiyyəti işə baxan orqana aid olduğundan, həmin protokolların inzibati orqan tərəfindən birləşdirilərək məhkəməyə təqdim edilməsi yolverilməzdir və hazırkı vəziyyətdə inzibati xəta haqqında protokollara və ona əlavə olunmuş sənədlərə bir icraatda baxmaq mümkün deyildir. Beləliklə, inzibati xəta haqqında protokollara və ona əlavə olunmuş sənədlərə geri qaytarılmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 may 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Göstərilənlərə əsasən və İXM-in 100 və 109-cu maddələrini rəhbər tutaraq, qərara aldı : Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İXM-in528.1-ci maddəsilə tərtib edilmiş 13 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* və 528.1-1-ci maddələrinə əsasən tərtib edilmiş 13 oktyabr 2025-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar