Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1473/2023 29.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş "xxxx" MMC-nin vəkili, nümayəndəsi Cəfərov Fərman Dəmir oğlunun iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 464-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İXMnin 464-cü maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir ondan ötrü ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 2021-ci il üzrə maliyyə hesabatlarının 2022-ci ildə auditini aparmamışdır. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi, vəkili bildirdi ki, Maliyyə Nazirliyi tərəfindən "xxxx" MMC barəsində tərtib etdiyi protokolla razı deyil. Auditlə bağlı Şirkətin fəaliyyətinin müntəzəm yoxlamaları aparılmışdır. Hazırkı iş üzrə elektron kabinet vasitəsilə səyyar vergi yoxlamalarının Aktı təqdim edilmişdir. Həmin AKT 4 aprel 2023-cü il tarixində tərtib olunub. Aktdan da görünür ki, Vergilər Xidməti tərəfindən şirkətin 2019-cu ilin üçüncü rübündən 2022-c ilin birinci rübünədək fəaliyyəti barəsində yoxlamalar aparılmışdır. Auditin məqsədi qanunvericiliyə görə kənar şəxs tərəfindən şirkətin fəaliyyətini yoxlamasıdır. Vergilər Xidməti tərəfindən yüz min manata yaxın pozuntu aşkarlanıb, altmış altı min manat əksik ödəmə müəyyən olunmuş, otuz üç min manat cərimə yazılmışdır. Şirkət tərəfindən dövlət büdcəsinə yüz min manat pul ödənilmişdir. Şirkət tərəfindən auditin nəticələri ictimailəşdirilməmişdir. Ola bilər ki, Vergilər Xidməti tərəfindən səyyar yoxlamaların nəticələri barədə Maliyyə Nazirliyinin məlumatı olmamışdır. Həmçinin, Maliyyə Nazirliyinin 13 oktyabr 2023-cü il tarixli bildirişi onlara verilməmişdir. 2021-ci ilin nəzərdə tutulan Maliyyə nazirliyi tərəfindən sanksiya tətbiq etmək müddəti keçmişdir. Belə ki, 2021-ci il üzrə maliyyə hesabatlarının auditinin 2022-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə "xxxx" MMC-nin törətdiyi inzibati xəta barədə Maliyyə Nazirliyi tərəfindən 30 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 3-cü bəndinə görə kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər. Göründüyü kimi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 3-cü bəndinə əsasən maliyyə hesabatlarının təqdim olunmasının son dövrü sonrakı ilin iyun ayının sonuncu günüdür. Məsələyə yuxarıda təsvir edilən qaydada hüquqi qiymət verildikdə, MMC tərəfindən auditorun cəlb edilməsi ən gec halda 30 iyun 2021-ci il tarixədək həyata keçirilməli idi. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan məhkəməyə göndərmiş olduğu sənədlərlə MMC tərəfindən 2020-ci il üzrə maliyyə hesabatlarının 2021-ci ildə məcburi auditi aparılmamasını göstərmiş, MMC-nin nümayəndəsi isə məhkəmə iclasında iştirak etməmiş və bu cür audit aparılmasına dair sübutlar məhkəməyə təqdim olunmamışdır. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, "xxxx" MMC tərəfindən 01 iyul 2021-ci il tarixdə İXM-nin 464-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 dekabr 2019-cu il tarixli qərarında qeyd olunur: “Konstitusiya Məhkəməsinin Plenumu diqqətəlayiq bir məqamı da göstərməyi lazım bilir. Qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən ilk növbədə inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən, inzibati tənbeh vermə müddətinin üç ay müəyyən edilməsi onunla izah olunur ki, qanunverici “prosessual qənaət” prinsipinə əsaslanaraq məhkəmə prosesinin əsassız olaraq uzadılmasının qarşısını almış olur. Belə yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur.” Beləliklə, İXM-nin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Eyni Məcəllənin 114.2.1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin, vəkilinin izahatı, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İXM-nın 464-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədildiyi gündən, yəni 01 iyul 2022-ci il tarixdən bir ildən artıq müddət keçdiyindən, MMC barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 48-51, 53, 114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İnzibati Xətalar Məcəlləsinin 464cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Xaçmaz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-1473/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1473/2023
29.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver