Məhkəmə qərarları › İş №3(067)-1497/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1497/2025

21.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1497/2025 21.10.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Xaçmaz RPŞ-nin DYPB-nin Yol nəqliyyat hadisələri üzrə baş inspektoru, polis kapitanı Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1982-ci ildə Qusar rayonu, Həzrə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Qusar rayonu, Həzrə kəndində qeydiyyatda olan. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xaçmaz rayon Polis Şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Qeyd edilənlərlə bağlı Xaçmaz RPŞ DYPB-nin Yol nəqliyyat hadisələri üzrə baş inspektoru, polis kapitanı Nümayəndə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə 20 oktyabr 2025-ci il tarixli, İXP_7516781 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərtib etdiyi protokolu müdafiə edərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 15:50 radələrində Xaçmaz rayonu, Nabran kəndi ərazisində Şəxs özünə məxsus VAZ2109 markalı, **-NE-***dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edərkən “X9” minik markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vuraraq X1 1260 manat məbləğində maddi zərər yetirmişdir. Ziyan barədə zərərçəkmiş tərəfdən şikayət yoxdur. Həmçinin sığorta şirkəti ziyanı qarşılamışdır. Barəsində inzibati xətaya dair icraat aparılan şəxs Şəxs yaşlı adamdır, usta işləyir. Qeyd olunan halların nəzərə alınaraq Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş edirəm. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qeyd olunan maddə ilə özünü təqsirli bilərək göstərmişdir ki, hadisə baş verən gün dostunun ad günü məclisində spirtli içki qəbul etmişdir. Dostu ona Nabran kəndinə, dənizə çimməyə getməyi təklif etmiş, lakin o, sərxoş vəziyyətdə avtomobili idarə edərək avto qəza hadisəsini törətmişdir. Əməlindən peşmandır. Həmin hadisədən sonra spirtli içki içməyi tərgitmişdir. O, barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. O, əlilliyinin olmadığını bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli, İXP_7516781 nömrəli “İnzibati xəta haqqında” protokoldan, yol-nəqliyyat hadisəsinin sxemindən və fotoşəkillərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 15:52-də Xaçmaz şəhəri, Nabran kəndində hərəkəti zamanı Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan müəyyən edilir ki, sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin rədd edilmişdir. - xx.xx.2025-ci il tarixli “Raport”dan müəyyən edilir ki, həmin tarixdə, saat 15:52 radələrində Bakı şəhəri, Yasamal rayonu, Şaxtaxtinski küçəsi, ev 49-da yaşayan vətəndaş X2 istifadəsində olan 055 233-33-08 mobil nömrədən Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng edərək (Hadisə yeri: Xaçmaz rayonu, Nabran kəndi) idarə etdiyi “Mercedes Vito” markalı, ** UV *** qeydiyyat nişanlı avtomobilin “VAZ 2109” markalı, ** NE *** qeydiyyat nişanlı avtomobil tərəfindən vurulması və sürücünün içkili olma ehtimalı olması barədə qardaşı DİN-mom ********** saylı məlumatı Xaçmaz RPŞ-nin Yalama PBnin NH-də HK-1/133 (4) nömrəsi ilə qeydə alınmışdır. - xx.xx.2025-ci il tarixli “Raport”dan müəyyən edilir ki, həmin tarixdə, saat 20:56 radələrdində Xaçmaz RMX-nın tibb bacısı Həmidova Yalama PB-nin NH-ya zəng edərək Şəxs “burun yəhərinin əzilmiş-cırılmış yarası alkoqol sərxoşluğu” diaqnozu ilə xəstəxanaya müraciət etmişdir. Xəstənin deməsinə görə Nabranda “Rever inn” i/m yaxınlığında avtoqəzaya uğrayıb. - xx.xx.2025-ci il tarixli “Raport”dan müəyyən edilir ki, həmin tarixdə, saat 20:58 radələrdində Xaçmaz RMX-nın tibb bacısı Həmidova Yalama PB-nin NH-ya zəng edərək X4 “burnunun, alının, sağ çiyinin əzilmiş yarası alkoqol sərxoşluğu” diaqnozu ilə xəstəxanaya müraciət etmişdir. Xəstənin deməsinə görə Nabranda “Rever inn” i/m yaxınlığında avtoqəzaya uğrayıb. - xx.xx.2025-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi “Aktı”ndan müəyyən edilir ki, müayinə zamanı Şəxs alkoqol sərxoşluq orta dərəcə müəyyən edilmişdir. - xx.xx.2025-ci il tarixli “Ziyan aktı”ndan müəyyən edilir ki, yol-nəqliyyat hadisəsi zamanı X1 məxsus “X9” minik markalı, AD №675372 nömrəli, **-UV-*** dövlət nömrə nişanlı avtomobilə ümumilikdə 1260 manat maddi ziyan dəymişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Şəxs törətdiyi inzibati xəta hadisəsini etiraf edərək səmimi peşmançılığını bildirməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halları, yəni törətdiyi inzibati xəta hadisəsini etiraf edərək səmimi peşmançılığını bildirməsini, eyni zamanda məsuliyyətini ağırlaşdıran halı, yəni, inzibati xətanın sərxoş halda olan şəxs törədilməsi, həmçinin inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinsin və nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar