Məhkəmə qərarları › İş №3(067)-1500/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1500/2023

05.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1500/2023 05.12.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X4, Qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 BDYPİ-nin xx.xx.2023-cü il tarixli, EQ-16400761 saylı elektron qərarın ləğv edilməsi və sair barədə verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : X2 məhkəməyə müraciət edərək BDYPİ-nin xx.xx.2023-cü il tarixli, EQ-16400761 saylı qərarının ləğv edilərək, icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(067)-707/2023 saylı qərarı ilə AR İXM-nin 529.3-cü maddəsinə əsasən barəsində 06 ay müddətinə nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşıdırlması növündə inzibati tənbeh təyin edilmişdir. Buna səbəb “VAZ 2107” markalı, **-BV-*** qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM-in 339.1-ci maddəsi ilə törətdiyi inzibati xətaya görə təyin edilmiş cəirməni 3 ay müddətinə ödəməməyi olub. Lakin sözügedən məhkəmə qərarından sonra barəsində təyin edilmiş bütün cərimə məbləğini ödəyərək Xaçmaz rayon məhkəməsinə təqdim etmişdir. Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(067)-707/2023 saylı qərarla göstərilən qərara xitam verilmişdir. Buna baxmayaraq EQ 16400761 saylı, xx.xx.2023-cü il tarixli qərarla barəsində 329.1, 332.3-cü maddəsinə əsasən 300 manat inzibati cərimə tənbeh növü təyin edilmişdir. Halbu ki, xx.xx.2023-cü il tarixli məhkəmə qərarı ilə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh ləğv edilmişdir. Göstərilən qərar ona rəsmi qaydada xx.xx.2023-cü il tarixdə verilmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X2 şikayəti müdafiə etdi və təmin edilməsini xahiş etdi. BDYPİ-nin nümayəndəsi məhkəmə iclasının vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib, tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, BDYPİ-nin xx.xx.2023-cü il tarixli, EQ-16400761 saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş aidiyyatı üzrə baxılması məsələsinin həlli üçün Baş Dövlət Yol Polis İdarəsinə göndərilməlidir. Qərarın qəbulu zamanı Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərə əməl edilməmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, EQ-16400761 saylı elektron qərardan görünür ki, X2 cərimə olunmuşdur. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Xaçmaz rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli qərarına xitam verilmişdir. Qeyd olunanlardan göründüyü kimi, məhkəmə tərəfindən X1 şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, baxmayaraq nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh məhkəmə qərarı əsasında ləğv olunub, DİN BDYPİ Polis Polkovnik X3 tərəfindən qərar qəbul edilərkən Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməmiş, işin halları araşdırılmadan, qərar şəxsi mülahizələrə əsasən tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 61.1.1-61.1.8-ci maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək, ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək, inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq hüquqları vardır. Həmin Məcəllənin 75.0.1-75.0.7-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə görə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İXM-nin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Azərbaycan Respublikasının İXM-nin 134.1 və 134.1.4-cü maddələrinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: Azərbaycan Respublikasının İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; Azərbaycan Respublikasının İXM-nin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; Azərbaycan Respublikasının İXM-nin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Məhkəmə tərəfindən X1 şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yuxarıda qeyd edilən normaların tələbləri baxımından yoxlanılarkən müəyyən edilmişdir ki, X1 barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli qərar qanunvericiliyin tələbləri pozulmaqla tərtib olunmuş, sonuncunun inzibati təqsiri öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İXM-nin 135.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs), barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, X1 əməlində inzibati xəta tərkibi olması sübut olunmur. X1 barəsəində inzibati material tərtib olunarkən səlahiyyətli orqan bununla bağlı tam araşdırma aparmadan, heç bir başqa sübut olmadan qərar qəbul etmişdir. Yuxarıda qeyd edilən bütün hallar və qeyd edilən normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli EQ 16400761 nömrəli inzibati tənbeh vermə haqqında qərar İXMnin tələblərinə əməl edilmədən qəbul edildiyi üçün ləğv edilməli və inzibati xəta haqqında iş aidiyyatı üzrə baxılması məsələsinin həlli və Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməsi üçün yenidən Baş Dövlət Yol Polis İdarəsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : Şikayət qismən təmin edilsin. BDYPİ-nin xx.xx.2023-cü il tarixli, EQ-16400761 saylı elektron qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərardan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar